Azərbaycanın boks millisi Avropa birinciliyini 5 medalla başa vurub

Türkiyənin Ərzurum şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyinə yekun vurulub.

Sportline.az xəbər verir ki, 9 gün davam edən yarışı Azərbaycan millisi 1 qızıl, 1 gümüş və 3 bürünc medalla bitirib.

Yığmanın heyətində Sübhan Babayev (44 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Emanuel Kioaba (Rumıniya), Tsotne Muntçava (Gürcüstan) və Georgi Ralfa (İngiltərə) qalib gələn boksçu finalda Antoni El Moettini (İtaliya) də məğlub edib. O, həlledici döyüşdə 4:1 (30:27, 30:27, 28:29, 30:27, 29:26) hesabı ilə qələbə qazanaraq Avropa çempionu tituluna yiyələnib.

Əli Məmişov (70 kq) gümüş medalla kifayətlənib. Orestas Staponkus (Litva), Niko Qoretaya (Xorvatiya) və Nikalaos Bliatzeyə (Yunanıstan) qalib gələn idmançı finalda Giorgi Biqvavaya (Gürcüstan) uduzub.

Komandanın aktivinə bürünc medalları isə Bağır Əlimxanlı (46 kq), Kənan Aslanlı (60 kq) və Banuçiçək Nəsirli (44 kq) yazdırıblar.

28 ölkədən 378 idmançının qatıldığı yarışda 4 medal qazanan oğlanlardan ibarət yığma Avropada Gürcüstanla birgə dördüncü yerə şərik olub. Birinci pilləni İngiltərə (4-2-4) tutub. İkinci yerdə Ukrayna (3-4-0) qərarlaşdığı halda, “üçlüy”ü İrlandiya (2-1-4) qapayıb.

1 bürünc medal sahib çıxan qızlardan ibarət milli Moldova ilə birgə 11-ci pillədə yer alıb. Avropa birincisi isə Türkiyə olub. “Ay-ulduzlular” 4 qızıl, 1 gümüş və 3 bürünc medal əldə ediblər.