Braziliya millisindən turnirlə bağlı yeni qərar
Braziliya millisi Amerika kuboku ilə bağlı qərarını dəyişib.
Sportline.az xəbər verir ki, bu barədə yığmanın qapıçısı Alisson Bekker öz sosial şəbəkə hesablarında açıqlama yayıb. O, bu il Braziliyada keçiriləcək turnirdə oynamaq qərarına gəldiklərini bildirib:
"Braziliyalı insan azarkeş kimi doğulur. Müxtəlif - humanitar və ya peşəkar səbəblərdən, Amerika Kubokunun istər Çilidə, istərsə də Braziliyada keçirilməsindən narazıyıq. Bu müzakirəni heç vaxt siyasi formada etmək istəmədiyimizi vurğulamaq vacibdir. Mövqeyimizin əhəmiyyətini bilirik, mediada və sosial şəbəkələrdə yazılanları izləyirik. Etibarlı faktlar olmadan bizimlə əlaqəli yalan xəbərlərin yayılmasının qarşısını almağı da təbliğ edirik. Ancaq peşəkar futbolçu olduğumuzu unutmamalıyıq. 5 qat dünya çempionu, nəhəng tarixə sahib komandanın sarı və yaşıl rəngli formasını geyinmək missiyamızı başa çatdırmaq fikrimiz var. 2021-ci ildə keçiriləcək Amerika kubokuna qarşıyıq, amma heç vaxt Braziliya millisində oynamaqdan imtina etməyəcəyik".
Daha əvvəl millinin oyunçularının Braziliya Futbol Federasiyasının rəhbəri Rojerio Kaboklo ilə danışıqlarda kubokda iştirakdan və ya yarışdan imtina imkanını müzakirə etdikləri bildirilmişdi.
Qeyd edək ki, Amerikanın Kuboku yarışını Kolumbiya və Argentina qəbul etməli idi. Mayda CONMEBOL Kolumbiyanı ölkədə kütləvi etirazlara görə yarışın keçirilməsi hüququndan məhrum edib. Ötən ayın sonunda təşkilat elan edib ki, Argentina da matçları qəbul edə bilməyəcək. Buna ölkədəki koronavirus pandemiyası səbəb olub. Amerika Kuboku Braziliyada iyunun 13-dən iyulun 10-a qədər keçirilməlidir.