Azarkeşlərin də qatıldığı "Təbəssüm yarat" komandası 136 şagirdi sevindirdi
"Təbəssüm yarat" könüllü qrupu Lerik rayonunun Soru kəndinə yardım kampaniyası təşkil edib.
Sportline.az xəbər verir ki, "Milli dəstə" azarkeş qrupu ilə yanaşı, "Xan Lənkəran", "Beşiktaş", "Milan" azarkeşlərinin də qatıldığı “Təbəssüm yarat” komandası Lerikin ucqar kəndlərindən biri olan Soru kəndinə üz tutub. Kollektiv burada təhsil alan 78-i qız, 58-i oğlan olmaqla 136 şagirdə xeyirxah insanlardan topladıqları ianələr vasitəsi ilə məktəbli çantası, məktəbli ləvazimatları, gödəkçə, qış ayaqqabısı, papaq və şərf hədiyyə edib. Tədbirdə məkəbin direktoru və İcra Hakimiyyətindən rəsmilər də iştirak etmişdir.
"Təbəssüm yarat" könüllü qrupu ucqar kənd məktəblərinə yardım kampaniyasını ilk dəfə 2017-ci ilin aprel ayında təşkil edib. Kampaniya çərçivəsində şəhər mərkəzindən uzaq məsafədə yaşayan şagirdlərə məktəb ləvazimatları, çanta, ayaqqabı, qış geyimləri, oyun və idman alətləri hədiyyə edilir. Kənd məktəblilərinə yardım kampaniyası 4 il ərzində Azərbaycanın müxtəlif ucqar rayonunda- Daşkəsən, Ağdam, Ağcabədi, Astara Quba və Lerikdə baş tutub. Xeyirsevər insanlar tərəfindən gələn ianə hesabına ucqar dağ kəndində təhsil almağa çalışan şagirdlərin tədris həyatına dəstək vermək, onları sevindirmək, təhsilə və idmana maraq yaratmaq məqsədilə 20-yə yaxın könüllü fəaliyyət göstərir.
"Təbəssüm yarat" kollektivi pandemiya şəraitində, məktəblərin online sistemə keçdiyi dövrdə də səssiz qalmayaraq ailələrə ərzaq, geyim və başqa yardımlar etmişdir. Ötən il və cari il ərzində 1000-ə yaxın imkansız ailəni ərzaq, qışlıq və adi geyim, uşaqlarını məktəbli forması, məktəbli çanta və ləvazimatlar və s. ilə təmin etmişdir. Bundan əlavə bir çox xəstənin dərman xərcləri və 3 uşağın əməliyyat xərcləri də qarşılanıb.
Kampaniyaya dəstək olmaq üçün "Təbəssüm yarat" komandasının sosial media hesablarına müraciət edə bilərsiniz.