"Vüqar Həşimov" Avropa Kubokunun bürünc medalını qazandı
Azərbaycanı təmsil edən "Vüqar Həşimov" komandası Şimali Makedoniyanın Struqa şəhərində təşkil olunan şahmat üzrə klublararası Avropa Kuboku turnirinin bürünc medalını qazanıb.
Sportline.az xəbər verir ki, kollektiv son - yeddinci turda yarışın ən reytinqli komandası yerli "Alkaloid"lə qarşılaşıb. Reytinqdə doqquzuncu olan təmsilçimiz Şəhriyar Məmmədyarovun da heyətində yer aldığı rəqibini 3,5:2,5 hesabı ilə məğlub edib.
Birinci lövhədə oynayan Rauf Məmmədov və Şəhriyar Məmmədyarov 14-cü gedişdə heç-heçəyə razılaşıblar. Kiril Şevçenko Samuel Şenklendlə, Vüqar Əsədli Danil Dubovla "sülh bağlayıb". Aydın Süleymanlı Yuri Krivoruçkonu, Ülvi Sadıqov Ernesto İnarkiyevi yenib. Sonuncu lövhədəki şahmatçımız Əhməd Əhmədzadə isə Aleksandr Predkeye uduzub.
Beləliklə, xallarını 11-ə çatdıran "Vüqar Həşimov" üç pillə irəliləyişə nail olaraq 38 kollektiv arasında üçüncü yeri tutub.
Turnirin qalibi hesabına 13 xal yazan Rusiyanın "Mednıy Vsadnik" klubu olub. Gümüş medala isə 12 xalla Çexiyanın "Novı Bor" komandası sahib çıxıb.
9 xal toplayan "Alkaloid" və Nicat Abbasovlu "Silla" (İspaniya) müvafiq olaraq 8-9-cu pillədə qərarlaşıblar.
Xatırladaq ki, ilk iki turda İrlandiyanın "Qonzaqa" və Moldovanın "Perfekt" komandalarını böyük hesabla üstələyən təmsilçimiz sonrakı görüşündə İsrailin "Beer Şeva" klubuna uduzub. Dördüncü turda "Silla" ilə "sülh bağlayan" kollektivimiz ardınca Fransanın "Asnieres" və Serbiyanın "Sloven Ruma" klublarını böyükhesablı məğlubiyyətə uğradıb.