"Turan Tovuz"un prezidentindən iddialı açıqlama

Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev Azərbaycan kubokunun yarımfinal mərhələsində "Zirə"yə uduzduqları ilk oyun (0:2) haqda danışıb.

Sportline.az xəbər verir ki, o, baş hakim Əliyar Ağayevin qərarlarından narazı qaldığını söyləyib. Klub rəhbəri referinin Tovuz təmsilçisinə qarşı qərəzli qərarlar qəbul etdiyini iddia edib: 

"Oyuna Əliyar Ağayevin təyinat aldığını öyrənəndə başımıza belə şedylərin gələcəyindən şübhələnirdik. Biz suyu oturaraq içən hakimlərdən canımızı qurtarmalıyıq. Eybi yox, suyu uzanaraq, tək ayaq üstə içsinlər, amma haqqımızı içməsinlər. 1 illik əziyyətimiz 1 gündə yerə vurulur. Bunlar dəyişməlidir. Xüsusilə Əliyar "Turan Tovuz"un oyunlarına təyinat alanda belə halları gözləyirdik. Çempionatdakı oyunda səhv etmişdi. İnsanıq də. Bizə mesaj göndərildi ki, səhv etmişəm. Futbolçularımızın alın təri, bizim haqqımız Əliyarın haramı olsun. Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm. Amma futbolda belə hallar dəyişməlidir. Bəzi şeyləri dilə gətirməliyik. Danışmadıqca, səssiz qaldıqca Əliyar kimilər oyunları belə idarə edəcəklər, futbolumuzu bu günə qoyacaqlar. Belə olan halda yatırım etməyin də, əziyyət çəkməyin də mənası yoxdur. Azərbaycan futbolunun Əliyar kimilərdən canı qurtarmalıdır.

Epizodları hamınız gördünüz. Futbol ictimaiyyətinin baxmasını, görməsini, "Tura Tovuz" azarkeşlərinin səssiz qalmamasını istəyirəm. Artıq olmaz. Bu il əziyyətimiz boşuna gedir. Biz 2 təlim-məşq toplanışı keçirmişik, çoxlu investisiya etmişik, amma Əliyar kimilər oynamağımıza imkan vermirlər".