Azərbaycan cüdoçuları tarixdə ilk olacaq yarışda

Noyabrın 27-də Rusiyanın Ufa şəhərində cüdo üzrə qarışıq komandalar arasında Avropa çempionatı keçiriləcək.

Sportline.az Fanat.az-a istinadən xəbər verir ki, tarixdə ilk dəfə təşkil olunacaq yarışda Azərbaycan komandasının da iştirak etməsi planlaşdırılır.

Lakin millidə zədəlilərin olması narahatlıq doğurur.

Saytımıza danışan qadınların baş məşqçisi Rəşad Məmmədov Tokio 2020-nin bürünc mükafatçısı İrina Kindzerskanın komandaya kömək etməsinin sual altında olduğunu bildirib: "İrinanın dizində zədə var. Hazırda müalicəsi ilə məşğuldur. Ümid edirik, o vaxta kimi bərpa olunar. 57 kiloqramda Gültac Məmmədəliyevanın çıxış etməsi yaxşı olardı. O da zədəli olduğu üçün ilin sonuna kimi turnirlərdən uzaq qalacaq. İrina da getməsə, məcburuq gəncləri aparaq. 57 və ağır çəkiyə uyğun gələn digər cüdoçular çox təcrübəsizdirlər, cəmi 17-18 yaşları var".

Qeyd edək ki, AÇ-də hər komanda 3 kişi və 3 qadın cüdoçudan ibarət olacaq. Kişilərdə 73, 90 və +90, qadınlarda 57, 70 və +70 kq çəki dərəcələri müəyyənləşdirilib.