"Vüqar Həşimov" Avropa Kubokunda məğlub oldu

Şimali Makedoniyanın Struqa şəhərində şahmat üzrə klublararası Avropa Kuboku turniri davam edir.

Sportline.az xəbər verir ki, turnirdə üçüncü turun qarşılaşmaları baş tutub. Azərbaycanı təmsil edən "Vüqar Həşimov" klubu İsrailin "Beer Şeva" kollektivi ilə üz-üzə gəlib.

Əvvəlki turlarda müvafiq olaraq İrlandiyanın "Qonzaqa" və Moldovanın "Perfekt" komandalarını böyük hesabla üstələyən təmsilçimiz bu dəfə məğlubiyyətlə barışmalı olub - 2:4.

Nəticədə komandamız dörd pillə geriləyərək turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Hesabında 4 xal olan "Vüqar Həşimov" növbəti matçını heyətində Nicat Məmmədovun da yer aldığı İspaniyanın "Silla" kollektivinə qarşı keçirəcək.

Qeyd edək ki, İsveçrə sistemi üzrə 7 turdan ibarət Avropa Kubokuna sentyabrın 25-də yekun vurulacaq. Turnirin mükafat fondu 44 min avrodur.

Klublararası Avropa Kuboku
III tur

"Vüqar Həşimov" (Azərbaycan) - "Beer Şeva" (İsrail2:4
Rauf Məmmədov - Viktor Mixalevski 0,5:0,5
Kiril Şevçenko - Tamir Nabati 0:1
Vüqar Əsədli - Mixail Roiz 0,5:0,5
Aydın Süleymanlı - Maksim Rodşteyn 0,5:0,5
Ülvi Sadıqov - Yevgeni Postni 0,5:0,5
Murad İbrahimli - Nitzan Steynberq 0:1