"Böyük dəbilqə" turnirində ilk günün nəticələri

Heydər Əliyev adına İdman Sarayında keçirilən “Böyük dəbilqə” turnirinin ilk günündə bir cüdoçumuz fəxri kürsüyə qalxıb. 

Sportline.az xəbər verir ki, təcrübəli idmançımız  Nicat Şıxəlizadə yarışın gümüş medalını qazanıb. 66 kq çəki dərəcəsində mübarizə aparan Nicat finalda Moldova təmsilçisi Denis Vieru ilə görüşdən məğlub ayrılıb.

İlk yarış günündə kişilər 60 kq və 66 kq, qadınlar isə 48 kq, 52 kq və 57 kiloqram çəki dərəcəsində qüvvələrini sınayıblar.

Qadınların yarışında İspaniya təmsilçisi Laura Martinez (48 kq), fransalı Amadine Buçxard (52 kq) və Braziliya idmançısı Rafaela Silva (57 kq) qalib olub.

Kişilərdən isə braziliyalı Felipe Kitadai (60 kq) və moldovalı Denis Vieru qızıl medal qazanıb.

Qeyd edək ki, 56 ölkədən 431 cüdoçunun yarışdığı turnirə mayın 12-də yekun vurulacaq.