Bu gün “Qarabağ”ın hər üç rəqibinin oyunu var

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibləri bu gün daxili çempionatlarında növbəti oyunlarına çıxacaqlar.

Sportline.az xəbər verir ki, bu həftə “Qarabağ”ı öz meydanında məğlub etmiş “Frayburq” Bundesliqada “Borussiya”nı (Münhenqladbax) qəbul edəcək. Görüş Bakı vaxtı saat 19:30-da başlanacaq.

Qeyd edək ki, “Frayburq” hazırda 5 oyundan 12 xalla 3-cü yeri tutur. Lider “Bavariya” isə 6 oyundan bu qədər xal toplayıb. “Frayburq”un bugünkü rəqibi “Borussiya” 8 xalla 8-ci yerdə qərarlaşıb.

Gələn həftə “Qarabağ”la Bakıda qarşılaşacaq “Nant” isə Fransa Liqa-1-in 7-ci turunda “Lorient”in qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.  “Nant” 6 oyundan 6 xalla 13-cü, “Lorient” isə 6 oyunda 13 xalla 5-cidir.

“Qarabağ”ın digər rəqibi “Olimpiakos” isə Yunanıstan superliqasının 4-cü turunda “Volos”u qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 19:30-da başlanacaq. “Olimpiakos” 3 oyundan 7 xalla 5-ci, “Volos” isə 4 xalla 8-ci pillədədir.

Xatırladaq ki, “Qarabağ” özü də bu gün Azərbaycan Premyer Liqasında növbəti oyuna çıxacaq. Ağdam təmsilçisi 6-cı turda “Sabah”la qarşılaşacaq.