"Vüqar Həşimov" Şəhriyar Məmmədyarovun komandasına qarşı
Şimali Makedoniyanın Struqa şəhərində təşkil olunan şahmat üzrə klublararası Avropa Kuboku turnirinə bu gün yekun vurulacaq.
Sportline.az xəbər verir ki, Azərbaycanı təmsil edən "Vüqar Həşimov" klubu son - yeddinci tur çərçivəsində ağ fiqurlarla heyətində Şəhriyar Məmmədyarovun da yer aldığı Şimali Makedoniyanın "Alkaloid" kollektivi ilə qarşılaşacaq.
Nicat Abbasovlu "Silla" (İspaniya) isə qara fiqurlarla Çexiyanın "Novı Bor" klubu ilə münasibətləri aydınlaşdıracaq.
"Vüqar Həşimov" 9 xalla 38 kollektiv arasında 6-cı sırada qərarlaşıb. Eyni sayda xal toplayan "Alkaloid" və "Silla" müvafiq olaraq dördüncü və beşinci yerdədirlər. Sıralamaya hesabına 11 xal yazan Rusiyanın "Mednıy Vsadnik" klubu başçılıq edir.
Xatırladaq ki, ilk iki turda İrlandiyanın "Qonzaqa" və Moldovanın "Perfekt" komandalarını böyük hesabla üstələyən təmsilçimiz sonrakı görüşündə İsrailin "Beer Şeva" klubuna uduzub. Dördüncü turda "Silla" ilə "sülh bağlayan" kollektivimiz ardınca Fransanın "Asnieres" və Serbiyanın "Sloven Ruma" klublarını böyükhesablı məğlubiyyətə uğradıb.
Komandamızın heyətində Rauf Məmmədov, Kiril Şevçenko, Vüqar Əsədli, Aydın Süleymanlı, Ülvi Sadıqov, Əhməd Əhmədzadə və Murad İbrahimli yer alıb. Kapitan Anar Allahverdiyevdir.
Klublararası Avropa Kuboku
VII tur
"Vüqar Həşimov" (Azərbaycan) - "Alkaloid" (Şimali Makedoniya)