Azərbaycan boksçuları Avropa çempionatında ilkə imza ata bilərlər

Xorvatiyanın Poreç şəhərində keçirilən U-22 Avropa çempionatı Azərbaycan boksçuları üçün əlamətdar hadisə ilə yadda qala bilər.

Federasiyadan Sportline.az saytına verilən məlumata görə, finala vəsiqə qazanmış Nicat Hüseynov (51 kq) və Ruslan Qədirov (54 kq) qələbə qazanacaqları halda, milli komanda qitə turnirində ilk dəfə 2 qızıl medala sahib çıxacaq.

Bu isə Azərbaycan boks tarixinə ilk kimi düşəcək.

Gənc boksçular artıq 2 bürünc medalı rəsmiləşdirib. Böyük məşqçi Nəriman Abdullayevin rəhbərlik etdiyi millinin heyətində Cəlal Qurbanov (63,5) və Nəbi İsgəndərov (67 kq) 3-cü yeri tutublar.

Qeyd edək ki, Avropa çempionatında final qarşılaşmaları martın 23-də olacaq. Həmin gün Nicat Hüseynov gürcüstanlı Lekso Xasaya ilə, Ruslan Qədirov türkiyəli Samet Gümüşlə döyüşəcək.