“Viktoriya” nın futbolçusu: “Bakıda hava çox pis, rəqib isə yaxşı idi”

“Meydanın mərkəzində dayanıb Çempionlar Liqasının himninin dinləmək əla bir duyğu idi. İlk dəfə idi bu hissləri yaşayırdım. Orada olduğuma görə sevinirəm”.

Sportline.az xəbər verir ki, bu sözləri Çexiya mətbuatına müsahibəsində “Viktoriya”nın müdafiəçisi Vatslav Yemelka deyib. “Qarabağ”la Bakıda keçirdikləri Çempionlar Liqasının ilk pley-off matçı (0:0) haqda danışarkən 27 yaşlı futbolçu deyib: 

“Bakıdakı nəticə bizə revanş üçün əla şans verir. Komandamızla fəxr edirəm. Biz çətin şəraitdə heç-heçə üçün mübarizə apardıq və istəyimizə çatdıq. Bakıda hava çox pis, rəqib isə yaxşı idi”.

27 yaşlı mərkəz müdafiəçisi “Qarabağ”la oyunda ona yad olan sol cinah müdafiəçisi kimi oynayıb. Çexiya millisinin futbolçusu bu haqda deyib: “Bu haqda matça bir gün qalmış bildim. Əlbəttə, bu, stoper mövqeyi deyil. Amma mən tapşırıqla barışmalı oldum. Şadam ki, məşqçimiz məni həvəsləndirdi və məndə inam yaratdı”.

O, heç vaxt Çempionlar Liqasında oynamasa da, Bakıda 31 min tamaşaçı önündə çıxış edib. “Deməzdim ki, Bakıdakı oyun mənim üçün ən çətin matç idi. Mən hətta bunu ağlımdan da keçirmirəm. Hər dəfə meydana çıxanda rəqibin kimliyindən asılı olmayaraq, əlimdən gələni etməyə çalışıram”.

Xatırladaq ki, “Viktoriya” ilə “Qarabağ” arasında ÇL-in pley-off mərhələsinin cavab oyunu avqustun 23-də Plzen şəhərində keçiriləcək.