Azərbaycan birinciliyində ilk günün nəticələri

Bakı İdman Sarayında cüdo üzrə gənclər arasında Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib.

SportLine.az xəbər verir ki, mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə cüdo idman növünün populyar olduğunu qeyd edib. Bildirib ki, artıq regionlarda da bu idman növü geniş yayılıb. Ölkəmizdə cüdo üzrə bir sıra nüfuzlu yarışların keçirildiyini, bu turnirlərin həm təşkilatçılıq səviyyəsinə, həm də təmsilçilərimizin əldə etdiyi nailiyyətlərə görə xüsusilə təqdirəlayiq olduğunu vurğulayan nazir müavini Azərbaycan Cüdo Federasiyasının işinin Beynəlxalq Cüdo Federasiyası tərəfindən də yüksək qiymətləndirildiyini deyib. O qeyd edib ki, təmsilçilərimizin dünyanın müxtəlif ölkələrində keçirilən mötəbər yarışlarda ölkəmizi layiqincə təmsil etmələri sevindirici haldır.

“Azərbaycanda idman siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu uzaqgörən siyasətin uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmizdə idman yüksək sürətlə inkişaf edir. Ən müasir standartlara cavab verən Olimpiya idman kompleksləri və digər idman qurğuları tikilərək xalqın istifadəsinə verilib. Uşaq və yeniyetmələrin idmanla məşğul olmaları üçün bütün regionlarda hər bir şərait yaradılıb”, - deyə nazir müavini bildirib.

Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı qeyd edib ki, Bakı İdman Sarayı artıq bir həftədir cüdo yarışlarının keçirildiyi məkana çevrilib. O, ötən həftənin sonu yeniyetmə cüdoçular arasında Həzi Aslanovun xatirəsinə həsr olunan ənənəvi beynəlxalq cüdo turnirinin, ondan bir gün sonra usta cüdoçular arasında Azərbaycan çempionatının keçirildiyini vurğulayıb. “Azərbaycan birinciliyində yüksək rəqabəti xüsusi qeyd etməliyəm. Gənclər arasında elə idmançılar var ki, onlar Olimpiya Oyunlarına lisenziya xalları uğrunda mübarizə aparırlar. Bu, onu göstərir ki, Azərbaycan cüdoçularının layiqli davamçıları yetişir. Ötən il gənclər arasında dünya çempionatında idmançılarımız böyük uğur qazanıblar. İnanıram ki, gənclər arasında Azərbaycan birinciliyinin nəticələri əsasında formalaşacaq gənclərdən ibarət yığma komanda gələcəkdə daha böyük nailiyyətlərə imza atacaq”, - deyə baş katib bildirib. Sonra dövlət himnimiz səsləndirilib.

Açılış mərasimindən sonra final yarışlarına start verilib. Müxtəlif çəki dərəcələrində Gülşən Bağırova (-44 kq), Mirağa Hacıyev (-55 kq), Gültac Məmmədəliyeva (-52 kq), Davud Abbaslı (-66 kq), Diana Şoranova (-63 kq), Vüsal Şamilov (-81 kq), Aliyə Müslümova (-78 kq) və Abdulla İsmayılov (-100 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adını qazanıblar. 
Azərbaycan birinciliyinə fevralın 28-də yekun vurulacaq.

Azərbaycan Cüdo Federasiyasının məlumatı