Azərbaycan futbolunun tarixi: Millimizin ilk kapitanı, Rusiya çempionu Nazim Süleymanov
SportLine.az dəyərli oxucularına “Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!” layihəsi çərçivəsində 8-ci yazını təqdim edir.
2015-ci ilin may ayının 25-də, Şimali Osetiyanın paytaxtı Vladiqafqaz şəhərinin mərkəzi küçələrində qələbəlik idi. Eyni ilə 20 il əvvəl olduğu kimi. Terek çayının sahilində yerləşən bu sakit şəhərdə həmin gün bütün yollar mərkəzi stadiona aparırdı. Uşaq, böyük, qadın, kişi demədən, hər kəs çoxdandı ki, belə qələbəlik görməyən “Spartak” stadionuna doğru istiqamətlənmişdi. Yox, bir vaxtlar Rusiya Premyer Liqasında moskvalı adaşı ilə birlikdə hegemonluq edən “Spartak-Alaniya” “Liverpul”u qəbul etməyəcəkdi. Bu dəfə rəqib, yaxın-uzaq Azərbaycandan gəlmişdi. “Neftçi”nin veteranları Şimali Osetiyanın “Şöhrət” ordenli fəxri vətəndaşı Nazim Süleymanovun şərəfinə keçiriləcək dostluq görüşü üçün Vladiqafqaza qonaq gəlmişdilər. Ömrünün 6 ilini bu şəhərin komandasına sərf edən Nazim Süleymanov onların ədədi sevgisini qazanmışdı...
Sumqayıtda, Hacıbaba kişinin başqalarından fərqlənməyən sakit ailəsində, 1965-ci ilin fevral ayının 17-də dünyaya göz açan Nazim Süleymanovun şöhrəti çox keçmədi ki, təkcə doğma şəhərinə və bütün Azərbaycana yox, onun hüdudlarından xeyli uzaqlara yayıldı.
Əvvəl güləşçi, sonra da futbolçu...
Süleymanovun futbolçu kimi sahib olduğu keyfiyyətlərin əksəriyyəti Allahın ona bəxş etdiyi vergidir. Sürəti, cəldliyi və çevikliyi isə, güləşlə məşğul olduğu vaxtlarda daha da artırıb. Bəlkə də futbola olan marağı ona güc gəlməsəydi, adını Azərbaycan tarixinə güləş üzrə Olimpiya və dünya çempionu kimi yazdıracaqdı.
Futbolla tanış olduğu, top oyununun sehrinə düşdüyü ilk günləri belə xatırlayır:
- Biz uşaq olanda güləş də, futbol da çox məşhur idi. Düzdür, dərslərimizi də yaxşı oxumağa çalışırdıq, ən azından evdəkilər bunu bizdən tələb edirdi. Tay-tuşlarımızla məktəbdən gələn kimi asfaltın üstündə topun arxasıya qaçardıq, binaların divarlarına çəkdiyimiz qapı “çərçivələri”nə zərbə endirərdik. Güləşə də həvəsim var idi. Futboldan daha çox məşğul olurdum. Amma imkan vermədilər. Özümdən böyüklər görürdülər ki, mən yaxşı oynayıram, digərlərindən fərqlənirəm. Məndən 5-10 yaş böyüklər Sumqayıtda məhəllələr arası yarışlara qatılırdılar. Özləri ilə məni də aparırdılar, deyirdilər ki, “Nazim, gedək məhləmizin idman şərəfini qorumağa”. Getdikcə hiss etməyə başladım ki, digərlərindən seçilirəm, məndə nəsə alınır. Belədə qərar verdim ki, güləşi futbola qurban verim. Həmin vaxtlar Pele çox məşhur idi. İstəyirdim ki, Peleyə bənzəyim. Televizorda onu görəndə çalışırdım ki, onun topla davranışlarımı əzbərləyim, sonra da meydanda təkrarlayım.
- Və bir də gözünüzü açdız ki, “Neftçi”dəsiniz...
- Yox, elə hər şey siz dediyiniz kimi asan olmadı. Gözümü xeyli yumub-açmışdım, öyrənməyə, artırmağa çalışmışdım. 17 yaşım olanda bir müddət “Sintetik Kauçuk Zavodu”nun komandasında oynadım. Ordan sonra da Mingəçevirə yollandım. SSRİ çempionatının II liqasının 9-cu zonasında yarışan “Avtomobilçi”nin heyətində maraqlı bir mövsüm keçirdim, daha da bərkidim. Artıq özümü “Neftçi”dəki rəqabətə hazır sayırdım. 18 yaşımda “Nefçi”yə dəvət aldım və 1983-cü ildən 90-cı ilə qədər “xalq komandası”nın heyətində 177 oyun keçirdim.
“7 il oynadım, sonra mənə dedilər ki, sən lazımsızsan”
- Çoxları hesab edir ki, “Neftçi”də sizə mane olurmuşlar. Ona görə də Bakını tərk etmisiniz.
- Təkcə futbolda belə deyil, həyatın hər bir sahəsində mübarizə aparmalısan, qalib gəlməlisən, özünün daha yaxşı olduğunu sübut etməlisən. Təəssüflər olsun ki, bəzi məqamlarda mənəvi amillər maddiyatın kölgəsində qalır. Adama pis təsir edən odur. Mən 18 yaşımdan 25 yaşıma kimi “Neftçi”də oynamışam, meydanda can qoymuşam. Necə olur ki, 25 yaşımda mənə dedilər ki, sən zəif futbolçusan, komandanın səviyyəsinə uyğun deyilsən? “Neftçi”nin əsas heyətindəki yer elə mənim idi. Kimlərsə o yerə göz dikmişdi. Mənim yerimə, mənim qazanmalı olduğum mükafatlara göz dikənlər çalışırdılar ki, komandadan uzaqlaşım. Hiss etdim ki, mənə qarşı başqa oyunlar qurulub. Ona görə də özüm getməyə üstünlük verdim.
- Moskvaya yollanmaq ehtimalı hardan yarandı? Yoxsa, sizi ora dəvət etmişdilər?
- Kiyevə də gedə bilərdim. “Dinamo”nun baş məşqçisi Valeriy Lobanovksi də məni komandasında görmək istəyirdi. Oleq Romantsevlə də “Spartak”a keçidlə bağlı danışdım. Telefonla onların hər ikisiylə də danışmışdım. “Spartak”a üstünlük verməyimin səbəbi Moskva klubunun texnikalı futbolu sevməsi idi. Romantsevin oyun fəlsəfəsinə görə Moskvaya getdim. Cəmi bir məşqdən sonra çalışdırıcı məni yanına çağırdı və “Bakıdan sənədlərini al, gəl “Spartak”la müqavilə bağlayaq” dedi.
- Buna baxmayaraq “Spartak”ın əsas heyətində meydana çıxa bilmədiniz...
- Dövrələrarası fasilədə mən “Neftçi”dən ayrılmışdım. “Neftçi” birinci dəstədə oynayırdı, “Spartak” isə, Güclülər dəstəsində liderlərdən idi. Təsəvvür edin ki, fərq nə qədər idi. İlk məşqdəcə Romantsev məndən nə istədiyimi soruşdu. Mən də cavabında “yemək və yatmağa yer verin, bəsimdi, mən futbol oynamaq istəyirəm” - dedim. II dövrə başlayanda mən Bakıya, sənədlərimi almağa gəldim. Amma təəssüflər olsun ki, məni burda ləngitdilər. Bir az özüm də səhvə yol vermişdim, naşı davranmışdım. “Neftçi” rəhbərliyinin məni heyətdən uzaqlaşdırmasını gözləmədən özüm ərizəmi yazıb, komandadan ayrılmışdım. 1990-cı ildə “Neftçi”yə çox hörmətli Aydın İbrahimov rəhbərlik edirdi. Rəis Çingiz İsmayılov, baş məşqçi isə rəhmətlik Ruslan Abdullayev, onun köməkçisi rəhmətlik Şamil Heydərov idi. Məni “Neftçi”dən çıxaranda əsəbiləşdim, öz xahişimlə ərizə yazdım. Bu həddə məni onlar çatdırmışdılar, sənədimi vermələrini gözləyə bilmədim. O səhvi etməməli idim. Onlar məni çıxarırdısa, gözləməli idim ki, rəsmi qərar versinlər. Ərizəni yazanda “Spartak”a, yaxud “Dinamo”ya keçəcəyimi düşünmürdüm. Bütün II dövrə ərzində Bakı və Moskva arasındakı yollarda qaldım. Bakı Şəhər Partiya Komitəsinin rəhbəri Fuad Musayev də dövlətdən “Neftçi”yə kuratorluq edirdi, komandaya böyük təsiri var idi. Onunla görüşdüm. Mənim yanımda Aydın İbrahimova zəng vurdu, xahiş etdi ki, sənədlərini verib, Nazimi yola salın. Təəssüf ki, ilk cəhddə bu mümkün olmadı. Gedirdim Moskvaya, məşqlərə qatılırdım, yenidən Bakıya sənəd dalınca gəlirdim. Müəyyən müddətdən sonra, yenidən Musayevlə görüşdüm. İkinci cəhddən sənədlərimi götürə bildim. Dövrənin bitməsinə 3 tur qalmışdı. “Neftçi” mənə görə “Spartak”dan 20 min rubl da keçid üçün pul tələb etdi. Qalan 3 oyunda əvəzedici heyətdə meydana çıxdım.
Valeri Karpinlə birlikdə oynayırdıq. O sağ cinahda, mən solda. Həmin 3 oyunda üç dəfə fərqləndim. Son oyun ərəfəsində Romantsevə yaxınlaşdım, xahiş etdim ki, məni bircə dəqiqəliyə də olsa, əsas heyətdə meydana buraxsın. Amma heyətdə rəqabət güclü idi. Çalışdırıcı mənə dedi ki, tələsmə, sənin də vaxtın gələcək. Həmin il “Spartak” Çempionlar Liqasında “Napoli” ilə qarşılaşırdı. Mən də orda idim. Vaxtında sənədlərimi vermədilər. Kim bilir, bəlkə də dahi Maradonaya qarşı oynayacaqdım.
- Moskvadan Vladiqafqaza köç etməyiniz necə baş verdi?
- Mövsüm bitdi, mən də “Spartak”ın əsas heyətinin məşqlərinə qatıldım. Gün ərzində iki məşq edirdik. Bazada qalırdım, ordan məşqə avtobus və ya metro ilə gedirdim. Hər gün iki dəfə bu proses təkrarlanırdı. Səylə çalışırdım, hər şeyə dözürdüm ki, “Spartak”da möhkəmlənim. Özümü sübut etmək üçün məşqlərdə can qoyurdum, rejimə əməl edirim. Buna baxmayaraq, hiss edirdim ki, məşqçiyə mənimlə bağlı təzyiqlər var, getdikcə mənə qarşı soyuyur. Özümə də qəribə idi. Nəticədə mənim adım xaricə təlim-məşq toplanışına yollanacaq heyətə daxil edilmədi. Bir azərbaycanlı kimi bu mənim qüruruma toxundu. Axı bizdə belə xüsusiyyətlər güclüdür. Peşəkar kimi soyuqqanlı davranmalı, vaxtımı gözləməyə davam etməli idim. Özümü siyahıda görməyəndə ruhdan düşdüm...
“Vəli Qasımov məni inandırdı ki, birlikdə uğur qazanacağıq”
- Deməli, Vladiqafqaza getmək haqda ondan sonra düşündünüz?
- Təsadüf idimi, yoxsa zərurət. Mən ruhdan düşməyə başladım, artıq məşqlərə əvvəlki qədər can yanddıra bilmirdim. Bu vaxt gördüm ki, Qazzayevin dostlarından biri “Spartak”ın məşqinə baxmağa gəlib. Onu əvvəllər də bir-neçə dəfə görmüşdüm. Mənə Valeri Georgiyeviçin görüş təklifini çatdırdı. Məşqdən sonra “Yaroslavskiy” vağzala gəldim, ordan da Qazzayevlə görüşə yollandım. Vladiqafqaz klubu 1990-cı ildə elitaya yeni çıxmışdı. Qazzayev mənə dedi ki, eşitmişəm sən futbol oynamaq istəyirsən, sənə inanıram. Gedək mənimlə Vladiqafqaza, orda sənin üçün hər cür şərait yaradacağam. Orda öyrəndim ki, Vəli Qasımov da baxışdan keçmək üçün Osetiyaya gəlib. Onun ev telefonuna zəng vurdular, Vəli ilə danışdım. O da məni inandırdı ki, Osetiyada hər şey yaxşıdır, birlikdə oynayıb, uğur qazana bilərik. Romantsevə yaxınlaşdım, fikrimi dedim. O da cavabında qərar vermək səlahiyyətimin özümdə olduğunu deyib, mənə tələsməməyi məsləhət gördü. Təlim-məşq toplanışına aparılmamağım mənə çox təsir etmişdi. Qazzayev isə mənə əsas heyətdə yer, yüksək şərait söz verdi. Beləcə qərarımı onların xeyrinə verdim.
- Peşman oldunuz?
- Orda da tələskənlik öz sözünü demişdi. Düzdür, hər şey qismətə bağlıdır. Amma həmin il “Spartak” Çempionlar Liqasındakı çıxışını başa vurandan sonra bütün əsas heyət üzvlərini satdı. Mənim üçün fürsət olacaqdı, lakin gözləmədim. 6 il mən Vladiqafqazda oynadım, unudulmaz mövsümlər keçirdim. “Şöhrət” ordeni, fəxri vətəndaşlıq aldım. Bir azərbaycanlı üçün böyük uğur idi.
- Və məşhur deyimdəki kimi, o olmadı, bu oldu. Digər “Spartak”da çempionluq və şöhrət qazandınız...
- 90-cı illərin əvvəllərinə Osetiyada münaqişə başlamamışdı. Biz Suxumiyə gəldik, təlim-məşq toplanışına başladıq. Vəli ilə bir yerdə qalırdım. Beş gün sonra Vəlini Bakıdan çağırdılar, onu “Neftçi”də oynamağa razı saldılar. Mən yenə tək qaldım. Qəribədir ki, mən “Spartak-Alaniya”ya Vəliyə və Qazzayevə görə getmişdim. Sonra onlar ikisi də ordan ayrıldılar, mən qaldım. Mövsümün ilk 4 oyunundan sonra Qazzayev “Dinamo”ya getdi. Biz isə mövsümü 2-ci yerdə bitirdik, UEFA kubokunda “Borussiya” Dortmundla qarşılaşdıq.
- Qazzayev sizin həyatınızı dəyişdirdi demək olarmı?
- Müəyyən mənada hə. Çünki məhz onun dəvəti ilə mən Osetiyaya gəldim, orda etimad qazandım. Bir futbolçu kimi püxtələşməyimdə, “Spartak-Alaniya”da möhkəmlənməyimdə onun əməyi var. Təsadüfi deyil ki, Vladiqafqaza qayıdandan sonra da mənə güvənirdi. Təvazökarlıqdan uzaq olsa da, mən həmişə komanda üçün vacib qollar vurmuşam, nəticə qazandırmışam.
- Məşhur “Qızıl oyun”dakı epizod isə münasibətlərinizi pozdu.
- Bu futboldur, hər kəsin başına belə işlər gəlib. Ona qalsa “Spartak”la ikinci dövrədəki oyunda 1:2 hesabıyla uduzurduq, mən hesabı 89-cu dəqiqədə bərabərləşdirdim. Tixonov məni qarabaqara izləyən müdafiəçinin başına vurdu. 89 dəqiqə müdafiəçi mənimlə birgə hərəkət edirdi, məni nəzarətdə saxlayırdı. Oyun elə o hesablı bitdi. Biz çox vacib oyunlarda xallar itirməklə “Qızıl oyun”a özümüz səbəbkar olduq. Xal fərqi yetərincə idi, klub şəklində bir çox səhvlərə yol verdik. Moskva klubları da bizə qarşı birləşmişdilər. Sankt-Peterburqdakı “Qızıl oyun”da 1:2 uduzurduq. Qapıda Dimitri Kramarenko dayanmışdı. Çox çətin toplar çıxardı. Coyevə ötürmə verdilər. O da başıyla qapı qarşısına ötürdü. Mən topu göydə “ram edib” sol ayaqla vuracağımı düşünürdüm, amma ona toxuna bilmədim. Qazzayev bütün günahı məndə görürdü. Paltardəyişmə otağında da mənə bildirdi ki, məni bağışlamayacaq. Sanki çempionluğun əldən getməsinin tək səbəbkarı mən idim.
Bir oyunda vurulan qolla milyonçu olmaq mümkündürmü?
- Məsələnin mənəvi tərəfi aydındır. Bəs maddi tərəfdən “Spartak”da nə qazanmısınız?
- Elə nə qazanmışamsa, orda qazanmışam. (gülür – red.) Çempionluğa görə bizə həmin il “Mercedes C-180” verdilər. Qiyməti 25 min dollar idi. Həmin maşını çox sonralar Soçidə satdım. Nömrəsi də “010” idi. Vladiqafqazda mənə ev də vermişdilər. Biz futbol oynayanda maddiyyatı öndə tutmurduq. Bilirdik ki, əvvəl oyununla nəyə layiq olduğunu sübut etməlisən. Hədiyyələr, pullar, şöhrət özü sonra səni tapacaq. Mən Qazzayevlə şərtləri danışmışdım. Amma o gedəndən sonra hər şeyə özüm nail oldum. Xarkov “Metallist”i ilə oyunda cərimə meydançasının qarşısındakı yarımqövsün üzərində dayanmışdım. Künc zərbəsindən yüksələn top rəqibin başına dəyib, önümə düşdü. Top sol ayağıma doğru gəldi, var qüvvəmlə onu “doqquzluğa” göndərdim. Oyunu 2:0 hesabı ilə udduq. Nazirlər Sovetinin sədri Xetaqurov bizimlə görüşdü, təbrik etdi. Məndən soruşdu ki, Nazim sən topu hara vurdun? Kapitan İnal Coyev hazırcavab idi, “Nazim “doqquzluğa” vurdu” dedi. Xetaqurov da gülümsədi, “düz deyirsən, İnal. Sabah gəl “doqquzu” apar” deyincə hamı məni alqışladı. Mənə “VAZ - 099” markalı maşın hədiyyə etdilər. Bir dəfə də “Rotor”la oynayırdıq. Ev oyununda meydançada elan etdilər ki, özbəkistanlı azarkeşlərdən biri Mircəlal Qasımovun qoluna görə 250 min rubl verir. Şəhərin meri Mixayıl Mixayıloviç Şatalov da bildirdi ki, “Alaniya”nın heyətində ilk qolu vurana bir milyon rubl hədiyyə edəcək. İlk qolu da mən vurdum. Amma aldığım mükafatı komanda yoldaşlarımla bölüşdürdüm. Qolu vurarkən minlərlə azarkeşin “Sulya, Sulya” çağırması milyondan daha dəyərli idi.
- Onlara Nazimi sevdirən nə idi?
- Təkcə vurduğum qollarla yox, meydandan kənardakı davranışlarımla da özümü onlara sevdirmişdim. Bilirdim ki, orada Azərbaycanı təmsil edirdim. Bir dəfə qarlı havada evdə oturmuşdum. Gördüm ki, televizorda xeyriyyə aksiyası keçirirlər. Mən özümə borc bildim. Evdən çıxıb həmin aksiyanın keçirildiyi yerə yollandım. Özüm ekrana çıxmasam da bir aylıq maaşımı fonda bağışladım. Yerli sakinlər bundan xəbər tutmuşdular. Stadionda on minlərlə azarkeş mənim adımı çağırır, ayaqüstə alqışlayırdılar. Elə komanda daxilində, məşqçilər arasında da kimlərəsə bu xoş gəlmirdi.
“Milli komanda mənim üçün həmişə doğma olub”
- Müstəqilliyimizin ilk illərində milli komandamız yaradılırdı. Bu ərəfələrdə mənə Rusiya millisində çıxış etməyi təklif etdilər. AFFA prezidenti Fuad Musayevlə Kazbek Tuayev Vladiqafqaza gəlmişdilər. Oyunumuza baxdılar. Sonra da mənimlə görüşdülər, bildirdilər ki, mənim Rusiyanı seçməyimlə bağlı nə isə eşidiblər. Onlara bildirdim ki, nahaq narahat olublar, əziyyət çəkib gəliblər. Mən bir azərbaycanlı kimi öz vətənimin komandasını seçməyə borclu idim. Ruslardan imtina etdim. Azərbaycan millisinin ilk oyununda Gürcüstanla qarşılaşmaya yollanmaq üçün Bakıdakı dəmir yolu vağzalına gəldim. 6:3 hesabıyla nəticələnən görüşdə komandanı kapitan kimi meydana mən çıxarmışdım. Millimizin rəsmi oyunlardakı ilk qolunu da mən vurmuşam. Slovakiyaya 1:4 hesabıyla uduzduğumuz oyunda fərqlənmişdim. Milli komanda mənim üçün həmişə doğma olub. Fransaya 0:10 uduzduğumuz oyunda mən iştirak edə bilmədim. Qazzayev inadla bildirdi ki, məni buraxmayacaq, UEFA kubokunda “Anderlext”ə qarşı oyunun hazırlıqlarında iştirak etməliyəm. Özü də mənimlə mübahisə edirdi ki, sənin getməyin onsuz da nəticəni dəyişməyəcək, müqavilən var, burda qalmalısan. Oyundan sonra da Fuad Musayev də UEFA-ya şikayət etdi. Mənim Rusiya çempionatında iki qarşılaşmada meydana çıxmağıma qadağa qoydular. Bizim əla heyətimiz var idi. Ev oyunlarını Trabzonda yox, Bakıda keçirsəydik, fərqli olardı. İsveçrə ilə ilk oyun hamımızın yadındadır, tarixi qələbə qazanmışdıq.
- SSRİ yığmasına çağırılmaq ehtimalınız olmuşdumu?
- Mən sizə bir epizod danışım. 1987-ci ildə, “Neftçi”də oynayanda “Dinamo” Tbilisi üzərində 3:0 hesablı qələbə qazanmışdıq. İlk qolu Maşallah Əhmədov vurdu, ikincini Şakir Qəribov. Sonuncu qolun müəllifi mən idim. İsgəndər Cavadovla paslaşaraq uzun reyd etdim və gözəl qol vurdum. “Futbol icmalı” verlişində həftənin ən gözəl qolu mənim vurduğum qolu seçmişdilər. Bunu elan etdilər, amma Şakirin vurduğu qolun görüntülərini göstərdilər. Sonradan mənə dedilər ki, bu təsadüf deyilmiş. Mənim parladığım illərdə istəməyiblər ki, vurduğum gözəl qol efirə çıxsın. Bu cür davranışların fonunda məni necə yığmaya çağırardılar?
- Oğullar atalarının yolunu getməyə çalışırlar. Amma sizdə belə olmadı..
- Mənim 3 oğul övladım var. Üçü də ali təhsil alır. Böyük oğlum Naim hazırda Norveçdə magistr təhsili alır. İkinci oğlum Tamerlan İdman Akademiyasında magistrdır. Nurlan isə, Azərbaycan Diplomatiya Akademiyasında – ADA-da II kurs tələbəsidir. Böyük futbolçu olmaq üçün istedadın olmalıdır. Hər insana Allahın verdiyi bir istedad var, onu aşkarlamaq lazımdır. Mənim övladlarım da elm-təhsil arxasınca getdilər. Nazim Süleymanov kimi futbolçu ola bilməyəcəkdilərsə, dərslərini oxusalar yaxşıdır. (gülür – red.)
Söhbətimizi elə bu cür xoş əhval - ruhiyyədə yekunlaşdırırıq. Amma bir arzumuzu da dilə gətiririk. Gün o gün olsun ki, Azərbaycan futbolunda yeni Nazim Süleymanov imzası olsun. Babasının nəvəsi kimi!
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir