AMADA: 19 antidopinq pozuntusundan 5-i ağırlıqqaldırmada olub
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2021-ci ildə 1 588 test götürüb.
Sportline.az xəbər verir ki, bu barədə AMADA-nın direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunmuş mətbuat konfransında açıqlama verib.
AMADA rəsmisi bildirib ki, testlərin 88 faizi paytaxt Bakını əhatə edib: "Bunlardan 1450-si milli test proqramı əsasında gerçəkləşib. Yetkinlik yaşına çatmayan idmançılardan 384, paralimpiyaçılardan 26 test götürülüb".
Bu il 11 idman növündə 19 antidopinq qayda pozuntusunun aşkarlandığını deyən Ş.Hüseynli 5 nöqsanın ağırlıqqaldırmada qeydə alındığını dilə gətirib.
"Bu il bir idmançı antidopinqdən bəraət alıb. Bundan əlavə, 50 məkan məlumatı xətası baş verib", - deyə o vurğulayıb.