Azərbaycan cüdoçusu: "Avropa və dünya çempionu olmaq istəyirəm"

"Turnir yaxşı keçdi. Yarışa ciddi hazırlaşmışdıq".

Sportline.az xəbər verir ki bunu "Report"a açıqlamasında Bakıdakı Böyük Dəbilqədə 100 kq-dan yuxarı çəki dərəcəsində bürünc medal qazanmış Azərbaycan cüdoçusu Uşangi Kokauri deyib. 29 yaşlı idmançı rəqiblərindən yaponiyalı Tatsuru Saytonu fərqləndirib: "Saytonun belə yaxşı formada olacağını, bu dərəcədə artıracağını düşünmürdüm. Çünki əvvəlki qarşılaşmalarımda ona qalib gəlmişdim".

Gürcüstanlı legioner işləməyə davam edəcək, bütün rəqibləri üstələməyə çalışacağını söyləyib. O, milli komandanın yeni məşqçilər heyətindən razılıq ifadə edib: "Onlarla çox yaxşı işləyirik. Baş məşqçimiz Mövlud Mirəliyev də mənim kimi ağır çəkidə çıxış edib. Mirəliyev mənə lazım olan məşqləri keçir. Hər şey plan üzrə gedir. Çox yaxşı çalışır, inkişaf edirik".

Kokauri hazırda müxtəlif ölkələrlə birgə təlim-məşq toplanışlarına ehtiyac duyduğunu diqqətə çatdırıb. Təcrübəli cüdoçu belə toplanışlarda xeyli artırdığını söyləyib: "Bu cür hazırlıq proseslərində xeyli ağır çəkili cüdoçu olur. Bu da ümumi durumuma çox yaxşı təsir göstərir. Bir ara birgə toplanışlara fasilə verilmişdi. İndi isə hər şeyin başqa cür olacağı, xaricdə məşqlərin yenidən bərpa olunacağını deyirlər".

Ən ağır çəkili idmançı hədəflərini də açıqlayıb: "Baş məşqçini dinləyəcək, onun verdiyi tapşırıqları yerinə yetirəcəyəm. Avropa və dünya çempionu olmaq, Azərbaycan xalqını sevindirmək istəyirəm".

Qeyd edək ki, Azərbaycan cüdoçuları Böyük Dəbilqəni 1 qızıl, 2 gümüş və 4 bürünc medalla başa vurub.