Azərbaycan futbolunun tarixi: futbolçu və döyüşçü Novruz Əzimov
SportLine.az dəyərli oxucularına “Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!” layihəsi çərçivəsində 12-ci yazını təqdim edir.
Ötən yazılarımızda, sizə Azərbaycan futbolunun tarixində iz qoymuş şəxsiyyətlərdən, ümidləri doğrultmayan, lakin yetərincə istedadlı futbolçulardan söz açmışıq. Bundan başqa, 39 il əvvəl “Paxtakor”la SSRİ çempionatının oyunundan sonra, Respublika stadionunun tribunalarında yaşanan iğtişaşlara toxunduq, tarixin qaranlıq qalan gizlinlərini aydınlatmağa çalışdıq. Azərbaycan futbolunun tarixində özünəməxsus yer tutan, yetişdirdiyi istedadlar və “Kəpəz”i ilə məşhurlaşan Gəncə futbolunun da dünəni, bu günü ilə bağlı geniş araşdırmamızı da, məhz bu layihə çərçivəsində sizə təqdim etdik.
12-ci yazımızın qəhrəmanı da adını tarixə yazdırmağı bacaranlardandır. Özü də təkcə futbolçu kimi yox, həm də döyüşçü kimi. Bilənlər bilir, bilməyənlər də bu yazını oxuyanda biləcək ki, Novruz Əzimov təkcə futbol meydanlarında idman şərəfimizi qorumayıb. O, həm də vətənin ağır günlərində əlinə silah götürüb, 1-ci Qarabağ müharibəsində iştirak edib. Özü də könüllü. Butslarını əsgər çəkməsi, ağ-qara formasını döyüşçü libası ilə, topu isə avtomat ilə əvəzləyib.
Novruz Əzimov 1960-cı il martın 19-da Laçın rayonunun Alıqulu kəndində dünyaya göz açıb. Bakının Mehdiabad qəsəbəsində böyüsə də, ürəyi hər zaman doğma Laçınla döyünüb. Məhz elə bu səbəbdən də Qarabağ uğrunda gedən döyüşlərin ən qızğın və ağır vaxtlarında könüllü olaraq cəbhəyə yollanıb. Buna qədər isə Əzimov düz 12 il müxtəlif klubların heyətində oynayıb, özünü istedadlı futbolçu və etibarlı müdafiəçi kimi isbatlaya bilib.
“Araz Naxçıvan”dan başlayan və Lvova qədər uzanan karyera
Novruz Əzimovun təvəzökar olduğunu eşitmişdik. Amma onunla söhbətimizdə buna bir daha əmin olduq. Öz keçmiş karyerasından, şərəfli döyüş yolundan danışmağa o qədər də həvəsli deyil.
Futbolla məşğul olmağa “Neftçi”nin hazırlıq qruplarında başlasa da, peşəkar kimi debütü, Bakıdan xeyli uzaqda, Naxçıvanı təmsil edən “Araz Naxçıvan”da baş tutub. Bir müddət seçim qarşısında qalan Əzimov, ali təhsilli mühəndis olmaqdan vaz keçərək, topun arxasınca uzanan yola üstünlük verib. İnşaat Mühəndisləri İnstitutuna qəbul olunsa da, seçimini futbolun xeyrinə edib.
“O vaxt peşəkar futbolçuların oynadığı komandaya “Ustalardan ibarət komanda” deyirdilər. Mən bir müddət “Suraxanılı”da da oynamışam. Amma böyük futbola ilk addımımı Naxçıvanda atdım. 1980-ci ildə “Araz Naxçıvan”a dəvət olundum və çox düşünmədən ora yollandım. Növbəti il də orada oynadım. Daha sonra Əhməd Ələsgərov məni rəhbərlik etdiyi “Neftçi”yə dəvət etdi. 1982-ci il mövsümü idi. Həmin ilin martın 26-da səfərdə Donetsk “Şaxtyor”una qarşı oyunda əsas komandada meydana çıxdım və oyun qolsuz bərabərliklə bitdi. Mövsüm ərzində 12 oyunda meydana çıxdım. Bir oyunda sarı vərəqə cəzalısı idim. Elə həmin il Moskva “Torpedo”su ilə oyunda ağır zədə aldım və bir müddət futboldan uzaq düşdüm”.
Həmin zədəsini burada müalicə etdirmək ona nəsib olmur. Zədələrdən əziyyət çəkən Əzimov Ukraynanın Lvov şəhərinə yollanır. Orada həm hərbi xidmətini keçir, həm də yerli OİK-in heyətində futbol oynayır.
“Qapıçı Elxan Rəsulov da mənimlə birlikdə Lvovda idi. Hər ikimiz hərbi xidmət keçirdik. 1983-cü ilin axırından OİK-də oynamağa başladıq. O minvalla 1985-ci ilin martına qədər orada qaldıq. “Neftçi”yə qayıdışım yalnız ordudan təxris olunduqdan sonra mümkün oldu. Ağasəlim Mircavadov 1984-cü ilin sonlarında “Neftçi”də Ruslan Abdullayevin köməkçisi idi. Riqada bizim oyunumuza baxdı və Rəsulovla məni “Neftçi”yə dəvət etdi. Amma biz əsgər idik, özbaşımıza Lvovu tərk edə bilməzdik. Ona görə də Müdafiə Nazirliyindən təxris əmri gələnə qədər gözlədik. Sənədləşmə işləri may ayına qədər uzandı. “Neftçi”yə gəlişimlə yenidən əsas heyət üzvünə çevrildim və düz beş mövsüm komandanın şərəfini qorudum”.
“Neftçi”nin Güclülər dəstəsində sonuncu qolunun müəllifi
1988-ci ildə “Neftçi” SSRİ çempionatının Güclülər dəstəsində sonuncu mövsümünü keçirdi. Noyabrın 19-da Kiyev şəhərinin Mərkəzi stadionunda “Dinamo”ya qarşı oyuna Azərbaycanın “xalq komandası” aşağıdakı heyətlə çıxmışdı: Elxan Həsənov, Novruz Əzimov, Yaşar Vahabzadə, Rasim Abuşov, Aleksandr Federovski, Vitali Alxazov, Yunis Hüseynov, Vidadi Rzayev, Vəli Qasımov, Maşallah Əhmədov, Samir Ələkbərov.
Bu futbolçular həmin gün bilmirdilər ki, “Dinamo”ya qarşı oyun “Neftçi” üçün tarixi olacaq və bir daha Bakını təmsil edən komanda SSRİ adlanan imperiyanın çempionatında elita iştirakçıları sırasında yer almayacaq. Maraqlıdır ki, bu tarixi oyunda hesabı bakılı futbolçular açıblar və bu günkü yazımızın qəhrəmanı Novruz Əzimov 10-cu dəqiqədə adını tabloya yazdırıb. Təəssüflər olsun ki, 25 və 86-cı dəqiqədə fərqlənən meydan sahibləri “Neftçi”nin qapını bərk çırpmasına və elitanı qalib tərk etməsinə imkan verməyiblər. Əzimov da həmin oyunu təəssüflə xatırlayır:
“Qol vurduğum anda xeyli sevinirdim. Standart vəziyyət zamanı Yunis Hüseynov topu mənə ötürdü və mən də onu dəqiq zərbəy ilə Çanovun qoruduğu qapıdan keçirdim. Amma sonda 1:2 hesablı məğlubiyyətə üzüldük.
Növbəti il də “Neftçi”də oynadım. Artıq komandada nəsildəyişmə prosesi gedirdi, yeni gənclər ortaya çıxırdı. 1989-cu ilin sonunda “Neftçi” peşəkar futbol klubuna çevrildi. Prezident də Aydın İbrahimov idi. Bizə boş müqavilələr təqdim olundu. Müqavilədə 37 bənd var idi. Amma hamısı boş qoyulmuşdu. Yalnız sonda karandaşla müddət qeyd olunmuşdu. Nazim Süleymanovla mən bu müqaviləni imzalamaqdan imtina etdik. Düzdü, indi o günlərə çox da qayıtmaq istəmirəm. Bir şeyi deyim ki, fikrimdə qalıram. İmza atmamaqla heç kimlə prinsip aparmırdıq, öz haqqımızı tələb edirdik. Biz bilmək istəyirdik ki, hansı şərtlərlə oynayacağıq. Mən ardıcıl 5 il “Neftçi”də əsas heyətdə mütəmadi meydana çıxmışdım. Meydanda can qoymuşdum, dəfələrlə qaşım partlayıb, bir dəfə ayağım sınıb. Rəhbərlik isə bizi başa düşmək istəmirdi. Deyirdilər ki, oynamaq istəyirsizsə, boş müqaviləni imzalamalısınız. Razılıq əldə olunmadığı üçün komandadan ayrıldıq”.
Qanlı şənbə gecəsinin pozduğu planlar...
Novruz Əzimov “Neftçi”dən ayrıldıqdan sonra, yenidən Lvova getməyə qərar verir. Orada etibarlı müdafiəçini unutmamışdılar və onu yenidən komandanın heyətində görmək istəyirdilər. “Neftçi” ilə yollarını ayıran Əzimov yanvarın 22-də Lvova yollanmaq üçün bilet də alır. Amma yanvarın 19-dan 20-ə keçən gecə Sovet Ordusunun Bakıda törətdiyi qırğın onun da planlarını dəyişir. Təvəzökarlıq edir, o günləri xatırlamağın çətin olduğunu deyir. Amma israrlarımızdan sonra ürəyini boşaldır:
“Mən Naxçıvani küçəsində yaşayırdım. Bizim binadakı qonşularımızdan da şəhid olanlar var idi. Özünüz fikirləşin, mən necə şəhidlərin nəşini qoyub Ukraynaya yollana bilərdim? Yanvarın 22-də şəhidlərin dəfn mərasimində iştirak etdim. Əhval-ruhiyyə yaxşı deyildi. Fikirləşdim ki, belə bir vaxtda heç cür gedə bilmərəm. Kənardan baxan deyəcəkdi ki, bunlar vətənlərini qoyub qaçırlar. Həmin gün məni Lvovda gözləyirdilər. Şəhər rəhbərliyi şəxsən mənə tanıyırdı. Yeni ili orada qarşılamışdım, bütün şərtləri həm şəhər rəhbərliyi, həm də məşqçilərlə danışmışdım. Lvov vilayətində mənə ev verirdilər. Getsəydim, əsas heyətdəki yerim də təmin olunmuşdu. Amma 20 yanvarda baş verənlərdən sonra imtina etdim.
Sergey Kramarenko yaşananları eşitdi və məni Qazaxa dəvət etdi. Onunla danışandan sonra Qazaxa yollanmağa qərar verdim. 12 oyun “Göyəzən”də, 18 oyun da “Kəpəz”də keçirdim. Bir il sonra yenidən “Neftçi”yə qayıtdım. Bütöv bir mövsümü “Neftçi”də oynadım. Növbəti il isə Azərbaycanın ilk müstəqil çempionatı keçirildi”.
Həm meydanda, həm də səngərdə keçən il
Müstəqil Azərbaycanın ilk çempionatı 1992-ci ilin mayında start götürür. İlk turda “Neftçi”nin heyətində meydana çıxan Novruz Əzimov qərarını qətiləşdirir və doğma Laçının harayına tələsir. Əlinə silah götürüb, cəbhənin qaynar nöqtələrinə yollanan Novruz bəyin bu igidliyi klub rəhbərliyinin və AFFA-nın diqqətindən kənarda qalmır:
“Sumqayıtda yerli komanda ilə keçirilən oyunda meydana çıxdım. Ondan bir-neçə ay əvvəl də cəhbəyə yollanmışdım, amma təkidlə məni komandaya qaytarmışdılar. Dəqiq xatırlamıram, ya mayın 7-si, ya da 8-i idi. Cəbhədən ağır xəbərlər gəlirdi. Artıq dözə bilmədim və könüllü olaraq döyüşə yollandım. Oktyabrın ortalarına qədər səngərdən çıxmadım. Baxmayaraq ki, çempionatda cəmi bir oyun keçirmişdim, “Neftçi” rəhbərliyi maaşımı kəsməmişdi. Maaşımı verirdilər. Özüm isə cəbhədə idim. “Neftçi”nin çempionluğuna töhfə verə bilmədiyim üçün təəssüflənirdim. Amma heyətdə məni əvəz edənlər var idi. Sağ olsunlar. “Neftçi” mövsümü yüksək səviyyədə keçirdi və çempion oldu. Qızıl medalların təltif edilməsi mərasiminə məni də çağırmışdılar. Getdim və mənə AFFA-nın sabiq prezidenti, rəhmətlik Fuad Musayev medalla yanaşı “Fəxri Fərman” təqdim etdi. Azərbaycan çempionatının ilk qızıl medalı idi.
1992-ci ilin sonunda daxili işlər orqanlarına işə qəbul olundum, Gəncə zonasında çalışmağa başladım. Elə orada da futbol oynayırdım. Futbolçu karyerama 1997-ci ildə “Kəpəz”in üzvü kimi son qoydum”.
“Yeddi nəfərlə erməniləri Laçın ətrafındakı postdan qovmuşduq”
Dağlıq Qarabağda gedən döyüşlərin ən qızğın və qanlı vaxtlarında səngərdə olan Əzimovun döyüşçü xatirələrini təzələmək çox ağır idi. Hiss edirdik ki, yarasının qaysağını qoparırıq, gözləri yol çəkir. Bu xatirələrdən ən unudulmazlarından birini SportLine.az oxucuları üçün nəql edir:
“Çox çətin və qarışıq günlər idi. Vahid komandalığın olmamasından əziyyət çəkirdik. Bəzən cəbhədə əsl anarxiya hökm sürürdü. Amma dözmək və sona qədər döyüşmək əzmində idik. Bu yolda şəhid olmağa da hazır idim. Laçından Ermənistan tərəfə bizim “31-ci post” aldanan bir məntəqəmiz vardı. Çağazur kəndinin üstündə yerləşən strateji ərazi idi. Bizim əsgər yoldaşlarımızın iki nəfəri şəhid olmuşdu və ermənilər oranı işğal etmişdilər. “30-cu post”un yaxınlığında da biz yeddi əsgər idik. Mən dedim ki, gedək postumuzu qaytaraq. “30-cu post”da bizim qarşımızı kəsdilər, öz komandirlərimiz irəli getməyə icazə vermirdilər. Biz israr etdik və yolumuzdan dönmədik. Yanımda İsabala adlı döyüş yoldaşım idi, sonralar polk komandirinin müavinliyinə qədər yüksəldi. Onun qardaşı Mübarizi, basqallı Şirzadı xatırlayıram. Ümumilikdə yeddi əsgər qəti şəkildə bildirdik ki, “31-ci post”a gedəcəyik. Girdik “BMP” döyüş maşınının içinə, orada bizə daha 4 nəfər qoşuldu. Posta 500-600 metr qalmış maşından çıxdıq və açıq döyüşə başladıq. Ermənilər qorxuya düşdülər ki, üzərlərinə böyük bir ordu gəlir və qorxularından qaçmağa başladılar, postu azad etdik. Orada Nizami Abbas adlı jurnalist bizim postu azad etməyimizi lentə almışdı. Diskini sonradan bizə çatdırdı. Arxaya məlumat verirdik ki, əlavə kömək göndərin, postu azad etmişik. Amma onlar inanmırdılar ki, biz sağıq və postu qaytarmışıq. Səngərdə ən hündür adam mən idim, hərəkət edəndə deyirdilər ki, birinci səni vuracaqlar. Gülüşürdük”.
Son söz əvəzi
Əksər məşhur futbolçularımız kimi, Əzimovun da övladlarından yolunu davam etdirən olmayıb. İki qız övladı ilə yanaşı bir oğlu da var. Amma ailənin yeganə oğul övladı futbola yox, taekvandoya həvəs göstərib. Novruz bəyin özü isə, futbolçu karyerasını bitirdikdən sonra məşqçiliyə başlayıb. Məşqçilik karyerası əsasən “Bakı” klubu ilə bağlı olan Novruz bəy, 2012-ci ildə “zolaqlılar”la Azərbaycan kubokuna sahib çıxıb. Bu yaxınlarda “Neftçi”dəki yeni işinə başlayan Əzimovdan məşqçi kimi daha böyük uğurlar gözləyirik. Əminik ki, bunun üçün vacib olan futbolçu bacarığı da, döyüşçü əzmkarlığı da onda var. Xoş soraqlarını gözləyirik, İgid Əsgər!
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir