"Bu stadionda oynamaq xəyalım idi" - Vadji
"Qarabağ"dan "Sent-Etyen"ə transfer olunan İbrahima Vadji Fransa klubuna keçidi barədə danışıb.
Sportline.az Fransa mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu Liqa 2 təmsilçisinə gəldiyi üçün xoşbəxt olduğunu deyib:
“Buradakı hər şey həqiqətən də gözəldir. İlk dəfə mənə "Sent-Etyen"ə keçmək haqqında danışanda inanmadım. Lakin məşqçi və komandanın futbolçusu Loik Perrin məni inandırdılar. "Sent-Etyen" bütün seneqallı futbolçular üçün xəyaldır. Mən "Sent-Etyen"in Liqa 1-dəki oyunlarını izləmişəm. Bu stadionda oynamaq mənim xəyalım idi".
Qeyd edək ki, Vadji 2021-ci ildən Ağdam təmsilçisində oynayırdı. "Qarabağ" bir neçə gün əvvəl futbolçunu 1 milyon 600 min avro qarşılığında "Sent Etyen"ə satıb. Bu, futbol tariximizin ən bahalı transferidir.