"Qol şanslarını qaçırmağımız həyəcanla bağlı idi"
"Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 30-cu turunda "Qarabağ"a məğlub olduqları matç (1:2) haqda danışıb.
Sportline.az xəbər verir ki, baş məşqçi rəqibin üstünlüyünü qeyd edərək ikinci hissənin əvvəlində buraxılan erkən qolun komandanın planlarını pozduğunu vurğulayıb:
"Ümumilikdə çox ağır oyun oldu. "Qarabağ" matçın böyük bir hissəsində təşəbbüsü öz əlində saxladı. Xüsusilə ikinci hissənin dərhal əvvəlində qapımızda gördüyümüz qol oyunumuza ciddi təsir göstərdi. Sonda vəziyyəti düzəltmək üçün müəyyən cəhdlərimiz olsa da, təəssüf ki, istədiyimiz nəticəni ala bilmədik".
Mütəxəssis matç ərzində əldə edilən real qol imkanlarının boşa verilməsini ikincilik uğrunda mübarizənin yaratdığı psixoloji təzyiqlə əlaqələndirib:
"Fikrimcə, qol şanslarını qaçırmağımız birbaşa həyəcanla bağlı idi. Əgər həmin şanslardan yararlana bilsəydik, bu gün tamamilə başqa bir nəticə ola bilərdi. İkinci yer uğrunda mübarizə aparmağımız və nəzəri baxımdan buna hələ də şansımızın olması futbolçularda istər-istəməz əlavə həyəcan və gərginlik yaratmışdı".
Kurban Berdiyev təxminən il yarımdır zədə səbəbindən yaşıl meydanlardan uzaq qalan Denis Marandiçinin vəziyyətinə də aydınlıq gətirib:
"Onun əməliyyatı yaxşı keçib. Ümid edirik ki, o, növbəti mövsümdən etibarən yenidən komandamıza qoşulacaq".