"2019 və 2020-ci illər cüdo üçün ağır illərdir" - Sadıq Sadıqov

"2018-ci il cüdo ailəsi üçün önəmli oldu. Məhz bu il ilk dəfə olaraq Azərbaycanda cüdo üzrə dünya çempionatı keçirildi və bu yarışı çox yüksək səviyyədə təşkil etdik”.

SportLine.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Sadıq Sadıqov qurumun 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat konfransından sonra brifinqdə deyib. O, bildirib ki, ACF 2018 və 2019-u olimpiya ili elan edib: "Bütün iştirakçı ölkələr Bakıda keçirilən dünya çempionatının ən yüksək səviyyəli yarışlardan biri olduğunu vurğuladılar. Düzdür, qələbələrimizlə yanaşı, bəzi idmançılarımız gözləmədiyimiz halda, məğlub oldular. Buna baxmayaraq, nəticəni qənaətbəxş hesab etmək olar. Bir gümüş və bir bürünc medal qazandıq. Qarşıdan 2020-ci il Tokio Yay Olimpiya Oyunları gəlir. Orada tam heyətlə iştirak etmək üçün yaxşı hazırlıq keçməyə çalışacağıq. 2019 və 2020-ci illər cüdo üçün ağır illərdir. Olimpiadada iştirak etmək üçün idmançılar dünya reytinqində ilk "25-liy”ə düşməlidirlər. Bundan ötrü dünya və Avropa Çempionatlarında, Qran Pri və "Böyük Dəbilqə” kimi yarışlarda xal qazanmaq lazımdır. ACF 2018 və 2019-u olimpiya ili elan edib”.

S.Sadıqov deyib ki, ACF Azərbaycan cüdoçularının 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında bütün çəki dərəcələrinə təmsil olunmalarına çalışacaq: "Cüdo bütün dünyada ən popluyar idman növlərindən biridir. Ona görə də bütün çəki dərəcələrində olimpiadaya vəsiqə qazanmaq çox çətin olacaq. İdmançılarımızın yarışda 10 çəki dərəcəsində iştirak etməsi üçün üçün çalışacağıq. Bildiyiniz kimi, 7 kişi və 3 qadın çəki dərəcəsi var. Azərbaycdan bəzi olimpiadalarda qadın cüdoçu iştirak etməyib. Bu dəfə hər üç çəkidə təmsil olunmağa səy göstərəcəyik. Həmçinin qarışıq komanda yarışında yer alacağıq”.

Qeyd edək ki,bu gün ACF-in 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat konfransı keçirilib.