Azərbaycanda 7 oyunçu futboldan uzaqlaşdırıldı

AFFA İntizam Komitəsi 1-ci divizionda danışılmış oyunlarda iştirak edən futbolçuları cəzalandrıb.

Onlardan 6 nəfəri 2 il müddətinə (1 il 6 ay şərti olmaqla), 1 nəfər isə ömürlük futboldan kənarlaşdırılıb. Bu futbolçuların hamısı Mərkəzi Ordu İdman Klubundakı fəaliyyəti zamanı qanun pozuntusuna yol veriblər. 

Sportline.az PFL-in saytına istinadən xəbər verir ki, qurumun bu gün keçirilən iclasında müvafiq qərarlar verilib.

Qərara əsasən, I Divizionda MOİK klubunda çıxış edən Kamil Hüseynov, İlham Allahverdiyev, Rüstəm Rüstəmov, Elşən Veysov, eləcə də bu komandada çıxış etmiş Qabil Sabirli, Fərman Bayramovun (hazırda “Araz Naxçıvan”ın qapıçısıdır) danışılmış oyunlar barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmağına qadağa qoyulub.

Samir Hüseynov isə danışılmış oyunların təşkil edilməsinə görə futbolla bağlı hər hansı fəaliyyətdən ömürlük məhrum edilərək AFFA və PFL bayrağı altında keçirilən oyunlarda stadiona daxil olmağı qadağan edilib.

Qeyd edək ki, 1 il 6 ay şərti cəza alan oyunçular 6 aydan sonra futbol fəaliyyəti ilə məşğul ola bilərlər.