Azərbaycan futbolunun tarixi: Böyük ümidləri puç edən Cavadov

SportLine.az dəyərli oxucularına “Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!” layihəsi çərçivəsində 10-cu yazını təqdim edir.
Ötən 9 yazının altısında, sovetlər dönəmindən üzü bəri, Azərbaycan futbolunun yetişdiriyi istedadların ömür yoluna yeni bir nəzər salıb, onların karyeralarının səhifələrini vərəqləməyə çalışmışıq. Həmin zaman kəsiyində, futbolumuz kifayət qədər istedadlı futbolçu üzə çıxarıb. Onların arasında Avropa və dünya çempionu olanlar da var, Olimpiya oyunlarının qızıl medalını qazanan da. “Neftçi” və “Spartak Alaniya”nın heyətində Rusiya çempionatında iz qoyan Nazim Süleymanov da futbolumuzun tarixində özünəməxsus yer tutur. Təəssüf ki, müstəqillik illərinə nəzər salanda, ağızdolusu danışacağımız adların xeyli məhdud olduğunu görürük. 
Müstəqilliyimizi bərpa etdikdən, öz çempionatımızı keçirməyə başlayıb, milli komandamızı yaratdıqdan bəri də, parlaq futbolçularımız olub. Amma onların heç biri, xaricdə uğurlu karyera qurub, adından söz etdirməyi bacarmayıb. Belə futbolçular barədə danışarkən, ümumiləşdirmə aparıb, onlara ümidləri doğrultmayanlar adı vermək də mümkündür. Çünki, hər biri ayrı-ayrılıqda, yetərincə istedadlı olsalar da, öz bacarıqlarını dəyərləndirməyi, ondan maksimum yararlanmağı bacarmayıblar. Baxmayaraq ki, ayrı-ayrı vaxtlarda bəzilərinin üzünə taleyin qisməti qapıları açılıb, “Biləcəridən o tərəfə keçmək” şansı ələ düşüb. Hər birinin də özünəməxsus obyektiv və subyektik səbəbləri, bəzən də bəhanələri olub. Bütün bu səbəblər isə nəticəni dəyişməyib. Bu günkü yazımızın qəhrəmanı da, həmin futbolçulardan biri olan Vaqif Cavadovdur.

Hər şey onun özündən asılı idi...
2010-cu ilin yanvarında Azərbaycan futbolunun gündəmi xeyli zəngin idi. Nəhayət ki, intizarla gözlənilən transfer reallaşırdı. Futbol ictimaiyyəti ölkəmizin müstəqillik illərində yetişdirdiyi ən istedadlı simalarından birini Hollandiyaya yola salırdı. Özü də sıradan bir kluba yox, çempionluğa iddialı “Tvente”yə...
Cavadovlar nəslinin layiqli davamçısı sayılan Vaqif üçün “Qarabağ” klubunun rəhbərliyi təntənəli yolasalma mərasimi düzənləmişdi. Böyük zala toplaşan rəsmilər, azarkeşlər, idman jurnalistləri Vaqifə uğurlar diləyir, onun “Tvente”dən də Avropanın daha böyük klublarından birinə transfer olunacağına inamlarını ifadə edirdilər. Təsadüfi deyildi ki, Hollandiya klubunun baş məşqçisi Stiv Maklarenə sual verən həmkarlarımız bu barədə soruşmağı da özlərinə borc bilmişdilər:
- Necə fikirləşirsiniz, Vaqif Cavadovun potensialı onun “Arsenal”, “Barselona”, “Mançester Yunayted” kimi klublarda çıxış etməsinə imkan verir?

- Bu suala indidən dəqiq cavab verə bilmərəm. Hər şey onun özündən asılı olacaq. Əgər çalışacaqsa, niyə də olmasın?

Maklaren bu suala əsl peşəkar kimi cavab vermişdi. Doğru vurğulayırdı, hər şey Vaqifin özündən asılı idi. Azərbaycanlı futbolçuların əlinə hər dəfə belə fürsət düşmür. Nəyin bahasına olursa-olsun bu fürsəti dəyərləndirmək, “Tvente”də olmasa da, Hollandiyanın digər nisbətən zəif klublarının birində möhkəmlənmək, Avropa futboluna uyğunlaşmaq lazım idi. Amma Vaqif bunu bacarmadı. Səbəbini özüylə aydınlaşdırmağa çalışdıq. 


“Dinamo”dan ayrılmağıma inciklik səbəb oldu”
 

Vaqifin istedadlı olması danılmaz həqiqətdir. Əmisi İsgəndər, atası Fizuli Cavadov “Neftçi”nin tanınmış futbolçuları, əsas simalarından biri olublar. Top oyununun sirlərini Rusiyada öyrənməsi, orda püxtələşməsi isə, onun üçün əlavə üstünlük idi. Vaqif 11 yaşından Moskva “Dinamo”sunun uşaq məktəbində topun sehrinə düşür. Orda uzun müddət duruş gətirməməsində həm sənəd problemi, həm də inciklik özünü göstərir. Hər halda özü də belə nəql edir:
“2001-ci ildə ailəmizlə birlikdə Moskvaya köçdük. Bu qərarı verməyimizdə mənim futbolçu kimi ciddi bir məktəb keçməyimin də rolu oldu. Atam fikirləşirdi ki, Moskvada daha yaxşı məktəb keçməklə istedadımı açaram, düzgün inkişaf edərəm. İlk vaxtlar “Dinamo”da məşq edirdim. Rusiya vətəndaşı olmadığım üçün “Dinamo”da rəsmən qeydiyyata düşə bilmədim. Təlim-məşq toplanışının vaxtı çatanda məni özləri ilə götürmədilər. Bu da mənə pis təsir etdi. Çünki birlikdə məşq etdiyim uşaqlar hamısı toplanışa getdilər, mən tək qaldım. Ona görə də “Dinamo”nu “Torpedo”ya dəyişdim. Orada həm məşq etdim, həm də uşaq liqalarında oynadım. Özümü göstərməyi bacardım və mənə MOİK-dən dəvət gəldi. 2002-ci ildən 2007-ci ilə qədər ordu klubunun şərəfini qorudum, əvəzedici komandaya qədər yüksəldim, sonra da əsas heyətə dəvət aldım”.


“Rusiya millisi ilə Avropa çempionu ola bilərdim”
 

2006-cı il Vaqif üçün yeni mərhələnin başlanğıcı olub. Məhz həmin ilin mayında Cavadov cəmi 17 yaşında Azərbaycan millisinə dəvət alır. Şahin Diniyev Kişinyovda Moldova ilə keçirilən yoldaşlıq görüşündə Vaqifi də meydana buraxır. Bundan sonra isə, ruslar Vaqifin əldən çıxdığını hiss edirlər və ona qarşı münasibətləri dəyişməyə başlayır.


“Məni Rusiyanın U-17 yığmasına dəvət etmişdilər. Mayın 3-dən 14-ə qədər Lüksemburqda Avropa çempionatı keçirilirdi. Rusiyanın U-17 komandasına əsas namizədlərdən biri sayılırdım. Təklifi qəbul etsəydim, əsas heyətdə yerim şübhə doğurmurdu. Deməli, rusların komandasında Avropa çempionu olacaqdım. Baş məşqçi İqor Kolıvanov məni yaxşı tanıyırdı, komandasında görmək istəyirdi. Avropa çempionatına qədər Rusiyanın U-17 yığmasında müntəzəm oynayırdım, əsas heyət üzvü idim. Amma onlar Lüksemburqa yollanmağa hazırlaşanda, bizim milli komandanın baş məşqçisi Şahin Diniyev mənə dəvət göndərdi. Atamla da danışmışdılar. Heç düşünmədən qərarımızı verdik və mən Rusiya yığmasından imtina edib öz millimizə qoşuldum. Rusiya isə Avropa çempionu adını qazandı. 
Azərbaycan millisini seçəndən sonra Rusiyada legioner sayılmağa başladım. Bu isə MOİK-in əsas heyətinə gedən yolumda da ciddi əngələ çevrildi. Bu qərarımdan sonra klubda özümə qarşı münasibətin dəyişdiyini hiss etdim. Onlar istəsəydilər belə, limitə görə məni oynada bilməzdilər. Özünüz düşünün, Oliç kimi tanınmış futbolçunu qoyub, 16 yaşındakı Vaqifə kim şans verərdi? Hiss etdik ki, burda perspektiv yoxdu və Moskvadan ayrıldıq”.
 

“Kocaelispor”dan mənə görə 100 min dollar istədilər”
 

MOİK-də əsas heyətə düşə bilməyəcəyini anlayan Vaqif birbaşa Bakıya gəlmir, bəxtini Türkiyə klublarından sınamaq istəyir. Amma orada da başqa problemlər ortaya çıxır:
“Azərbaycandan təklif gözləmədən Türkiyəyə gəldik. “Kocaelispor”un  rəhbərliyi məni heyətdə görməyi çox istəyirdi. Amma, Moskvadan gələn xəbərlə əhval-ruhiyyəmiz korlandı. MOİK mənim transferimə görə onlardan 100 min dollar istəyirdi. Klubun maddi vəziyyəti o qədər də yaxşı deyildi. Mən də özümü sübut etmiş yetkin futbolçu hesab olunmurdum. Məlum məsələdir ki, kasıb “Kocaelispor” mənə görə 100 min dollar ödəyə bilməzdi. “Transfer pəncərəsi” bağlanana qədər problem həll olunmadı. Mənim də o qədər pulum yox idi ki, Moskvaya göndərim. “Kocaelispor”da oynamaqla özümü Türkiyənin böyük klublarına göstərmək şansım əldən çıxdı.
Bakıya gələn kimi mənə “Qarabağ”dan dəvət gəldi. Rasim Kara Ağdam təmsilçisini çalışdırırdı. Onunla birlikdə Əmrah Çəlikəl məni görüşə dəvət etdilər. Onlar bildirdilər ki, “Kocaelispor”dan zəng vurub, səni bizə məsləhət görüblər. Beləcə “Qarabağ”la müqavilə imzaladım, unudulmaz üç mövsüm keçirdim. Özüm də oyun planında xeyli artırdım, “püxtələşdim”.


“Hollandiyada ailəmdən uzaq qalmaq mənə çətin idi”
 

“Qarabağ”la Avropa Liqasının pley-off mərhələsinə qədər yüksələn və orda Hollandiya təmsilçisi “Tvente” ilə qarşılaşan Vaqifin həyatında böyük dəyişiklik baş verir. Hollandiya klubunun baş məşqçisi Stiv Maklaren israrla onu sərəncamında görmək istəyir və bu transfer qış fasiləsində gerçəkləşir:
“Sizin də yaxşı yadınızdadır, həmin vaxt “Qarabağ”ın əla heyəti var idi. Qurban Qurbanov yerli gənclərdən döyüşkən kollektiv yaratmışdı. Rəqiblərimiz əsasən legionerlərə güvənirdilər. “Qarabağ”ın “döyünən ürəyi” isə azərbaycanlı futbolçular idi. Mən də bu möhtəşəş kollektivin bir parçası idim.
Norveçin güclü “Rusenborq” komandasını keçdikdən sonra qarşımıza “Tvente” çıxdı. Düzdür, ilk oyunda uduzduq. Bunun da müxtəlif səbəbləri var idi. Əsas heyətin bəzi üzvləri meydana çıxa bilmədilər. Bakıda isə hollandlara ciddi müqavimət göstərdik. Buradakı oyundan sonra Maklaren özü mənə yaxınlaşdı və bildirdi ki, səni komandamda görmək istəyirəm. Cavabında “Qarabağ”la müqaviləmin olduğunu, danışıqların klublar arasında başlamasının vacibliyini bildirdim. Mənim də razılığımla klublar arasında danışıqlar başladı. Qışa qədər “Tvente”nin nümayəndələri məni daha diqqətlə izlədilər, millinin heyətində Rusiya və Lüksemburqa qarşı oyunuma baxdılar. Qış fasiləsində danışıqlar yekunlaşdı və mən Hollandiyaya yollandım. 


Orada möhkəmlənə bilməməyimdə müxtəlif səbəblər rol oynadı. Dil bilməmək özünü göstərirdi. Ailəmdən uzaq qalmaq da mənim üçün çətin idi. Elə də çox yaşım yox idi və təkliyə öyrəşməkdə çətinlik çəkirdim. Daha sonra məşqçi dəyişikliyi baş verdi, mənə inanan Maklaren klubdan getdi. Maklaren mənə həmişə bildirirdi ki, ruhdan düşməyim, səylə hazırlaşım və vaxtımı gözləyim. Müəyyən müddət zədə səbəbindən məşqlərə də qatıla bilmədim, bu da məni çox geri saldı. Bir az oynayandan sonra zədələnsəydim, özümü göstərə bilərdim. Oynamağa heç şansım olmadı”.


“Hollandiyadan “Qarabağ”a yox, “Bakı”ya qayıtmağım məndən asılı deyildi”
 

“Tvente”dən ayrılandan sonra Vaqifin “Qarabağ”a yox, “Bakı”ya gəlməsi çoxlarını təəccübləndirdi. Bunun səbəbini isə özü belə izah edir:
“Qarabağ”a qayıtmağı özüm də istəyirdim. Çünki orada asanlıqla formamı bərpa edə bilərdim. Hollandiyada olduğum müddətdə nə qədər məşq etsəm də, oyun təcrübəsinin olmaması öz sözünü deyirdi. Amma mən “Qarabağ”dan dəvət almadım. “Bakı”nın prezidenti Hafiz Məmmədov indi də mənim çox hörmət etdiyim şəxsdir. Aramızda qarşılıqlı hörmət həmişə yüksək səviyyədə olub. Həmin ərəfədə “Qarabağ” məni istəməyincə, Hafiz müəllim bir dost kimi “Bakı”nın qapılarını mənim üzümə açdı. Mən də ona söz vermişdim ki, Azərbaycana qayıtsam, “Qarabağ”dan başqa yalnız “Bakı”da oynayacam.
Oradan Rusiyaya getmək üçün ayrıldım. “Volqa”da əsas heyətdə meydana çıxırdım. Amma klubda işlər heç də yüksək səviyyədə qurulmamışdı. Belədə, “Qarabağ”la anlaşdım və doğma komandaya geri döndüm. 2013-cü ildə “İnter”lə anlaşdım. Yaxşı heyətimiz var idi və orada özümü ən yaxşı tərəfdən göstərməyi bacardım. Vurduğum 14 qol da buna sübutdur”.


“Azərbaycandan kənarda özünü göstərən 2-3 futbolçudan biriyəm”

Vaqif ölkədən kənarda özünü göstərə bilməməsi, legioner karyerasının uğursuz olmasıyla bağlı deyilənləri yaxına buraxmır.
“Kaxaber Tsxadadzenin rəhbərliyi ilə yaxşı oynayırdıq. Formamı bərpa etdim. Premyer Liqada da rəqabət yüksək idi. Buna baxmayaraq, özümü yenidən legioner kimi sınamağa qərar verdim. Türkiyədə özünü yaxşı tərəfdən göstərən 2-3 futbolçudan biriyəm. Rəşad Sadıqov, Rail Məlikovla birlikdə futbolumuzu qardaş ölkədə ən yaxşı şəkildə təmsil etmişik. Həm, keçirdiyim oyunlarla, həm də, vurduğum qollarla bunu bacardığıma şübhəm yoxdur. “Boluspor”da az oynasam da, həlledici oyunlarda öz sözümü demişəm. Sadəcə, orada tez-tez məşqçi dəyişikliyi baş verirdi. Bu da öz sözünü futbolçuların karyerasında deyir”.
 

“Xəzər Lənkəran”da çempion olmalı idik...”
 

Vaqifin Türkiydən geri dönməsi, “Xəzər Lənkəran”ın say-seçmə yerli futbolçuları heyətinə qatması ilə üst-üstə düşür. Ruslan Abışov, Vüqar Nadirov kimi tanınmışlarla birlikdə Lənkərana yollanan Cavadov, Yunis Hüseynovun rəhbərliyi ilə yaxşı hazırlıq keçir. “Ağ-yaşıllar” Premyer Liqanın startına iddialı hazırlaşarkən, FİFA-nın məlum qadağası işləri korlayır.
“Xəzər Lənkəran” Azərbaycan futbolunun tarixində böyük izlər qoymuş klubdur. Biz də ora böyük ümidlərlə getmişdik. Amma yaxşı hazırlıq keçsək də, oynaya bilmədik. Həmin mövsüm “Xəzər Lənkəran” çempion ola bilərdi. Buna gücümüz var idi. Qismət deyilmiş. İnanıram ki, gələcəkdə bu klub geri qayıdacaq.
Oradan da “Qəbələ”yə eyni həvəslə getmişdik. Vüqarla mənə Qriqorçuk heç şans vermədi. Bu da öz fikziki və psixoloji təsirini sonralar göstərdi. Qriqorçuku başa düşməyə çətinlik çəkirəm. Ukraynalı mütəxəssis Antonova, Zenyova güvəndiyi qədər azərbaycanlılara güvənmirdi. Halbuki eyni etimad bizə göstərilsəydi, onu gəlmələr qədər incitməzdik.


“Sumqayıt”dan öz istəyimlə ayrıldım. Qış fasiləsi ərəfəsində özüm demişdim ki, klubdan ayrılacam. Samir Abasovun məni istəməməsi ilə bağlı deyilənlər həqiqət deyil. Mən qışda legioner həyatı yaşamalıydım. Amma özümdən asılı olmayan səbəblərdən baş tutmadı. Çoxları bilir ki, bunda da başqa amillər rol oynadı. Rusiya Premyer Liqasına keçidimin alınmamasında rol oynayan nüanslar oldu. Mən hələ qocalmamışam. Yaşda məndən böyük olanlar hazırda oynayırlar, nə üçün karyeramı bitirməliyəm? Hələ gücüm var, yenidən öz sözümü deyəcəyəm. Hər bir futbolçuya legioner həyatı yaşamağı arzulayıram. Sevinirəm ki, Hollandiya çempionu olan komandanın heyətində yer almışam. Qızıl medalımı da dəyərli qənimət kimi evdə saxlayıram. Hansısa addımıma görə peşiman deyiləm. Yalnız irəli baxıram”.
 

“Foqts mənimlə düzgün davranmadı”

“Rusiya ilə oyunlar mənim üçün xüsusilə yaddaqalan olsa da, onlara qarşı hansısa xüsusi motivasiyam olmayıb. Türklərlə, qazaxlarla da yetərincə uğurlu oyunlar keçirmişik. Qazaxıstanla Bakıdakı oyun millidə ilk rəsmi oyunum olduğu üçün unudulmazdır. Ümumiyyətlə, millinin formasında meydana çıxdığım bütün qarşılaşmalarda əlimdən gələni etməyə, komandamıza xeyir verməyə çalışmışam. Təsadüfi deyil ki, millinin heyətində ən çox qol vuran futbolçulardan biri mənəm. Xalqımızı yetərincə sevindirmişəm. Almaniyanın qapısına vurduğum qol da xeyli müzakirə olundu, bizim üçün zəif təsəlli idi. Etiraf edək ki, millimiz o qədər də güclü deyil. Belədə məğlubiyyətlərdə fərdləri günahlandırmaq olmaz.
Bir dəfə Foqts məni millidən kənarlaşdırdığını bildirirdi. Almaniyalı mütəxəssislə münasibətlərimizin korlanmasının səbəbləri çoxlarına məlumdur. Amma çətin məqamda danışmaq, mənim haqqımı müdafiə etmək istəmədilər. Hər kəs bilir ki, mən heç vaxt millidən imtina etməmişəm. Sadəcə, Berti Foqts mənimlə düzgün davranmadı. Hamının qarşısında barəmdə düzgün danışmadı. Bu da mənə təsir etdi. Sonradan problemi həll etdik, özü məni milliyə dəvət etdi”.
 

“Axı sən kimsən? “Tottenhem”də ehtiyatda oturursan da”
 

Rusiya ilə qarşılaşmalar Vaqif üçün təkcə qol  vurmaqla əlamətdar olmayıb. Özünün dediyi kimi, Mahir Şükürovla Roman Pavlyuçenko arasında baş verən bir dialoq onun üçün unudulmazdır. Özü həmin əhvalatı belə nəql edir:


“Moskvadakı oyunda hesab açılmamışdı. Roman Mahirin ayağını tapdaladı və dönüb üzr belə istəmədi. Belədə Şükürov onun üstünə yeridi, səsini ucaldaraq “nə özünü dartırsan, “Tottenhem”də ehtiyatda oturursan da” dedi. Pavlyuçenko da Mahirdən qəzəblə “bəs sən harada oynayırsan” soruşdu. Cavabında “İnter”in adını eşidib təəccübləndi və sakitcə oradan uzaqlaşdı. Ona elə gəlmişdi ki, Mahir Milan “İnter”ində oynayır (gülür -red)”.
Vaqifin cəmi 28 yaşı var. Belə istedad sahibinin 28 yaşında gözdən itməsi, karyerasını bitirməsi heç də arzulanan deyil. Özü ilə danışarkən də hiss edirik ki, Cavadov qayıtmaq, yenidən meydanlarda adından söz etdirmək həvəsindədir. Biz də elə bu arzu ilə söhbətimizi yekunlaşdırırıq. Şübhə etmirik ki, Vaqifin təkcə Azərbaycan klublarında yox, ölkədən kənarda oynamaq üçün gücü yetərincədir. Qalır, ruhdan düşməyib, yenidən əvvəlki mübariz keyfiyyətləri bərpa etmək.


Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir