Boksçumuz Avropa birinciliyində medalı təmin etdi
Azərbaycan seçməsinin üzvü Kənan Babayev Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında keçirilən Avropa birinciliyində növbəti döyüşünü keçirib.
Sportline.az xəbər verir ki, ölkə çempionu 1/4 finalda Gürcüstanı təmsil edən Oruc Əhmədovla qarşılaşıb.
İlk görüşündə türkiyəli Telet Yağlını mübarizədən kənarlaşdıran boksçumuz ikinci döyüşünü də aktivinə yazıb. 48 kq çəki dərəcəsində qüvvəsini sınayan Babayev rəqibinə 5:0 (29:28, 30:27, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gəlib.
Kənan bu qələbə sayəsində yarımfinala yüksəlməklə yanaşı, özü üçün ən azı bürünc medalı da təmin edib. O, aprelin 20-də təşkil olunacaq 1/2 finalda irlandiyalı Tedi Coysla münasibətinə aydınlıq gətirəcək.
Qeyd edək ki, yarışda daha 2 boksçumuz 1/4 final döyüşünə çıxacaq.