Azərbaycan boksçuları Avropa çempionatı üçün Xorvatiyaya yollanıb
22 yaşadək boksçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında iştirak üçün Xorvatiyaya yollanıb.
Federasiyanın Mətbuat Xidmətindən Sportline.az saytına verilən məlumata görə, yığma martın 13-də Poreç şəhərində start götürəcək qitə birinciliyində 7 idmançı ilə təmsil olunacaq.
Millinin böyük məşqçisi Nəriman Abdullayev 11 gün davam edəcək yarışda Nicat Hüseynov (51 kq), Ruslan Qədirov (54 kq), Maqsud Xasmetov (57 kq), Cəlal Qurbanov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Mirşərif Kazımzadə (75 kq) və Murad Allahverdiyevə (80 kq) şans verəcək. Çempionatda beynəlxalq dərəcəli referi Anar Babanlı da hakimlər sırasında yer alacaq.
Komandaya İdarə Heyətinin üzvü Rövşən Hüseynov rəhbərlik edir. Yığma Bakıya martın 25-də qayıdacaq.
Qeyd edək ki, 13 çəki dərəcəsi üzrə keçiriləcək Avropa çempionatının püşkü sabah atılacaq.