Zubir qarşıdakı oyunları dəyərləndirdi

"Qarabağ"ın futbolçusu Abdullah Zubir açıqlama verib.

Sportline.az xəbər verir ki, "CBC Sport"a danışan yarımmüdafiəçi Premyer Liqada "Neftçi" və Avropa Liqasında "Olimpiakos"la matç haqda fikirlərini söyləyib:

"Mövsüm ərzində bütün oyunlara ciddi hazırlaşır, məşq edirik. Əvvəlcə "Neftçi", sonra "Olimpiakos"la oyunumuz var. Çalışacağıq ki, bu matçlarda yaxşı formada olaq".

30 yaşlı futbolçu Avropa Liqasının qrup mərhələsinin ikinci turunun "Nant"la oyununda qol vurmasını fərqləndirib:

"Fransalıyam. Karyeramın böyük hissəsini burada keçirmişəm. Gəldiyin ölkənin komandasına qol vurmaq xüsusidir. Bu, möhtəşəm hissdir".

Zubir "Qarabağ"da ən unudulmaz və ən məyus olduğu oyunu deyib:

"Konfrans Liqasının qrup mərhələsində "Kayrat"la oyun (2:1) möhtəşəm alınmışdı. Komanda tarixində ilk dəfə qrupdan çıxmışdı. Hava soyuq idi və matç çətin keçmişdi. Ən çox məyus olduğum isə "Viktoriya" ilə matç (2:1) oldu. Çempionlar Liqasına getməyə yaxın idi, ancaq olmadı. Qismət".

Zubir 2018-ci ildə "Lans"dan "Qarabağ"a keçidindən də danışıb:

"Bura gəlməzdən əvvəl Azərbaycan futbolu haqda məlumatım yox idi. Burada oynayan tanışım var idi və bura gəlməli olduğumu dedi. Çox düşünmədim və təklifi qəbul etdim".