Azərbaycan futbolunun tarixi: klublarda uğurlu, millidə uğursuz Mircavadov
SportLine.az dəyərli oxucularına “Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!” layihəsi çərçivəsində 9-cu yazını təqdim edir.
Azərbaycan futbolunda istər futbolçu, istərsə də məşqçi kimi iz qoyanların ömür yoluna yeni işıq salmağa, tarixin səhifələrini bir daha vərəqləməyə davam edirik. Bu günkü yazımızın qəhrəmanı Ağasəlim Mircavadovdur. Onun adına çox yerdə rast gəlmək mümkündür. Məşqçi kimi xeyli məşhurlaşan Mircavadovun, futbolçu karyerası, o qədər də parlaq olmayıb.
1947-ci ilin 22 oktyabrında Bakı şəhərində dünyaya göz açan Ağasəlim Seyidəhməd oğlu Mircavadov uşaqlıqdan top oyununa həvəs göstərib. Bu da səbəbsiz deyildi. Axı müharibədən sonrakı illərdə SSRİ-nin bütün digər respublikalarında olduğu kimi, Azərbaycanda da top oyunu getdikcə populyarlaşır, uşaq və yeniyetmələrin futbola marağı sürətlə artırdı. Mircavadovun da yaşıdları kimi, topla ilk təması, küçədə, asfalt üzərində olub. 12 yaşından isə məşqlərə qatılmağa, top oyununun sirlərini öyrənməyə başlayıb. Hər şeyin yaxşı getdiyi bir vaxtda isə...
“Səhiyyənin indiki imkanları olsaydı, daha çox oynayardım”
O illərdə Bakıda əsl “futbol bum”u yaşanırmış. Şəhərin hər küçəsində, məhəlləsində uşaqlar topun arxasınca qaçırmışlar. Daha sonra da məhəllələr, yaxud da məktəblər arası müxtəlif yarışlar, rayon birincilikləri keçirilirmiş. “Neftyanik”in məşqçiləri və müxtəlif idman cəmiyyətlərinin nümayəndələri də belə yarışlarda iştirak edənlərə göz qoyub, istedadı ilə fərqlənənləri irəli çəkirmişlər. Ağasəlim Mircavadov da belə fərqlənənlərdən biri imiş. Keçmişə qayıtmaq onun üçün o qədər də çətin deyil. Üstündən xeyli keçsə də, yaddaşını vərəqləyən kimi hər şeyi dəqiqliklə xatırladığı məlum olur:
“1965-ci ilin sentyabr ayının axırlarında bütün Bakını əhatə edən turnir keçirilirdi. “Neftçi”nin “Neftyanik” adlanan vaxtları idi. “Spartak” stadionunda keçirilən turnirə Ələkbər Məmmədovun adı verilmişdi və perespektivli gənclərin seçimləri məhz həmin yarışda aparılırdı. “Spartak” cəmiyyətinin komandasında oynayan futbolçulardan dördü həmin turnirdən sonra “Neftyanik”ə dəvət olundu. Məndən savayı dəvət alanlar Əli Rəhmanov, Gülağa Quliyev və Arif Həmzəyev idi. 11-ci sinifdə oxuyurdum və əsasən müdafiəçi mövqeyində çıxış edirdim. “Neftyanik”in əsas heyətində 21 yaşım tamam olmamış, mart ayında debüt etmişəm. Odessa şəhərini təmsil edən “Çernomorets”ə qarşı ilk oyunuma çıxdım. 3:1 hesablı qələbə qazandığımızdan, ilk oyunum komanda üçün də əlamətdar oldu. Ondan sonra müntəzəm olaraq, “Neftyanik”in heyətində oynayırdım, əsas heyət üzvü sayılırdım.
Amma təəssüflər olsun ki, ağır zədələnməyim bütün planları pozdu. 1967-ci il mövsümünün sonlarında dizimdən ağır zədə aldım. Cavanlıq idi, zədəmə o qədər də əhəmiyyət vermədim, müalicəsi ilə məşğul olmadım. İndi də fəsadlarını hiss edirəm. Bəzən sağ ayağımla sərt hərəkət edəndə, yaxud oturub-qalxanda həmin ağrıları yenə də özünü göstərir. O vaxtlar tibb belə inkişaf etməmişdi. İndi diz bağları qopan əməliyyat olunur, 5-6 aydan sonra məşq etməyə başlayır. Səhiyyənin imkanları o vaxt da belə olsaydı, mən kayeramı yüksək səviyyədə davam etdirərdim. Bir-iki ay zədəmə fikir vermədim. Sonra müxtəlif kremlərin köməyinə bel bağladım. Ağrılar məni tərk etmədi. Məcbur oldum cərahiyyə əməliyyata razılıq verdim. 1969-cu və 70 illərdə birtəhər meydana çıxırdım, zədəli ayaqla oynamağa çalışırdım. Bəzən olurdu ki, zədəmi yeniləyirdim. Moskvada əməliyyat olundum. Amma ayağım düzəlmədi. Sağ ayağım hələ də tam bükülmür. Belədə karyeramı bitirməkdən başqa əlacım qalmamışdı. 24 yaşımda karyeramı başa vurmağı düşünürdüm. Hərbi xidmətlə bağlı problem yarandı. 27 yaşa kimi futbol oynayanları əsgərliyə aparmırdılar. Mən də zədəli ayağımla əsgərliyə getmək istəmədim, ona görə də çalışdım ki, məsələni bir az uzadım" (gülür – red.)
“Ponomaryovun uğur qazanmasına görə məni də mükafatlandırdılar”
Mircavadov futbolçu karyerasını bitirsə belə sevimli idman növündən ayrılmır və özünü məşqçilikdə sınamağa qərar verir. Düzdür, 27 yaş məşqçiliyə başlamaq üçün elə də uyğun dövr deyildi. Hər halda, “Neftçi”də oynadığı üçün özünü “as” sayan yaşıdlarına göstəriş vermək, məşqçi kimi onlara rəhbərlik etmək asan məsələ sayılmırdı. Bu səbəbdən də gənc mütəxəssis, daha çox təcrübə toplamağa, özündan daha təcrübəlilərdən görüb götürməyə çalışırdı.
SSRİ dövründə Moskva Ali Məşqçilər Məktəbini bitirmək hər bir mütəxəssis üçün böyük uğur, şərəf sayılırdı. Ağasəlim Mircadov bu zirvəni 1982-ci ildə, 35 yaşında fəth edir. Bundan 5 il sonra isə, “Neftçi”ni baş məşqçi kimi meydana çıxarmaq imkanı qazanır. 1987-ci il mövsümünə “Neftçi” Aleksandr Sevidovla başlasa da, uğursuz nəticələr səbəbindən baş məşqçi postunda dəyişiklik baş verir. Mircavadov əlinə düşən fürsəti lazımınca dəyərləndirir, bir il sonra isə “Azərbaycanın əməkdar məşqçisi” adını qazanır. Mircavadov həmin illəri özü üçün unudulmaz hesab edir:
“Mövsümün gedişində “Neftçi”yə rəhbərlik etmək təklifi aldım. Komandanın içində olduğumdan futbolçuları yaxşı tanıyırdım, problemlərdən də xəbərdar idim. Ona görə də çətinlikdən qorxmadım və əminliklə bildirdim ki, komandanı böhrandan çıxarmağı, Güclülər dəstəsində yerimizi qorumağı bacaracağam. Azərbaycan futbolunun “qızıl nəsli” sayıla biləcək futbolçular hamısı “Neftçi”də cəmləşmişdi. Yeganə problem komandanın toparlanması və vahid məqsəd uğrunda mübarizə aparmaq idi. Gözlədiyim kimi də bunu bacardıq. Mövsümü 9-cu pillədə bitirdik. İndi çoxlarına bu zəif nəticə kimi görünə bilər, amma həmin şəraitdə 9-cu yer yaxşı idi. Növbəti ildə, yəni 1988-ci ildə İqor Ponomaryov Olimpiya oyunlarının qalibi oldu. O da “Neftçi”nin yetirməsi idi. Ponomaryovun qızıl medal almasının mənə də faydası oldu, “Əməkdar məşqçi” adına layiq görüldüm”.
“Qarabağ”la qazandığımız çempionluğun əziyyəti daha çox idi”
Mircavadov hazırda işsiz olsa da, xüsusilə müstəqillik illərində yetərincə uğur qazanıb, adını Azərbaycan futbolunun tarixinə yazdıra bilib. Fakt odur ki, onun Azərbaycanda qazanmadığı titul yoxdur. 4 müxtəlif klubun “sükançısı” kimi beş dəfə Azərbaycan çempionu olan mütəxəssisin şəxsi kolleksiyasında xeyli qənimət var: Superkubok, çempionatın üç gümüş, bir bürünc medalı. Bundan başqa Ağasəlim Mircavadov ölkə kubokunda yeddi final oynayıb ki, onların da dördündən qalib ayrılıb.
Onun klub karyerasında Ağdamın “Qarabağ” klubu xüsusi yer tutur. “Qarabağ” onun rəhbərliyi altında ardıcıl 5 mövsümdə Azərbaycan çempionatının iddialı komandalarından biri olub. Qısa müddətdə “Bakı fəhləsi”ni çalışdıran Ağasəlim bəy 1999/2000, 2000/01 mövsümlərində “Şəmkir”ə ardıcıl iki mövsüm Azərbaycan çempionatının qızıl medallarını qazandırıb. Sonradan bu nəticəyə “Neftçi” və “Xəzər Lənkəran”la imza atmaqla, Azərbaycanın beşqat çempionu olmağı bacarıb. Müxtəlif illərdə qazandığı çempionluqların hansının daha dəyərli olması ilə bağlı sualımıza Ağasəlim bəy belə cavab verdi:
“Bütün çempionluqlar mənə əzizdir. Çünki o qızıl medalların hər biri bizim üçün gərgin mövsümün, il boyu çəkdiyimiz əziyyətin bəhrəsi idi. Siz də razılaşarsız ki, Qarabağ adı çox əzizdir, bu ad yaralı yerimizdir. Həm də o illər bütün respublika üçün ağır illər idi. Çempionata Ağdamda başlamışdıq. Sonra gah, Mingəçevirdə məskunlaşırdıq, gah da, Sumqayıtda. Pulu düşünmürdük. Tək məqsədimiz o idi ki, Ağdamın adını uca tutaq, Qarabağı tanıtdıraq. Biz də qaçqın həyatı yaşayırdıq. Heyətdəkilər təkcə peşəkar futbolçu kimi yox, əsl döyüşçü kimi davranırdılar, bütün çətinliklərə dözürdülər. Ona görə də o çempionluğu digərlərindən fərqləndirirəm. Vaxt olurdu ki, qaldığımız bir otağa 8-10 nəfər toplaşardıq, elektrik sobası ilə isinirdik, müxtəlif futbol söhbətləri edib xatirələrimizi bölüşürdük. Həqiqətən də unudulmaz günlərdir. Sonradan “Şəmkir”lə, “Neftçi” və “Xəzər Lənkəran”la qazandığımız çempionluğun da öz yeri var. Ağır və ya yüngülə, yaxud da az-çox şirinə bölmək istəməzdim. Çünki çox əziyyət çəkmişik, illərimizi vermişik”.
“Ermənilərin “Neftçi”nin qabağından qaçması bizim xalqımızın qələbəsidir”
Ağasəlim Mircavadov “Birlik kuboku”nda Azərbaycan klublarına iki kubok qazandırıb. O, həmçinin ermənilərin dizini yerə vurmağımızın da memarıdır. Özü də vurğulayır ki, “Birlik kuboku”nda həmin illər gərgin mübarizə gedirmiş və orada qazanılan hər bir qələbə, Azərbaycan çempionuna böyük fədakarlıq bahasına başa gəlirmiş:
“Birlik kuboku” Rusiya Futbol İttifaqının rəhbəri Vyaçeslav Koloskovun layihəsi idi. O istəyirdi ki, SSRİ dağılandan sonra mütəffiq ölkələrin futbol əlaqələri qırılmasın, münasibətlər davam etsin. İlk vaxtlar bütün çempionlar bu yarışa ciddi yanaşırdılar, əsas heyətlə qatılırdılar. “Qarabağ”la da bu yarışda iştirak etmişəm. Onda rəqabət daha güclü idi, növbəti mərhələyə yalnız qrup qalibləri yüksəlirdi. Biz 2-ci olduq və mübarizəni dayandırdıq. Bu yarış kiçik bir SSRİ çempionatı sayıla bilərdi.
Erməniləri məğlub etməyimiz isə, bir tarixi hadisə idi. Siz tarixə diqqət yetirin. Biz onları yanvarın 19-da məğlub etdik. Həmin günün ertəsi xalqımız 20 yanvar şəhidlərinin xatirəsini yad edirdi. Düşünürəm ki, biz bu qələbə ilə yaralı qəlblərə az da olsa təskinlik verə bildik. Turniri qazanmağa bərabər bir qələbə idi. Növbəti mövsüm isə, ermənilər bizimlə qarşılaşmaqdan qorxdular, gecə ilə şəhəri tərk etdilər. Bu bizim xalqımızın tarixi qələbəsi idi. İndiyə qədər iştirak etdiyim turnirlərdə yeganə hal kimi bunu yaşamışam ki, rəqib qarşımızdan qaçıb.
Belə qələbələrdə əsas məsələnin mənəvi tərəfidir. Amma klub rəhbərliyi maddi baxımdan da futbolçulara lazımınca mükafat verdi. Rövnəq Abdullayev onda həm “Neftçi”nin prezidenti, həm də zavodun direktoru idi. İndiki kimi daha yüksək postlar tutmurdu. Bununla belə, çox sağ olsun, nə söz vermişdisə, onu da yerinə yetirdi. Tarixi qələbəmizə görə “Neftçi”yə yaxşı mükafat ayrıldı. 2008-ci ildə “Xəzər Lənkəran”la da “Birlik kuboku”nu qazandıq. Mübariz Mənsimov da həmin vaxt futbolumuz üçün çox işlər görürdü. Onun tapşırığı ilə də komandaya yaxşı mükafat ayrılmışdı”.
“Xəzər Lənkəran” mənim üçün unudulmaz klubdur”
Söz “Xəzər Lənkəran”a çatdısa, ondan cənub klubu ilə bağlı xatirələrini də soruşuruq. Lənkəran klubunun indiki vəziyyətinə çox təəssüflənir:
“Elə bil taleyin qismətidir ki, mən daha çox bölgə klublarında çalışmışam. “Qarabağ”, “Şəmkir” və “Xəzər Lənkəran”. Üçü də Azərbaycan futbolunda vacib yer tutur. Lənkəranda futbolu sevən, onu anlayan yetərincə azarkeş var. İndi də mənə zəng vururlar, narahatlıqlarını ifadə edirlər. Təəssüflər olsun ki, mənim əlimdən də heç nə gəlmir. Yoxsa, “Xəzər Lənkəran”ı həmişə yüksəklərdə görmək istəyirəm. Ümumiyyətlə, “Xəzər Lənkəran” cənub zonasında futbolu ayağa qaldırmışdı, həyata qaynarlıq gətirmişdi. SSRİ dövründə də belə idi. Orada işləmək həm ağırdır, həm də maraqlı. Onu da deyim ki, “Xəzər Lənkəran”la çempion olmaq, bizə çox çətin başa gəldi. Sizin də yadınızdadır. Çempionatda necə rəqabət var idi. 5-6 komanda çempionluq uğrunda mübarizə aparırdı, əcnəbi məşqçilər, səviyyəli legionerlər, dolu tribunalar... Biz o mübarizədən qalib çıxmışıqsa, böyük iş görmüşük. O illərdə “Neftçi” 2-ci yer tutanda bunu uğursuzluq sayırdılar. Çempionatda həm gərginlik vardı, həm də maraq. Bu isə futbolçular üçün də, məşqçilər üçün də yaxşı idi. Məhz o illərdə “Mircavadov harada, çempionluq da orada” deyimi ortaya çıxmışdı...”
“Rəqibləri Trabzonda qəbul edəcəyimizi bilmirdik”
Elə o məşhur və gerçək deyimdən milli komandaya keçid alırıq. Qəribədir ki, klublarla daim uğur qazanan Ağasəlim Mircavadov millinin “sükançısı” kimi çıxdığı 10 oyunda qələbə və heç-heçəyə həsrət qalıb. Özü isə bunun səbəbsiz olmadığını deyir:
“Burda gizlin heç nə yoxdur. Milli komandanın, ümumlikdə Azərbaycan futbolunun ən çətin günləri mənim baş məşqçi olduğum vaxtlarda idi. Heç bir təlim-məşq toplanışı keçirməyə imkan yox idi. Səfər oyunlarına çətinliklə, bir-neçə təyyarə dəyişərək gedirdik. Ev oyunu anlayışı yox idi. Rəqiblərimizi Trabzonda qəbul edirdik. Heç kim komandaya rəhbərlik etmək istəmirdi. Mən məsuliyyəti öz üzərimə götürdüm. Fuad Musayevlə qısa söhbətdən sonra, baş məşqçi olmağa razılıq verdim. Amma onda bilmirdik ki, rəqibləri Trabzonda qəbul edəcəyik. UEFA nümayəndələri Bakıya gəldilər. Biz onları inandırmağa çalışdıq ki, Bakıda heç bir hərbi vəziyyət yoxdur, təhlükəsizliyə təminat veririk. Onlar bizə inanmadılar. Rəqib federasiyalar UEFA-ya şikayət etdilər ki, Bakıya getmək istəmirik.
10 oyundan birinə Məşqçilər Şurası birlikdə komandanı hazırlamışdı. Mən bizim ilk rəsmi oyunumuz olan Rumıniya ilə qarşılaşmada komandanı meydana çıxardım. Həyacan, təcrübəsizlik öz sözünü dedi. Slovakiyaya ilk qolumuzu vurduq, İsraillə çox yaxşı oynadıq. Amma son nöqtəni qoya bilmirdik. Çünki futbolçular bir yerdə çox az vaxt keçirirdi, qarşılıqlı anlaşma zəif olurdu. Bir çox oyunlarda bu vacib məqam öz sözünü deyirdi.
Fransa ilə məlum oyun isə, mənim üçün millidə sonuncu oldu. Bəzi aparıcı oyunçular müxtəlif səbəblərdən Oserdəki oyunda iştirak edə bilmədilər. İlk yarıda bir-neçə dəfə qol imkanımız oldu, amma təcrübə və səviyyə fərqi öz sözünü dedi. Bir məqamı deyim. Mən fasiləyə qədər əvəzetmə həyata keçirməyi xoşlamıram. Vəziyyət o həddə gəldi çatdı ki, ilk yarıda qapıçını dəyişməli oldum. Futbol tarixində nadir hadisə idi. Fransızlar hardan qapıya zərbə vururdularsa qol olurdu. Gördüm ki, qapıçı çox həyacanlıdır. Ondan sonra millidə çalışmamışam, heç belə təklif də olmayıb”.
“Cənab İlham Əliyev bizə 10 min dollar mükafat verdi”
“Əsas millidən uzaqlaşandan sonra AFFA prezidenti Fuad Musayev israrla məni komandaya çağırırdı. Amma razılıq vermədim. 1999-cu ildə müvəqqəti U-21-i çalışdırdım. O vaxtlar komanda Olimpiya yığması adlanırdı. İlk oyunda Sumqayıtda Macarıstanla qarşılaşdıq və 2:1 hesabı ilə qələbə qazandıq. Cənab prezidentimiz İlham Əliyev də Milli Olimpiya Komitəsinin prezidenti kimi qarşılaşmanı izləyirdi. Oyundan sonra cənab İlham Əliyev komandanın çıxışını bəyəndiyini, problemlərindən xəbərdar olduğunu bildirdi, MOK prezidenti kimi 10 min dollar mükafat ayırdığını dedi. Həmin məbləği komanda üzvləri arasında bölüşdürdük”.
“Əfqan Həmzəyevə qarşı kinim yoxdur”
Ağasəlim Mircavadovla söhbətləşmişkən “Xəzər Lənkəran” və “Neftçi” arasında keçirilən “böyük oyun”ları xatırlamaya bilməzdik. Bu oyunlardan ən yadda qalanlarından birində də, elə Mircavadov iştirak edib və oyunun baş hakimi Əfqan Həmzəyevlə münaqişə yaşayıb. Xatırladaq ki, 2010/11-ci il mövsümündə Lənkəranda keçirilən və 0:0 hesabıyla bitən görüşdə Həmzəyev meydan sahiblərinin iki qolunu saymamışdı.
“Mən kin saxlayan adam deyiləm. Ondan sonra da Əfqan Həmzəyevlə qarşılaşmışıq. Heç bir düşmənçiliyimiz yoxdur. Sözümü bir dəfə Həmzəyevə demişəm. Kin saxlayan adamdan da xoşum gəlmir. Gözümü açandan da valideynlərimi belə görmüşəm. Seyid adamam, bizim evimiz ocaq sayılır. Quran oxuyuram, ibadət edirəm. Əfqan da müqəddəs torpaqları ziyarət etmiş adamdır, hacı adlanır. O cür hərəkətlər heç kimə yaraşmaz, ziyarətə gedənə isə ümumiyyətlə yaraşmaz. Din adamıyam, namaz qılıram, belə şeyləri yaxşı bilirəm. Müqəddəs topraqlar belələrini qəbul etməzlər. Deyə bilmərəm kiminsə əmri ilə belə edirdi. İnsandır, səhvə yol verə bilər. Ona bir söz dedim ki, göyda Allah var, sən belə hərəkətlər eləmə”.
“Əsgər Abdullayevə dedim ki...”
Söhbəti gərgin məcraya yönəltməmək üçün istiqaməti dəyişdiririk, xahiş edirik ki, SSRİ çempionatından xatırladığı maraqlı hadisələrdən birini SportLine.az oxucuları üçün danışsın:
“1987-ci ildə ardıcıl iki çətin səfərə getmişdik. “Dinamo” Minski 3:1 məğlub etdik. Vilnyusa getdik, “Jalgiris”lə oyun başladı. Son dəqiqələrdə 0:1 uduzurduq. İsgəndər Cavadov sağ cinahdan cərimə zərbəsi yerinə yetirirdi. Hamı getmişdi irəli, Əsgər Abdullayev tək qalmışdı. Onu çağırdım, dedim ki: “sən də irəli get”. Əsgər cərimə meydançasına daxil olar-olmaz İsgəndər topu havalandırdı. Bəstəboy Abdullayev havadaykən topa başla zərbə vurdu və qapı torunu silkələdi, hesab bərabərləşdi. Həmin anlardakı komandanın sevinci unudulmaz idi. Əsgər ilk dəfə idi ki, Güclülər dəstəsində fərqlənirdi”.
Bu ilin oktyabrında Mircavadov 70 yaşını tamamlayacaq. Xatirələrini təzələdikcə, içindəki çalışmaq, Azərbaycan futboluna meydançanın kənarında fayda vermək, illərlə topladığı təcrübəni və biliyini yenə də gənclərlə bölüşmək istəyini hiss edirsən. Ümid edək ki, 70 yaşını iddialı klubların birinin baş məşqçisi kimi, turnir cədvəlinin üst pillələrində qeyd edəcək. Xatirələri yeniləmək zamanıdır...
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir