"Vadim içib özünü itirib", - deyə şər atmaq yaxşı hərəkət deyil"

Azərbaycanda futbol yarandığı gündən komandalarda qeyri-millətlərin nümayəndələrinin çox olması həmişə diqqət çəkib. Elə “Neftçi"nin 1937-ci ildə SSRİ Kubokunun 1/64 finalında İrəvan “Dinamo"su ilə keçirdiyi ilk rəsmi oyununun protokoluna fikir versək, qarşılaşmada iştirak edən 12 futbolçudan 11-nin qeyri-millətin nümayəndəsi olduğunu görərik. Və ya “flaqman"a 1966-cı ildə “bürünc" qazandıran futbolçuları yada salaq. O vaxt da heyətin əksəriyyəti azərbaycanlı deyildi.

Qeyri-millətlərin nümayəndələri arasında adlarını Azərbaycan futbolunun tarixinə qızıl hərflərlə yazdıranlar az deyil. Anatoli Banişevski, Kazbek Tuayev, Sergey Kramarenko, Vladimir Bruxti, İqor Ponomaryov... Siyahını uzundu. Özü də həmin futbolçuların demək olar ki, hamısı yerli futbolçular olublar. Başqa sözlə, Azərbaycanda doğulub, Azərbaycanda boya-başa çatıblar, futbolçu kimi yetişiblər. Doğrudur, tədricən “Neftçi" başda olmaqla digər komandalarımızda da azərbaycanlı futbolçular üstünlük təşkil etməyə başladılar. Müstəqillik qazandıqdan sonra bu, özünü daha qabarıq göstərməyə başladı. Hər halda son 30 ildə də, bü gün də futbolumuzda belə futbolçulara rast gəlmək mümkündür. Dimitri Kramarenko, Vyaçeslav Lıçkin, İqor Getman, Vladislav Lemiş, Lev Mayorov, Gennadi Drozdov, Dimitri Spirin, Maksim Medvedev... Hamısı bu torpağın övladlarıdır, futbolumuz adına çox işlər görüblər. Belə futbolçulardan biri də yaxın keçmişimizin istedadlı hücumçularından olan Vadim Vasilyevdir. 

Vadim barədə çoxdan yazı hazırlamaq fikrim var idi. 2 ay əvvəl Buzovna çimərliyində təsadüfi görüş və söhbət əsnasında söylədiyi sözlərdən sonra fikrimi qətiləşdirdim. 

- Vadim, bu “domik”lərdə qalan var?

- Hə, var. Bizimkilər yox, amma ruslar çox qalır...

Bizimkilər! Rus millətindən olan birinin özünü azərbaycanlı hesab etməsi kimdə xoş təəssürat yaratmaz.

Vadimlə müsahibəm 3 saata yaxın çəkdi. Özü də Azərbaycan dilində. Sanki bir azərbaycanlı ilə söhbət edirdim. Uşaqlığından, futbola gəlişindən, karyerasından, bir sözlə, həyatından danışdı. Danışmaq ondan, yazmaq məndən, oxumaq isə...

“Azərbaycan dilini öyrənməyimə quşlar səbəb olub"

Vadimin atası Viktor Vasilyeviç əslən bakılı, anası Janna Vladimirovna isə ukraynalıdı. 1970-ci ildə Bakıya qonaq gələn Janna Vladimirovna Viktor Vasilyevlə tanış olub və 1 il sonra evləniblər. 1972-ci il mayın 17-də isə Maştağadakı doğum evində yazımızın qəhrəmanı dünyaya gəlib. Vasilyevlər ailəsində 2 uşaq böyüyüb. Futbol ictimaiyyəti Vadimin kiçik qardaşı Romanı da yaxşı tanıyır. Uzun illərdi futbolumuzda “bayraq qaldıran" Roman Vadimdən 2 yaş kiçikdir.

Vadimin atası çilingər, anası isə mühəndis idi. Hər ikisi Albalılıq deyilən yerdə yerləşən hərbi zavodda işləyirdi. Vadimin 2 yaşı olanda Vasilyevlər ailəsinə zavoddan Buzovnada 4 otaqlı mənzil veriblər. Özünün dediyi kimi o gündən olub kənd uşağı. Kənd Buzovnadan fərqli olaraq yeni tikilən bina evlərində hər millətin nümayəndəsi məskunlaşmışdı. Amma bu, Vadimin “kəndçi" olmasına maneə törətməyib.

- Rus millətindən olan birinin kənddə, özü də köklü bakılılar arasında böyüməsi çətin deyildi?

- Ora köçəndə cəmi 2 yaşındaydım. Yəni, ağlım kəsəndən Buzovnada olmuşam. Binalarda yaşayan ailələr arasında azərbaycanlılar elə də çox deyildi. Həm də o vaxt buna kimsə əhəmiyyət vermirdi. SSRİ dövründə yaşayırdıq axı. Hərçənd indi də elədi. Başqa millətin nümayəndələrinə ayrıseçkilik qoyulmur. 

- Azərbaycan dilində təmiz danışırsan.

- Uşaqlıqdan öyrənmişəm. Azərbaycan dilini öyrənməyimə quşlar səbəb olub (gülür). Buzovnada quşbazlar çox idi. Babam da quşbaz olub. Göyərçin saxlamağa həvəsliydim. 4-cü sinifdə oxuyanda quş saxlamağa başladım. Məhz quşlara görə məcbur olub Azərbaycan dilini öyrəndim. Dili bilmədən kənd yerində bu işlə məşğul olmaq mümkün deyildi.

- Yəni...

- Quşbazların demək olar ki, əksəriyyəti azərbaycanlılar idi. Onlarla daim əlaqədə olurduq. Bu üzdən dili öyrənmək vacib idi. Quşbazların yazılmamış qanunları var. Məsələn, quş uçurdanda istər-istəməz hansısa quş xamlıq edib başqasının ərazisinə düşürdü. Onu geri qaytarmaq üçün gərək danışığa gedərdin. Hər quşun özünün əlamətləri olurdu... neçə xalı, neçə dırnağı, quyruğunda neçə lələyi var, mayadı ya yox, çəpdi ya çil, dimdiyi necədi və s. Yəni, quşxananda olan quşların hamısını yaxşı tanımalıydın. Əks təqdirdə başqasının ərazisinə düşən quşu yiyəsinə qaytarmırdılar. Biz binada yaşayırdıq. Ora isə xam quşlar çox düşürdü. Əsas da azan quşlar gecələr, işıqlı olduğuna görə binalara tərəf gəlirdilər. Ora bizim zona idi. Bizdən icazəsiz heç kim binanın damına çıxa bilməzdi. Həmin quşların sahibləri gec-tez gəlib quşlarını istəyirdilər. Əgər onlarla razılaşmamız var idisə və quşlarının əlamətlərini sadalaya bilirdilərsə, qaytırırdıq. Razılaşmamız olmayanlar isə anlayırdı-lar ki, quş verən deyilik. Ona görə heç gəlmirdilər.

- Quş üstündə dava çox olurdu?

- Nadir hallarda. Quşbazların əksəriyyəti bizdən yaşca böyüklər idi. Bizimlə yaxşı münasibətdə olmağa çalışırdılar. Çünki bilirdilər ki, azan quş “9 mərtəbə"lərin balkonlarına, damına - bizim zonaya uçacaq. Bütün binaların damlarına çıxırdıq. Nə var-nə var quş tutaq. Bu da son deyil. Mərdəkandakı qalanın yanında fabrik var idi. Özü də ora çıxmaq çətin idi. Kəndir atıb qalanın divarlarına dırmaşırdıq. Gecələr ora gedib vəhşi göyərçinləri ovlayırdıq. Əla dadı var. Əsas da döş ətinin. Hələ də damağımda qalıb. İndi əlim gəlmir ovlamağa. 

- Quşların axırı necə oldu?

- Əsgərliyə gedənə kimi saxladım. Qayıdandan sonra isə başım işə-gücə, futbola qarışdı.

- Quşbazlıqdan başqa uşaqlıqda başqa nə ilə əylənirdiniz?

- Nə olsa! Futbol, basketbol, voleybol, “samokat"... Tez-tez dənizə gedirdik, səhərdən axşamacan günümüzü orada keçirirdik. Hamısını da yaxşı bacarırdım. Əsas da üzməyi.

Qaynaqçı, dərzi və futbolçu Vadim

Vadim 7 yaşında 234 saylı məktəbə gedib. 5-ci sinifə kimi əlaçı olan müsahibimin qiymətləri sonradan futbola görə bir qədər “enməyə" başlayıb. 9 yaşında futbolla rəsmi tanışlığı başlayıb. 2-ci sinifdə bir gün orta yaşlı bir kişi siniflərinə gəlib və kimin futbolla məşğul olmaq istədiyini soruşub. Həmin şəxs çoxlarının futbolçu kimi yetişməsində böyük zəhməti olmuş Boris Qriqoryeviç Tibilov idi. Qəsəbədə və yaxın ərazilərdə yerləşən bütün məktəbləri gəzib uşaq yığırmış. Beləcə, balaca Vadim Buzovnadakı “Gənclik" komandasında Boris Qriqoryeviçin rəhbərliyi altında futbol oynamağa başlayıb. Bir qədər sonra Tibilovun təşəbbüsü ilə məktəbdə idman təmayüllü internatlarda olduğu kimi xüsusi sinif yaradılıb. Sinif “Zenit" İdman Cəmiyyətinin nəzdində idi. Bütün xərcləri cəmiyyət qarşılayırdı. Həmin “xüsusi" sinifdəki uşaqların hamısı idmanla məşğul olurmuş. Başqa sözlə, oğlanlar futbolla, qızlar isə voleybolla.

Hücumçu kimi tanıdığımız Vadim əvvəl-əvvəl cinah yarımmüdafiəçisi olub. Buna da səbəb boyunun balaca olması imiş. Təsəvvür edin ki, indi 177 sm boyu olan Vadim sinifdə sıraya düzüləndə axırdan 2-ci dayanırmış. Azərbaycan futbolunda tanınmış Aleksandr Musatkin, Paşa Əliyev, İqor Karyagin, Ruslan Səmədov, Aleksandr Ponomaryov və digərləri Vadimlə bir komandada oynayıblar. Yeri gəlmişkən, adı sonuncu çəkilən 3 nəfər vaxtilə SSRİ yığmasına cəlb olunub. 

Orta məktəbi 1989-cu ildə bitirib. Həmin vaxt respublikada ictimai-siyasi vəziyyət ürəkaçan deyildi. Ermənilərin torpaqlarımıza yersiz iddiası, SSRİ-nin can üstə olması futbolu bir növ arxa plana salmışdı. Belə bir vəziyyət Vadimin futboldan uzaq düşməsinə səbəb olub. Hərbi xidmətə yollanana kimi boş qalmasın deyə avtomobil təmiri sexində dəmirçi və qaynaqçı şagirdi işləməyib.1990-cı ildə isə əsgərliyə çağırılıb. Hərbi xidməti Ukraynada keçib. Poltavada Hərbi Hava Qüvvələrində xidmət edib: “Bizdən sonra SSRİ ordusuna cəmi 1 çağırış oldu. 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra 1-2 azərbaycanlı hərbi hissədən qaçdı. Vəziyyət qarışıq idi deyə heç axtarmadılar da. Mənim təxris olunmağıma az qalmışdı. Ona görə xidmətdən yayınmamaq qərarına gəldim. O vaxt hərbi xidmət 2 il idi. Amma 1992-ci ildə müddətimin başa çatmasına 2 ay qalmış əmrim verildi".

Vadimin hərbi xidmətdən yayınmamasının başqa səbəbi də var idi. Əsgərlikdə ola-ola sevimli peşəsi ilə məşğul olurmuş. Poltavanın “Vorskla" komandası Ukraynanın 1-ci dəstəsində oynayırdı. HHQ-nin futbol turnirində “Vorskla"nın məşqçisi onun oyununu bəyənib və komandasına dəvət edib. Vadim Poltava təmsilçisində təlim-məşq toplanışı keçib. Hərbi xidmət başa çatdıqdan sonra klub rəhbərliyi onunla müqavilə bağlamalı imiş. Amma o, ailə vəziyyəti ilə əlaqədar Bakıya qayıtmalı olub: “Uşaq vaxtı hər il anamın doğulduğu Krıma gedirdik. Dillərini başa düşürdüm, Ukrayna mənə yad yer deyildi. Amma Azərbaycandakı vəziyyət məni geri qayıtmağa məcbur elədi. Orada qalmağı özümə sığışdırmadım”.

- Hərbi xidmətdən yenicə qayıtmış Vadim nə əcəb Qarabağa - cəbhəyə getmədi?

- Səbəbini bilmirəm. Hərbi komissarlıqdan hərbi biletimi götürdüm, mənə heç nə demədilər. Bəlkə də o vaxt Roman Naxçıvanda sərhəd qoşunlarında idi deyə, məni çağırmadılar. Qardaşım orada 4 il xidmət keçib.  

- Könüllü gedə bilərdin.

- Doğru sözümdü, o vaxt bu haqda nə fikirləşdiyim, nə düşündüyüm yadımda deyil. Bir şeyi dəqiq bilirəm, lazım olsaydım, çağırılsaydım, əlbəttə gedib vuruşacaqdım.

Vadim əsgərlikdən qayıtdıqdan sonra bir müddət dərzi işləyib. Kostyum, kombinizon və digər geyim əşyaları tikməklə məşğul olub. Amma ürəyi yenə də futbolla döyünürmüş. Təsadüfi bir görüş onun yenidən futbola qayıtmasına səbəb olub. Bir gün işə gedərkən avtobusda İmamxan Sultani ilə rastlaşıb. Veteran futbolçu və hakim kimi yaxşı tanıdığımız Sultani o vaxt “Tərəqqi"də oynayırmış. İmamxan Vadimə “nə tapmısan, dərzilikdə, sənin yerin meydandı" deyə, futbola qayıtmağı tövsiyə edib. Qərarsız qalan Vadim yalnız 2-3 ay fikirləşəndən sonra qəti qərar verib - futbolçu olacaq: “Əsgərliyə gedəndə çəlimsiz uşaq idim, boyum da balaca. Qayıdanda isə canavar kimi idim. 14 sm boy atmışdım, yaxşı fiziki formadaydım. İmamxanla görüşdən 2-3 ay sonra Buzovnada komanda yaratdılar. “Xəzri"ni nəzərdə tuturam. Komandanın baş məşqçisi rəhmətlik Şamil Heydərov idi. “Canavar"ı əldən buraxmaq olmazdı. Köhnə uşaqların məsləhəti ilə yenidən futbola qayıtdım".

“Xəzri" 1993-ci il mövsümündə 1-ci dəstədə mübarizə aparıb. 2-ci yarımqrupda 32 mümkün xalın 29-nu toplayan Buzovna təmsilçisi Yüksək Dəstə vəsiqə qazanıb. Həmin komandanın heyətində Aleksandr Musatkin, İmamxan Sultani, İlham Qurbanov, Paşa Əliyev kimi buzovnalılarla yanaşı Vadim də var idi.  Təəssüf ki, Vasilyevin 1-ci dəstədəki çıxışı barədə statistik məlumatlar günümüzə çatmayıb. Neçə oyun oynadığı, neçə qol vurduğu özünün də yadında deyil. Yeri gəlmişkən, həmin il reqlamentə görə qrup qalibləri elitaya birbaşa vəsiqə qazanırdılar. Buna baxmayaraq, çempionatın qalibini müəyyən etmək üçün B qrupunda 1-ci olan “Xəzri" A qrupunun qalibi “Avtomobilçi" (Yevlax) ilə qarşılaşmış və 2:0 hesabı ilə qalib gəlmişdi. 

1993/94-cü illər mövsümündə “Xəzri-Eltac" adlandırılan komanda artıq, Yüksək Dəstədə mübarizə aparırdı. 

“Vadim içib özünü itirib deyə, şər atmaq yaxşı hərəkət deyil"

Statistikaya fikir versək, Vadim həmin mövsüm cəmi 12 oyunda meydana çıxıb və qol vurmayıb. Say azlığının səbəbi xəstəlik olub. Sarılıq turan Vadim 6 ay futboldan kənarda qalıb. Müalicədən sonra sıraya qayıdan hücumçu növbəti mövsüm Maştağanı təmsil edən “Bakı fəhləsi"nə keçib.

- Maraqlıdır, Vadimin ilk maaşı nə qədər olub?

- “Xəzri"də 10 min rubl idi. Müqayisə üçün deyim ki, dərzi kimi ayda 4 min qazanırdım. Amma sonradan məcbur olub artırdılar. 3 oyun əsas heyətdə meydana çıxmışdım. Digər futbolçuların maaşları məndən çox idi. Pul veriləndə 10 mini götürmədim, pulumu artırmağı tələb etdim. Yoxsa, komandadan gedəcəyimi bildirdim. Bundan sonra 20 min verdilər. 

- “Bakı fəhləsi"nə keçidinə səbəb nə oldu? Pul? Axı, Maştağa ilə Buzovna komandaları barışmaz rəqiblər sayılırdılar.

- “Xəzri"də maliyyə problemləri var idi. Maaşlar gecikirdi. Mövsüm başa çatan kimi “Bakı fəhləsi"ndən təklif gəldi. Şərtlər əla olsa da, “Xəzri"ni tərk etmək istəmirdim. Əks cəbhəyə keçməyi özümə sığışdırmırdım. Axır ki, daşı ətəyimdən töküb “Bakı fəhləsi"nə keçdim.

- Və 4 il həmin komandada qaldın. Buzovnalıların qəzəbinə tuş gəlməmişdin?

- Yox. Hər şeyi normal qarşıladılar. Buna görə kimsə məni qınamadı da. Amma sizə bir şey də deyim. Bunu çoxları bilmir, “Bakı fəhləsi"ndə oynayanda arada bir müddət legioner həyatı yaşamışam.

- Ukraynada.

- Bəli. Ora getməyimin səbəbkarı Vladimir Kopeykin idi. Kremençukun “Neftoximik" komandası var idi, 1-ci dəstədə mübarizə aparırdı. Ora baxışa çağırdılar. Amma ortaya başqa problem çıxdı. Müəyyən səbəblərə görə, “Neftoximik"lə birbaşa müqavilə bağlaya bilməzdim. Belə məsləhət gördülər ki, digər yerli klubla müqavilə bağlayıb sonra ora keçim. Donetsk əyalətini təmsil edən “Medita" (Şaxtyorsk) ilə anlaşıb, oradan “Neftoximik"ə qayıtmalı idim. Elə oldu ki, Kremençuk təmsilçisinin baş məşqçisi və prezidenti avtomobil qəzasında dünyasını dəyişdi. Yeni gələn məşqçi komandaya özününkiləri gətirdi, mənə ehtiyac duymadı. Bundan istifadə edən “Medita" məni komandada saxladı. “Medita"ya Ukrayna çempionatının 2-ci dövrəsində qoşulmuşdum. Doğrudur, əsas heyət üzvü deyildim. Amma 2 qol vura bilmişdim. Qışdan sonra yeni mövsümdə isə artıq əsas heyətdə oyunlara çıxırdım. 1-ci dövrədən sonra 15 oyuna 13 qol vurmuşdum. 

- “Şaxtyorsk"dan ayrılmağının səbəbi nə idi? Orada qalmaqla daha da irəli gedə bilərdin.

- Ailə vəziyyəti ilə bağlı Bakıya dönməyə məcbur oldum. Yenidən qayıtdım “Bakı fəhləsi"nə. 

Söhbətin bu yerində haşiyə çıxmaq zərurəti yaranır. “Medita" 1994/95-ci illər mövsümündə Ukrayna birinciliyinin 2-ci dəstəsində çıxış edib və 22 komanda arasında 7-ci olub. Növbəti mövsüm 43 komandanın yarışdığı 2-ci liqada “Medita" “B" qrupunda yerləşib. Mövsümün gedişində komandanın adı “Şaxtyorsk"a dəyişdirilib. Çempionatın sonuna yaxın isə “Metallurq" adlandırılıb. Daha dəqiq desək, “Metallurq" “Şaxtyorsk"un bazasında yaradılıb. Bir vaxtlar Ukraynanı UEFA Kubokunda təmsil edən “Metallurq" 2015-ci ildə iflasa uğrayaraq tarixin yadaşına köçüb.

Vadim Premyer Liqada 13 mövsüm iştirak edib. Bu illər ərzində 7 komandada - “Xəzri", “Bakı fəhləsi", “ANS Pivani", “Neftçi", “Qarabağ", “Bakı", “Karvan" və “Olimpik"də forma geyinib. Ümumilikdə 251 oyunda meydanda olan futbolçu 102 qol vurmaqla müstəqillik illərindəki ən yaxşı bombardirlər arasında Xaqani Məmmədovla 8-9-cu yerləri bölüşür. Bir mövsümdə ən çox qolu “ANS Pivani"də çıxış edərkən vurub. Bu, 1998/99-cu illər mövsümündə baş verib. 32 oyunda meydana çıxan Vasilyev 19 qol vurmaqla bombardirlik yarışında “Viləş"in futbolçusu Alay Bəhramovdan 5 top geri qalıb. Əslində, Vadim həmin il bombardir olmağa çox yaxın imiş. İşləri 7-10-cu yerlər uğrunda yarışan “Viləş"in “Turan"la oyununda qeydə alınan nəticə korlayıb - 6:6(!). Özü də Masallı təmsilçisinin heyətində bütün qolların Alay vurub (!). Düzü, bu haqda mətbuatda zaman-zaman çox yazılıb, oyunun danışılmış olması iddia edilib. Həm də Alayın bombardir olması üçün 6 qol vurmasının əvvəldən planlaşdırıldığı vurğulanıb. Amma bütün bunlar təsdiqini tapmayıb. Ona görə də matçın nəticəsi və Bəhramovun qolları silinməyib.

Vasilyev bir daha 2003/04-cü illər mövsümündə 17 qolla bombardirliyə yaxın olub. O, bu dəfə “Qarabağ-Azərsun"un hücumçusu Samir Musayev (20 qol) və “Şəmkir"li Kənan Kərimovdan (19) azacıq geri qalıb. 

Əsas uğurları “Neftçi"nin adı ilə bağlıdır. “Flaqman"la 1 dəfə çempion olub, 2 dəfə isə ölkə kubokuna sahib çıxıb. Daha bir çempionluğunu “Bakı"da qazanıb. 2006/07-ci illər mövsümü Vadimin karyerasında sonuncu olub. Mövsümə “Olimpik"də başlayan Vadimin son klubu “Karvan"dı. Doğrudur, daha bir il adı 1-ci dəstədə çıxış edən NBC-də gedib. Amma heç bir oyunda meydana çıxmayıb. 

- Deyilənə görə, karyeranı bitirməyinə içki səbəb olub.

- Desinlər də. İçməyinə içirdim. Amma qədərində. Onsuz da hərdən oyunlardan sonra komanda yoldaşlarımla oturub yeyib-içirdik. Məndən başqa içən futbolçular da var idi. Vadim içib özünü itirib deyə, şər atmaq yaxşı hərəkət deyil. Bir müddətdir içkini tamam atmışam, amma yenə də qulağıma söz çatır ki, Vadim içkini tərgitməyib. 

- Çox məşqçilərlə işləmisən. Ən rahat məşqçi kim idi?

- Əhməd Ələsgərov. “Neftçi"də və millidə məşqçim olub. Futbolçularla söhbətləri, oyunlardan əvvəl “ustanovka"ları ləzzət edirdi.

- Bəs, ən çətin?

- Eləsi də olub. Amma adını deməsəm yaxşıdı. Yaxşı məşqçi idi. Gəl ki, dediklərini başa düşmək olmurdu.

- Futbolda ən yaxın dostun kim olub?

- Kiminlə oynamışam hamısı. Heç kimlə pis münasibətdə olmamışam. Yəni, kampaniyadan kənarda qalmamışam. Heç kim deyə bilməz ki, Vadim bizə qarşı pis olub.

- Hansı futbolçu ilə bir-birinizi bir baxışdan başa düşürdünüz?

- Bəxtiyar Musayev, İsmayıl Məmmədov, Vidadi Rzayev...

- Premyer Liqada 102 qol vurmusan. 100 qol həddini keçmək heç də hər hücumçuya qismət olmur.

- Hə, 102 qol az deyil və bu, həm də hər hücumçuya qismət olmur. Aralarında yaddaqalanları az deyil. Ən yaddaqalan qolum Bakıda Slovakiyaya vurduğum qoldu. Topqarışıq qapıya girdim. O qol bizə çox lazım idi. Hə, bir də “Neftçi"də oynayanda cərimə meydançasının küncündən başla əla qol vurmuşdum. Hakim Xaqani Məmmədov hesaba almadı. Guya mübarizəyə qalxanda qaydanı pozmuşdum. O gözəllikdə qolu zay elədi.

- Hakim demişkən, onlarla münasibətin necə olub?

- Qardaşım hakim olduğu üçün onların vəziyyətlərini yaxşı başa düşürdüm. Ona görə də hamısı ilə yaxşı münasibətdə olmağa çalışmışam. Nadir hallarda cəzalandırılmışam. Cəmi 1 dəfə qırmızı vərəqə almışam. O da “Bakı"da oynayanda “Olimpik"lə kubok oyununda. Rəqib futbolçu mənə qarşı kobudluq etdi, getrim cırıldı. Hakim oyunu saxlamadı. Özümdən çıxıb həmin futbolçuya sürüşmə fəndi etdim. Hakim də bildi ki, onu “sındırmaq" istəyirdim. 

- Bəs, özün çox “sınmısan"?

- 2-3 dəfə olub. “Bakı fəhləsi"ndə oynayanda körpücük sümüyümü sındırmışam. Bir dəfə də “Neftçi"də olanda başıma 7-8 tikiş qoymuşdular.

- Azərbaycanda sənin üçün arzuolunmaz müdafiəçi var idi?

- Yox. Hər futbolçunun zəif cəhətləri olurdu. Onlardan istifadə etməyə çalışırdım. Amma biri var idi. Cavan olanda Elşad Əhmədovdan çəkinirdim. O da “Bakı fəhləsi"ndə oynayanda Elşadın səhvindən qol vurundan sonra həmin qorxu yoxa çıxdı.

- Keçilməz qapıçı necə?

- Yaşıdlarım və məndən yaşca böyük olanların hamısına qol vurmuşam. Ən çox Faiq Əzizovu məyus etmişəm. Doğrudur, qol vurmadıqlarım da var. Əsasən məndən gənc qapıçılardı. Hansılar ki, karyeramın axırlarında onlar yeni-yeni oynamağa başlayırdılar. Bir də Vladimir Kopeykinə qol vura bilməmişəm. Bilirsiniz niyə? Çünki mənimlə komanda yoldaşı idi. Sonradan köçüb getdi, canını əlimdən qurtardı (gülür).

- Uzun saçlarına görə səni çoxmu qınayıblar?

- Saçlarımı əsgərlikdən qayıdandan sonra uzatmağa başladım. Özümü məşhur çilili futbolçu İvan Samaranoya oxşatmaq istəyirdim. İlk vaxtlar kənardakılar mənə birtəhər baxırdılar. Şəhərdə gəzəndə məni əcnəbi hesab edib dodaqaltı söyənlər də var idi. Day bilmirdilər ki, dediklərinin hamısını başa düşürəm. Fikir vermirdim. Sonradan hamı alışdı. Bu gün uzun saçlı kişilərə addımbaşı rast gəlmək mümkündür. 

- “Vorskla" ilə bağlı sualım var. Bir vaxtlar səni heyətinə qatmaq istəyən “Vorskla"nın Avroliqada “Qarabağ"ın rəqib olduğun biləndə hansı hisslər keçirdin?

- Əsgərliyim yadıma düşdü. Poltava mənə yad şəhər deyil, ora yaxşı bələdəm. Yəqin ki, şəhər indi çox dəyişib. “Vorskla"ya gəlincə, illər əvvəl o komandada oynaya bilərdim. Amma Bakıya qayıtmağı üstün tutdum. Düzü, Ukrayna çempionatını izləmirəm, orada baş verənlərdən xəbərsizəm. “Vorskla"nın “Qarabağ"la Bakıdakı oyunun yəqin ki, stadiondan izləyəcəm. Nə qədər olmasa, mənə doğma şəhərin komandasıdı. 

“Uçan” milyon və “Monako”nun prezidenti

İlk dəfə 1998-ci ildə milliyə dəvət alan Vadim 35 oyunda yığmanın formasını geyinib. Bu oyunlardan 19-u dünya və Avropa çempionatlarının seçmə mərhələlərinə təsadüf edir. Nazim Süleymanov, Vəli Qasımov, Samir Əliyev, Qurban Qurbanov, Samir Musayev, Fərrux İsmayılov, Zaur Ramazanov... Etiraf edək ki, belə hücumçuların olduğu bir dövrdə 35 oyunda millinin şərəfini qorumaq az deyil. Amma vurduğu qollar oyun sayına nisbətdə azdır. Cəmi 2 qol. Hər ikisini də Slovakiyanın qapısından keçirib. Həmin qollar Vadimin karyerasında dönüş nöqtəsi ola bilərmiş. Belə ki, Slovakiya ilə səfər qarşılaşmasından sonra oyunu izləyən alman menecer ona Almaniya Bundesliqasında oynamağı təklif edib. AFFA prezidenti, rəhmətlik Fuad Musayevin razılığını alandan sonra Almaniyaya yollanan Vadim “Enerji"nin 2 təlim-məşq toplanışında iştirak edib. Sonuncu toplanışda klubla müqavilə bağlamağa hazır olan Vasilyevin dizində çarpaz bağlar qopub. Özünün dediyi kimi “1 milyon avro “uçdu"! Legioner həyatından söz düşmüşkən, “" Medita"dan sonra qısa müddətə olsa da, karyerasını ölkə xaricində davam etdirib. 2003-cü ildə Simferopolun “Tavriya"sında 3 oyun meydana çıxan Vadimin rəhbərliklə sözü düz gəlməyib və Azərbaycana qayıdıb.

Vadimin atası 2003-cü ildə ürəktutmasından vəfat edib. Anası qardaşı Roman ilə yaşayır. Romanı da yaxşı tanıyırıq. O, uzun müddətdir ki, daxili çempionatda laysmanlıq edir. Vadim 2000-ci ildə ailə həyatı qurub. Evlənməyinin maraqlı tarixçəsi var. 1999-cu ildə “Neftçi"də oynadığı vaxt komanda Bədən Tərbiyəsi Akademiyasını stadionunda məşq keçirmiş. Ruslan Musayevin həyat yoldaşı rəfiqəsi ilə məşqi izləyirmiş. Azərbaycanlı xanımdan xoşu gələn Vadim Ruslandan qızın kim olduğunu soruşub. Daha sonra tanışlıq və... Vadim 1 il sonra noyabrın 22-də həmin qızla ailə həyatı qurub. 1 övladları var – 2002-ci ildə Timur anadan olub. Timur futbolla məşğuldur, “Keşlə"nin U-17 komandasının futbolçusudur. Atasının yolunu necə davam etdirəcəyini zaman göstərəcək. Vadim oğlunu futbolçu kimi görmək istəsə də, hər şeyin Timurdan asılı olduğunu deyir: “Yaxşı futbolçunun oğlu olmaq o demək deyil ki, sən də mütləq futbolçu olacaqsan. Hərdən mənə deyirlər ki, niyə oğluna kömək etmirsən? Məgər mənə kimsə kömək edib? Oynayacaqsa, daha da irəli gedəcək. Oynamayacaqsa... Mənim üçün Timurun təhsili də əsasdı. Yaxşı yerdə təhsil alır, yaxşı oxuyur. Hər şey özündən asılıdır. Mənə ancaq arzularını həyata keçirmək üçün ona şərait yaratmaq qalır". 

Müsahibənin gedişinlə “yolüstü" futbolumuzun indiki durumuna da toxunduq. Futbolumuzun vəziyyəti kimi razı salır ki, Vadimi də qane etsin: “Biz uşaq olanda indiki şərait yox idi. “Elektriçkada" vaqondan vaqona tullana-tullana gedirdik ki, konduktorun əlinə keçməyək. Buts, forma tapammırdıq. Amma futbola maraq çox idi. İndi uşaqların oynadığı şəraiti görəndə düşünürəm ki, o vaxt bizə belə şərait yaradılsaydı... Futbolun ümumi vəziyyəti də ürəkaçan deyil. Bəlkə də bundandır ki, yaxşı futbolçu yetişmir. Hərdən düşünürəm ki, o vaxtkı Vadim indi olsaydı nə edərdi? Cavabı sadədir, istənilən komanada rahat, gözüyumulu oynaya bilərdi".

Vadimlə çox mövzuda söhbət etdik. Hamısın yazmaq olmur. 2 dəfə ağır avtomobil qəzasına düşən Vasilyevin hər 2 halda bəxti gətirib. Avtomobillər “ələ gəlməsə də", canını zədəsiz-filansız qurtara bilib. Sükan arxasında içkili olub? Xeyr! Yenidən içki mövzusuna qayıtmalı oluruq. Azacıq əsəbi halda bayaq dediklərini bir daha təkrar edir: “Gizlətməyəcəm, bir ara içkiyə meyilli olmuşam. Amma qədərini də bilmişəm. Bu da depressiyaya düşməyimdən irəli gəlirdi. Bilirəm, səhv addım idi. Amma çıxış yolunu içkidə görürdüm. Bir daha təkrar edirəm, qədərini bilmişəm. Heç kim deyə bilməz ki, Vadim içkili vəziyyətdə nə vaxtsa artıq-əskik hərəkət edib. Tez-tez kilsəyə gedirəm. Müsəlman olmaq istəyimin olub-olmaması barədə sual verəcəyini bilirəm. Düzü, bu haqda düşünməmişəm. Məncə, provaslav kimi qalsam yaxşıdı. Əsas odur ki, özümü azərbaycanlı hesab edirəm. Burada doğulmuşam, burada boya-başa çatmışam. Görünüşcə də heç rusa oxşamıram. Dəfələrlə Azərbaycanı tərk edib Ukraynaya, Rusiyaya köçmək imkanım olsa da, vətənimdə qalmışam. Özümü Azərbaycandan kənarda təsəvvür edə bilmirəm. Qısası, məni əminliklə azərbaycanlı Vadim kimi təqdim edə bilərsiniz".

Azərbaycanlı Vadim haqqında bu qədər. 48 yaşlı veteran bu gün də futbolun içindədir. “Kazbek Tuayevin məktəbi"ndə məşqçilik edir. Futbolumuza daha çox xeyir verə biləcəyini söyləyən Vadimi onun kimi bir çox veteranların işsiz qalması sıxır. Bu da təbii ki, futbolumuzun bu günkü ağır vəziyyətindən irəli gəlir... 

Yazını minor notda deyil, Vadimin başına gələn baməzə əhvalatla bitirmək daha yaxşı olar. Deməli, 5 il əvvəlin söhbətidi. 2013-ci ilin avqustunda Fransanın “Monako" klubunun rəhbər postunda dəyişiklik olur. Bir rus biznesmen klubun vitse-prezidenti və direktoru təyin olunur. Həmin şəxs Vadim Viktoroviç Vasilyev idi. Bu təyinatdan sonra bizim Vadimə o qədər zəng olur ki. Hətta illərdi unutduğu “dostları" onu axtarmağa başlayır. Təbriklərdən sonra bəziləri iş istəyir, bəziləri məsləhət verir. Vəziyyətdən xəbərsiz olan Vadim bu “həna"nın o “həna"dan olmadığın bildirəndə həmin “dost"ların halına acımaq qalırdı...

Söhbətləşdi: İlqar TAĞIYEV

“Het-trik news” qəzeti

 

Vadim Vasilyevin statistik göstəriciləri:

Mövsüm        Komanda      Oyun Qol     

1993/94       “Xəzri”          12    0

1994/95       “Bakı fəhləsi”     11    3

1995/96       “Bakı fəhləsi”     12    8

1996/97       “Bakı fəhləsi”     15    5

1997/98       “Bakı fəhləsi”     22   14

1998/99       “ANS Pivani”      32   19

1999/00       “Neftçi”        21    8

2000/01       “Neftçi”         17    4

2001/02       “Neftçi”        21    3

2003/04       “Neftçi”        19   17

2004/05       “Qarabağ”        28   12

2005/06       “Bakı”                22    7

2006/07       “Karvan”        10    2

2006/07       “Olimpik”            9     0         

Cəmi:        251  102

Milli komandada 35 oyun (2 qol) keçirib. Bunlardan 19 oyun (2 qol) dünya və Avropa çempionatlarının seçmə mərhələlərinə təsadüf edir.