AIJF prezidenti istefasının səbəbini açıqladı

Xəbər verdiyimiz kimi bu gün Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) İdarə Heyətinin növbəti iclasında qurumun prezidenti Qabil Mehdiyevin, vitse-prezident Mahir Rüstəmlinin, İdarə Heyətinin üzvləri Cəmaləddin Rəhmanov, Fərid Mansurov və Ellada Mustafayevanın istefaları səsvermə ilə qəbul edilib.

Qabil Mehdiyev Sportline.az saytına açıqlamasında istefasının səbəbini belə izah edib: "İşimin həddən artıq çox olması səbəbindən təşkilatın fəaliyyətinə vaxt ayıra bilmirəm. Digər tərəfdən də, hazırkı vəzifəmlə paralel ictimai birliyə rəhbərlik etməyim ziddiyyət təşkil edir. Buna görə də qərara aldım ki, istefam AİJF-nin fəaliyyətinin aktivləşməsinə səbəb ola bilər. Təşkilata rəhbərlik etdiyim iki il yarım müddətində mənimlə birlikdə ictimai əsaslarla çalışan İdarə Heyətinin bütün üzvlərinə minnətdaram. Bəzi üzvlər də işlərinin çoxluğu ilə əlaqədar istefa verdilər. İyulun 2-də keçiriləcək seçkidən sonra yenidən formalaşdırlacaq İdarə Heyətinə uğurlar arzulayıram".

Qeyd edək ki,  2 iyul 2022-ci il tarixində AİJF rəhbərliyinə və İdarə Heyətində boş qalan yerlərə seçkilər məqsədilə təşkilatın növbədənkənar seçki konfransının keçirilməsi barədə qərar qəbul olunub.