Azərbaycan boksçuları beynəlxalq turnirdə 10 medalla birinci olub
Gürcüstanın Qori şəhərində Avropa və dünya çempionu Georgi Kandelakinin şərəfinə gənc boksçular arasında ənənəvi keçirilən beynəlxalq turnirə yekun vurulub.
Azərbaycan Boks Federasiyasından Sportline.az saytına verilən məlumata görə, yarışa 14 idmançı ilə qatılan milli komanda 10 medal qazanıb.
Baş məşqçi Elbrus Rzayevin rəhbərlik etdiyi yığmanın 7 üzvü finalda qüvvəsini sınayıb. Boksçulardan 5-i həlledici görüşü qələbə ilə başa vurub.
48 kq çəki dərəcəsində mübarizə aparan Kənan Babayev finalda ermənistanlı Ovane Arutunyanla üz-üzə gəlib. Avropa çempionu rəqibinə heç bir şans verməyərək qızıl medala yiyələnib.
51 kq çəkidə Azərbaycan finalı da baş tutub. Avropa birinciliyinin bürünc medalçısı Amin Məmmədzadə Tural Sarıyevlə qarşılaşıb. Döyüş Məmmədzadənin qələbəsi ilə başa çatıb. Sarıyev turniri gümüş medalla bitirib.
Kənan Babayevin qardaşı Kamil Babayev (54 kq) də yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Boksçu finalda qazaxıstanlı Aslan Aslanovu məğlub edib.
60 kq-da yer alan Tacı Tağızadə də çempionluq üçün Qazaxıstan təmsilçisi ilə gücünü yoxlayıb. Tolebek Saxiyev üzərində inamlı qələbə qazanan idmançı millinin aktivinə daha bir qızıl medal əlavə edib.
Yığmanın ən ağır çəkili üzvü - 92 kq-dan artıq çəkidə mübarizə aparan Səbuhi Əlizadənin həlledici görüşdəki rəqibi isə gürcüstanlı Sandro Çerçvadze olub. Azərbaycan təmsilçisi yerli publika önündə döyüşü öz xeyrinə bitirərək Qoridə 5-ci dəfə Azərbaycan himnini səsləndirib.
75 kq-da Rza Rzazadə isə finalda ukraynalı Aleksandr Balabinə uduzaraq, 2-ci yeri tutub.
Millinin heyətində Sənan Hətəmov (71 kq), Aslan Mövsümov (86 kq) və Rəşid Məmmədov (92 kq) yarışı 3-cü yerdə bitiriblər.
Beləliklə, Azərbaycan millisi turniri 5 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub. Bu nəticə ilə Azərbaycan komanda hesabında birinci yeri tutub.
Qeyd edək ki, yarışda Gürcüstan, Azərbaycan, Qazaxıstan, Ukrayna və Ermənistanın 100-dək boksçusu mübarizə aparıb.