“Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur”. 39 il əvvəl Bakıda tribunalardan dalğalanan üsyan
“Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur”.
39 il əvvəl başlayan üsyanın “Paxtakor”la gələn dalğası
SportLine.az dəyərli oxucularına “Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!” layihəsi çərçivəsində 4-cü yazını təqdim edir.
1979-cu il avqustun 11-də yaşanan aviaqəza Özbəkistanın paytaxtı Daşkəndi təmsil edən “Paxtakor” komandası üçün faciəvi sonluqla nəticələnmişdi. Həmin axşam “Tu-134” təyyarəsinin göyərtəsində, növbəti oyun üçün Minskə yollanan “Paxtakor”un futbolçuları bu uçuşun onlar üçün sonuncu, ölümə aparan yol olduğunu bilmirdilər. Yerdən 8400 metr yüksəklikdə başqa bir təyyarə ilə toqquşan və parça-parça olan təyyarə “Paxtakor”un heyətindən 17 nəfər üçün məzara çevrildi.
Hər kəs kimi, azərbaycanlı futbolsevərlər üçün də, bu xəbər çox üzücü idi. Üstəlik, həmin dövrdə yaxşı heyətə malik olan Özbəkistan təmsilçisi Bakıda tarixi bir qarşılaşmanın səbəbkarı olduğundan azarkeşlərimiz onları yaxşı xatırlayırdılar. Bütün SSRİ-ni silkələyən “Neftçi” – “Paxtakor” oyununun iştirakçısı olan özbəkistanlı futbolçuların böyük əksəriyyəti həmin qəzadan sağ çıxmadı...
İlk qığılcımlar “Zenit”lə oyundan sonra alovlanmışdı
SSRİ dövründə “Neftçi” Azərbaycanda şəksiz xalq komandası, ölkə futbolunun flaqmanı idi. İndi biz milli komandamızın təəssübünü necə çəkiriksə, eyni proses 1937-ci ildən SSRİ dağılana qədər “Neftçi”nin adıyla bağlı yaşanırdı. 1966-cı ildə SSRİ çempionatının bürünc medallarını qazanan “ağ-qaralar” azərbaycanlı azarkeşlərin iştahlarını artırdı, tələblərini yüksəltdi. Onlar digər sahələrdə olduğu kimi, futbolda da qonşu erməni və gürcülərdən geri qalmağı yaxına buraxmır, “Neftçi”dən uğurun davamını gətirməyi tələb edirdilər. Amma, Azərbaycan futbolunun ikinci Ələkbər Məmmədov və Banişevski kimiləri yetişdirə bilməməsi, bu tələbləri mümkünsüzə çevirmişdi. Milli mentalitet və azərbaycanlılara tətbiq edilən ikili standartlar “Neftçi”nin güclənməsini əngəlləyirdi. Bakının məhəllələrindən tapılan, buradakı futbol məktəblərində püxtələşən ruslar və ermənilər sonradan Moskvaya, İrəvana qaçırdılar, “Neftçi” üçün hər şeyi yenidən başlamaq lazım gəlirdi.
Sıravi azərbaycanlı azarkeşlər üçün isə, bütün bu obyektiv və subyektiv səbəblər maraqlı deyildi. Onlar nəticə, uğur tələb edirdilər. İstəklərinə çatmayanda isə, qəzəb hissi onları boğur, aqressivlik və meydanda ayağını sürüyən, boş qapını nişan ala bilməyən, yeyib-yatan futbolçuları hansısa üsulla cəzalandırmaq istəyi getdikcə güclənirdi. Azarkeşlərin bu tələbkarlığı futbolçulara da məlum idi. Məhz bu səbəbdən də 70-ci illərin sonlarına doğru “Neftçi” “ev komandası”na çevrilmişdi. Səfər oyunlarında böyük hesabla uduzmağı komandaya bağışlayırdılar, amma Respublika stadionunda heç kimə boyun əymək olmazdı. Nəticədə Bakıda məğlubedilməz olan “ağ-qaralar” səfərdə özünə bənzəmir, turnir cədvəlində ortabablar sırasından uzaqlaşmağı bacarmırdı.
1978-ci il mövsümünün əvvəllərində Əhməd Ələsgərovun yenidən komandaya gəlişi həm azarkeşlərin, həm də futbolçuların inamını artırmışdı. O ərəfələr Bakıya səfər istənilən rəqib üçün çətin keçirdi, neft şəhərindən qazanılan bir xal belə qənimət sayılırdı. Uzun müdət davam edən bu tilsimi “Zenit”in qırmasından sonra Respublika stadionunun tribunalarında yaşananlar vəziyyətin ciddiləşəcəyindən xəbər verirdi. Hakimin final fitindən sonra azarkeşlər taxta oturacaqları qəzet qalıqlarının köməyi ilə odlasalar da, yanğınsöndürənlər və milis nəfərləri yaşananlara vaxtında müdaxilə edə bildilər.
Anın alovlandırdığı tonqal
Azarkeşlərin “incə mesajı”nı alan “ağ-qaralar” toparlanmağı və növbəti iki oyunda “Kayrat”la “Şaxtyor”u Bakıdan əliboş yola salmağı bacardılar. Amma növbəti rəqib daha təhlükəli sayılırdı. “Paxtakor” həmin vaxtlar tarixinin ən güclü heyətlərindən birinə sahib idi. May ayının 23-də “Paxtakor” Bakıda “Neftçi” ilə qarşılaşırdı.
Həm rəqibin adı, həm də “Neftçi”nin ardıcıl iki ev oyununda qələbə qazanması azarkeşlərin stadiona axın etməsinə səbəb olmuşdu. O vaxt Lenin adını daşıyan stadionun dolu tribunalarında 37 mindən çox azarkeş “Neftçi”dən qələbə gözləyirdi...
Axşama doğru saat 18:00-da başlayan qarşılaşmanın 2-ci hissəsində özbəklərin təzyiqi daha da artmışdı. Fyodorov və An kimi dövrünün məşhurlarını saxlamaq bakılı müdafiəçilər üçün çox çətin idi. Qolları da elə bu futbolçular “Neftçi”nin qapısından keçirdilər. Anın 59-cu dəqiqədə vurduğu qolla hesab 0:2 olunca azarkeşlər uca səslə futbolçuları söyməyə, əllərindəki qəzet parçalarını yandırmağa başladılar.
Hakimin final fitindən sonra yaşananlar isə əsl döyüş səhnələrini xatırladırdı. Uzun müddət tribunaları tərk etməyən azarkeşlər “Gənclik” metrostansiyasına və eyniadlı mehmanxanaya doğru istiqamətləndiriləndən sonra qarşılarına çıxan hər şeyi vurub-yıxmağa, yandırmağa başladılar. Onlar uzun müddət o vaxtkı “İnqilab” küçəsinin ətrafında gizlənib, “Neftçi”nin avtobusunun gəlişini gözləməklə futbolçuları cəzalandırmaq fikirlərinin ciddi olduğunu göstərdilər. Azərbaycan paytaxtında bir-neçə saat əsl xaos yaşandı və həmin vaxt çoxları bu hadisəni futbol fanatlarının xuliqanlığından daha çox kütlətinin Sovet İmperiyasına ciddi ismarıcı kimi qiymətləndirirdi.
Əbdülqəni Nurməmmədov: “Bizə dedilər ki, stadionu yandırıblar, çölə çıxmayın. Qəzəbli kütlənin əlinə düşsəydik...”
Həmin odlu-alovlu qarşılaşmada iştirak edən “Neftçi”nin veteranlarından biri Əbdülqəni Nurməmmədov SportLine.az üçün öz xatirələrini belə təzələdi:
“Mən 70-ci dəqiqəyə qədər meydanda oldum. Sonra İsgəndər Cavadovla əvəzləndim. Etiraf etmək lazımdır ki, həmin dövrdə “Paxtakor” SSRİ çempionatının ən güclülərindən biri idi. Onları saxlamağa çətinlik çəkirdik. Bizim əsas çətinliklərimizdən də biri o idi ki, “Neftçi” 70-ci illərin sonlarında nəsildəyişmə dövrünü yaşayırdı. 1976-cı ildə “Neftçi” yüksək liqaya çıxanda mən də komandada idim. Bu dövrdə çıxış etmək mənim üçün həm yaxşı idi, həm də pis. Yaxşı idi ona görə ki, Smolnikov, Bəxtiyar Qulamov, Rafiq Quliyev kimi əfsanələr ilə çiyin-çiyinə oynamışam, sonra Ponomaryov, Cavadov, Əhmədov kimi gənclərin arasında təcrübəli sayılmışam. Amma bunun pis tərəfi də vardı. Hər dəfə heyətdə köklü dəyişikliklər olanda “Neftçi” uzun müddət öz oyununu tapa bilmirdi. “Paxtakor”la oyunun olduğu mövsüm də məhz belə ərəfələrə təsadüf edirdi. Sözsüz ki, azarkeşləri bu cür səbəblər maraqlandırmırdı. Onlar nəticə tələb edirdilər, Bakıda uduzmağımızla barışmaq istəmirdilər.
0:2 hesabıyla uduzduq. Nəticə qüvvələr nisbətinə görə qanunauyğun idi. Mən ehtiyat oyunçular skamyasında əyləşəndə sakitlik hökm sürürdü. Sona doğru gərginlik yaşanmağa başladı. Biz özümüzü paltardəyişmə otağına milis işçilərinin əhatəsində çatdıra bildik. “Neftçi”nin bazasına getməli idik. Amma bizə dedilər ki, stadionu yandırıblar, çölə çıxmayın. Qəzəbli kütlənin əlinə düşsəydik, necə olacağına heç kim təminat verə bilməzdi. Azarkeşlər çox qəzəbli idilər. Düzü, o oyunu udsaydıq da “Neftçi” üçün turnir cədvəlində ciddi dəyişiklik olmayacaqdı. Biz 1978-ci il mövsümünü 13-cü pillədə bitirdik. Elə mövsüm ərzində 10-cu və 15-ci yerlər arasında vargəl edirdik. O illərdə Güclülər dəstəsində keçirilən oyunların 50 faizindən çoxunda iştirak edənlər “İdman ustası” adını alırdı. Bu səbəbdən də həmin mövsüm mənim üçün yaddaqalan oldu. Amma həmin oyun yaddaşımda xüsusi iz buraxdı. Düzdür, 1980-ci ildə “Ararat”a uduzanda da stadionu yandırmaq cəhdləri oldu. Ermənilərə uduzmağımızı bizə bağışlamırdılar, bu da hardasa başadüşüləndir. “Paxtakor”la bizim aramızda elə bir ciddi rəqabət, yaxud da ədavət yox idi. Nədənsə, özbəklərə uduzanda daha böyük qalmaqal yaşandı.
Azarkeşlər stadionun böyük darvazasını qoparıb yerə aşırtmışdılar. Taxta oturacaqları yandırmışdılar. Biz özümüzü paltardəyişmə otağına vaxtında çatdıra bilmişdik. Bayırda yaşananlardan tez-tez xəbər tuturduq. Milis işçiləri deyirdi ki, çölə çıxmağa tələsməyin. Sonra Biləcəridən daxili qoşun əsgərləri gəldi. Onların müşayiəti ilə, gecəyarısı bazaya doğru istiqamətləndik. Qəfildən avtobusumuzu qaranlıqda hardansa peyda olmuş kütlə daşa basmağa başladı. Sürücümüzün başı yarılmışdı.
Çoxları iddia edir ki, yaşananlar futbolla əlaqəli deyildi, siyasi məsələ idi. Mən deyim ki, bizim bunlara qarışacağımız olmayıb. Biz futboldan başqa heç nə barədə düşünmürdük. Ağlımıza da gələ biməzdi ki, insanlar rejimə etiraz edirmişlər.
“Paxtakor”la oyundan sonra, növbəti ev oyununda Moskva “Spartak”ını 3:1 hesabıyla məğlub etdik. Ondan sonra səfərdə “Dinamo” Kiyevlə 1:1 oynadıq, MOİK-lə də eyni hesab qeydə alındı. Bu nəticələrlə özümüzə bəraət qazandırdıq, azarkeşlərimizlə barışdıq. Bizim nəsildə məsuliyyət hissi var idi. Meydana çıxanda evdəkiləri, qohum-qonşunu, azarkeşləri fikirləşirdik. İstəmirdik ki, fanatlar bizi söysün, tanışlarımız bizə görə utansınlar”.
Səmədağa Şıxlarov: “KQB”nin sədri də bizimlə birlikdə idi”
Unudulmaz gecədə həyəcan keçirən, daşlanan avtobusda yer alan futbolçulardan biri olan Səmədağa Şıxlarov da 39 illik fasilədən sonra yadında qalanları SportLine.az-a belə nəql etdi:
“Paxtakor”la oyun barədə məndən soruşanda yenidən o səhnələr gözümün önündə canlanır. Düzdü, üstündən çox keçib, bəzi detalları unutmuşam. 90 dəqiqəni əvəzedilmədən meydanda oldum. Oyun normal keçirdi, kimsə deyə bilməzdi ki, sonradan bu cür iğtişaş olacaq. Həmin oyunun ən yaxşılarından seçilmişdim. Müdafiəçi Aleksandr Korçyonov (bu futbolçu da aviaqəzada həyatını itirənlər sırasında olub – red.) ayağıma təpik vurdu, mən də yerdən qalxanda onun sifətinə yüngülvari sillə vurdum. Buna görə sarı vərəqə aldım. Başqa ciddi bir münaqişə olmadı. Hər şey hakimin final fiti ilə başladı. Biz paltardəyişmə otağına çatan kimi dedilər ki, tələsməyin, çölə çıxmaq olmaz. Azarkeşlərin ayağa qalxdığını, hər şeyi vurub sındırdıqlarını, yandırdıqlarını eşitdik. Saat 12-nin yarısına kimi orda qaldıq. “KQB”nin sədri Krostinikov özü də gəlmişdi. Bazaya gedərkən gördük ki, “Gənclik”dəki köşkləri yandırıblar. “Ararat”la oyunda yaşananlar da bunun bənzəri idi. İndiki Henrik Mxıtaryanın atasının vurduğu qolla 0:1 uduzmuşduq. Azarkeşlər buna bənzər iğtişaş törətmişdilər.
Ən çox toplaşma stadiona olurdu. Azarkeşləri qızışdırmaq çox asan idi. Mən də eşitmişdim ki, futbolu, məğlubiyyəti bəhanə etmişdilər. Çünki Əhməd Ələsgərov “Neftçi”yə təzə gəlmişdi. Komanda 12-14-cü yerlərdə gedirdi. Udub-uduzmaqla ciddi nəsə dəyişməyəcəkdi”.
Oyunun rusiyalı hakimi: “Sizinkilər dəli olmuşdu”
Qalmaqallı qarşılaşmanı Rusiyadan olan hakim Jarkov idarə edib. Çox sonralar Jarkov Moskva Dövlət Universitetində təhsil alan azərbaycanlı tələbələrə “Paxtakor”la oyun barədə ikili hisslərlə danışırmış: “Sizinkilər lap dəli imiş. Oyundan sonra qarışıqlıq olduğundan mən qərara gəldim ki, stadionu “Neftçi” ilə birlikdə tərk edim. Dedim yerli komandanın avtobusu daha təhlükəsiz olar, nəinki “Paxtakor”un. Amma yolda avtobusa elə hücumlar etdilər ki, daldalanmaq üçün məcbur olduq avtobusun döşəməsinə uzanaq”.
İğtişaşlar nəticəsində 100-dən çox insan həbs olunur və onlara müxtəlif müddətə həbs cəzası verilir. Bu hadisə Azərbaycan futbolunun tarixinə ilk qalmaqalla, dava-dalaşla müşayət olunan oyun kimi yazılır. Göründüyü kimi, məlum “Neftçi” – “Paxtakor” qarşılaşmasının üzərindən 40 ilə yaxın müddət keçsə də, yaşananlar unudulmayıb.
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir