Azərbaycan karateçiləri Türkiyədə 34 medal qazandılar

Azərbaycan karateçiləri Türkiyənin Ordu şəhərində Qara dəniz və Xəzəryanı ölkələrin uşaq, yeniyetmə və gənclər arasında çempionatında 34 medala sahib olublar.

SportLine.az xəbər verir ki, 3 gün davam edən nüfuzlu yarışda 11 qızıl, 12 gümüş və 11 bürünc mükafata sahib olan idmançılarımız 8 ölkədən 94 klub və seçmə komandanı təmsil edən iştirakçılar arasında 2-ci yeri tutublar. 

"Qaraqaplan", "Arpaçay" və Sumqayıt şəhər klublarının üzvlərindən ibarət 8-9 və 14-15 yaşlı yeniyetmələr seçmə komandası, komanda kumite kateqoriyasında çempion olub. Yarışda Bakı, Sumqayıt və regionları təmsil edən "Qaraqaplan", "Arpaçay", "Cudo 2012", DİN İdman klubu, "Xətai" və bir sıra klublardan 70-dən artıq idmançı iştirak edib. Daha yüksək nəticəni "Qaraqaplan", "Arpaçay" və Sumqayıt klublarının yetirmələri əldə ediblər. 

Çempionatın rəsmi açılış mərasimində Türkiyə Karate Federasiyasının prezidenti Esad Delihasan, Qara dəniz və Xəzəryanı ölkələri Karate Federasiyaları təşkilatının prezidenti Yaşar Bəşirovun adından yarış iştirakçılarına uğurlar arzulayıb. 

Azərbaycan Karate Federasiyasının məlumatı