Boksçularımız Avropa çempionatına qələbə ilə başladılar
Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa birinciliyinə start verilib.
Sportline.az xəbər verir ki, 8 gün davam edəcək yarışın ilk gününün gündüz seansında Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.
Komandanın heyətində ilk olaraq mübarizəyə Daniel Xolostenko qoşulub. 71 kq çəki dərəcəsində qüvvəsini sınayan ölkə çempionu Andrey Osiyevsçi (Moldova) ilə üz-üzə gəlib. 1/16 final mərhələsində baş tutan görüş Xolostenkonun qələbəsi ilə başa çatıb. O, rəqibini vaxtından əvvəl tam üstünlüklə məğlub edib.
Boksçu 1/8 final mərhələsində Levent Qemeslə (Macarıstan) qarşılaşacaq. Görüş aprelin 17-də baş tutacaq.
Millinin digər üzvü Səid Abdullayev də qalib gəlib. 67 kq-da yarışan idmançı Samuel Quqliotta (İtaliya) ilə gərgin keçən döyüşdən üstün ayrılıb. O, 3:2 (29:28, 29:28, 27:30, 28:29, 29:28) hesabı ilə qələbə qazanaraq, 1/8 finala vəsiqə qazanıb. Abdullayev bu mərhələdə Kaan Bilge (Türkiyə) ilə üz-üzə gələcək. Boksçu ikinci döyüşünə aprelin 16-da çıxacaq.
Qeyd edək ki, Azərbaycan millisi Avropa birinciliyində oğlanların yarışında tam heyətlə təmsil olunur.