Boksçularımız finala yüksəliblər

Azərbaycan millisinin 3 boksçusu Mərakeşdə keçirilən Qızıl kəmər seriyasında finala vəsiqə qazanıb.

Azərbaycan Boks Federasiyasından (ABF) Sportline.az-a verilən məlumata görə, Ümid Rüstəmov (57 kq), Nəbi İsgəndərov (67 kq) və Alfonso Dominqes (86 kq) yarımfinal mərhələsində rəqiblərini məğlub ediblər.

Ümid Rüstəmov yarımfinalda italiyalı Françesko İoziadan güclü olub. O, rəqibini 5:0 (30:27, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edib. Rüstəmov çempionluq uğrunda Eduard Savvinlə (Rusiya) qarşılaşacaq.

Nəbi İsgəndərov ardıcıl üçüncü görüşündə də inamlı qələbə qazanıb. Boksçu final yolunda Abdulhakim Akramı (Seyşel adaları) rinqdən məyus yola salıb. Gəncə boks məktəbinin yetirməsi bu dəfə ikinci raundda tam üstünlüklə qalib gəlib. İsgəndərov finalda Tarxan İdiqovla (Rusiya) üz-üzə gələcək.

Alfonso Dominqes də qızıl medal uğrunda döyüşə vəsiqə qazanıb. Dünya çempionu yarımfinalda Endi Lesmesdən (İspaniya) üstün olub. O, rəqibini 4:1 (29:28, 29:28, 27:30, 29:27, 29:28) hesabı ilə məğlub edib. Dominqes də komanda yoldaşları kimi, həlledici görüşdə Rusiya təmsilçisi ilə qarşılaşacaq. Onun rəqibi Şarabutdin Atayev olacaq.

Azərbaycan yığmasının digər boksçuları Məsud Yusifzadə (51 kq) və Sərxan Əliyev (71 kq) turniri bürünc medalla başa vurublar. Onlar yarımfinalda müvafiq olaraq, Martin Molina (İspaniya) və Stiv Kulenquluka (Konqo Demokratik Respublikası) məğlub olublar.

Qeyd edək ki, 34 ölkədən 201 boksçunun (119 kişi, 82 qadın) qatıldığı yarışda final döyüşləri fevralın 10-da olacaq.