7 boksçumuz finalda

Rumıniyanın Georgeni şəhərində yeniyetmə və məktəbli boksçular arasında keçirilən beynəlxalq turnirdə yarımfinal döyüşləri başa çatıb.

Sportline.az xəbər verir ki, bu mərhələdə Azərbaycan millisinin 7 idmançısı mübarizə aparıb və hər biri rinqdən qələbə ilə ayrılaraq finala yüksəlib.

Ağası Məmmədovun rəhbərlik etdiyi yeniyetmə oğlanlardan ibarət yığmamızın heyətində Tacı Nəsibov (50 kq) 1/2 finalda Marian Petracı (Rumıniya) sınağa çəkib. Boksçumuz rəqibini 4:1 hesabı ilə məğlub edib. O, qızıl medal uğrunda döyüşdə rumıniyalı Daniel Melensiusla qarşılaşacaq.

54 kq çəki dərəcəsində qüvvəsini sınayan Məhəmmədəli Aşırəliyev də yarımfinalda ev sahibinə qalib gəlib. O, Geba Mihai ilə dueldən 5:0 hesablı üstünlüklə ayrılıb. Aşırəliyev finalda Florin Kaldararu (Rumıniya) ilə döyüşəcək.

Məhəmmədəli Qasımzadə (57 kq) yarımfinalda Georgios Pleasla (Yunanıstan) qarşılaşıb. Döyüş Avropa birinciliyinin mükafatçısı olan boksçumuzun qələbəsi ilə bitib – 5:0. O, finalda bolqarıstanlı Viktorio İliyevlə gücünü yoxlayacaq.

Baş məşqçi Yadigar Məmmədov rəhbərlik etdiyi qızlardan ibarət millinin heyətində Aysu İsmayılova (46 kq) yarımfinal mərhələsini döyüş keçirmədən adlayıb. Buna onun rəqibi Florentina İonelanın rinqə buraxılmaması səbəb olub. Rumıniyalı idmançının çəkisi artıq olduğu üçün boksçumuz qalib elan edilib. Aysu birinci yer uğrunda qarşılaşmada kiprli Kristina Nzaraqianı sınağa çəkəcək.

Nərmin Əlizadə (50 kq) Kristina Kaldarariudan (Rumıniya) güclü olub. O, 4:1 hesabı ilə qələbə qazanıb. Təmsilçimiz finalda Maria Petraçe (Rumıniya) ilə üz-üzə gələcək.

Aynur Mikayılova (52 kq) Angelika Kojosarudan (Rumıniya) güclü olub. O, 5:0 hesabı qələbə ilə qələbə qazanaraq finala yüksəlib. İdmançımız həlledici qarşılaşmada yunanıstanlı İoanna Kantzari ilə döyüşəcək.

Emili Rzayeva (66 kq) bolqarıstanlı Tatyana Lyubenovanı məğlub edib. 5:0 hesabı ilə qalib gələn boksçumuz çempionluq döyüşündə Maria Tanasesku (Rumıniya) ilə üz-üzə gələcək.

Qeyd edək ki, 12 ölkədən 200-dən artıq idmançının qatıldığı yarışda boksçularımız final döyüşlərinə iyunun 26-da çıxacaqlar.