Azərbaycan çempionatında ilk dəfə

Futbol üzrə Azərbaycan Birinci Divizionunda qızıl medalların sahibi bəlli olub.

Sportline.az xəbər verir ki, 25-ci turda “Kəpəz”i 1:0 hesabı ilə məğlub edən “Neftçi”nin əvəzediciləri çempion adını qazanıb.

Paytaxt təmsilçisi son iki turun nəticəsindən asılı olmayaraq, 1-ci yeri təmin edib.

Mahmud Qurbanovun yetirmələri bununla da Azərbaycan futbolunda ilkə imza atıb. İndiyədək heç vaxt Birinci Divizionda hər hansı klubun ikinci komandası çempion olmamışdı. “Neftçi-2” belə uğurun müəllifi olan ilk komanda kimi tarixə düşüb.

1992-ci ildən keçirilən 1-ci dəstədə ilk ikinci komanda 1993-cü ildə mübarizə aparıb. Həmin vaxtdan fasilələrlə aşağı liqada ehtiyat qüvvələr də çıxış edib. Bir müddət əvəzedicilərin öz çempionatının olması da belə fasiləyə səbəb olub.

Qeyd edək ki, 1997/98 və 1998/99 mövsümlərində 1-ci dəstə, 2002/03 mövsümündə ümumiyyətlə çempionat keçirilməyib. 1993/94 mövsümündə isə final mərhələsinin iki qrupunun qalibləri yüksək liqaya vəsiqə qazansa da, öz aralarında çempionu müəyyənləşdirməyib.

1992. ANS Pivani (Bakı)

1993. Xəzri (Buzovna)

1993/94. Azneftyağ (Bakı) və Zabrat

1994/95. Şəmkir

1995/96. Xəzər (Sumqayıt)

1996/97. Göyçay

1999/2000. Şahdağ (Quba)

2000/01. MOİK (Bakı)

2001/02. Lokomotiv (İmişli)

2003/04. Gənclərbirliyi (Sumqayıt)

2004/05. Şüvəlan (Bakı)

2005/06. Qəbələ

2006/07. Masallı

2007/08. Bakılı

2008/09. ABN (Bərdə)

2009/10. Kəpəz (Gəncə)

2010/11. Abşeron (Bakı)

2011/12. Qaradağ Lökbatan (Bakı)

2012/13. Ağsu

2013/14. Araz-Naxçıvan

2014/15. Neftçala

2015/16. Neftçala

2016/17. Turan-Tovuz

2017/18. Xəzər (Bakı)

2018/19. MOİK (Bakı)

2019/20. Turan-Tovuz

2020/21. Neftçi-2 (Bakı)

Qeyd: Birinci Divizionda (dəstədə) oynadığı vaxt başqa ad altında çıxış edən komandalar sonradan daşıdığı adla göstərilib.