Azərbaycan cüdoçuları yenə medalsız qaldılar

İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə Qran-pri turniri davam edir. SportLine.az xəbər verir ki, yarışın ikinci günündə daha üç cüdoçumuz tatamiyə çıxıb.

73 kq çəkidə yarışan Hidayət Heydərov ilk, Rüstəm Orucov isə ikinci görüşdə uduzaraq fəxri kürsüyə yüksəlmək şansını itirib. 

81 kq çəkidə çıxış edən Murad Fətiyev isə bürünc medal uğrunda görüşə qədər irəliləyib. Medal uğrunda mübarizədə Kristian Parlati (İtaliya) ilə qarşılaşan idmançımız məğlub olaraq mükafatsız qalıb.

Xatırladaq ki, ilk yarış günündə Azərbaycan yığmasının 9 cüdoçusu - Rövşən Əliyev, Rəşad Yelkiyev (hər ikisi 60 kq), Orxan Səfərov, İbrahim Əliyevdir (hər ikisi 66 kq), Aişə Qurbanlı, Əliyeva Leyla (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Buyankişiq Purevsuren (hər ikisi 52 kq) və İçinxorlo Munxtsedev (57 kq) mübarizə aparıb. Lakin onlardan heç biri fəxri kürsüyə yüksələ bilməyib.

53 ölkədən 379 idmançının qatıldığı Qran-priyə yanvarın 26-da yekun vurulacaq. Son gündə Azərbaycan idmançılarından Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi 90 kq), Elmar Qasımov (100 kq), Uşanqi Kokauri, Şahin Qəhrəmanov (hər ikisi +100 kq) və İrina Kinderzka (+78 kq) tatami üzərinə çıxacaq.