Buruk Qurbanovun ünvanına xoş sözlər söylədi, Bayramovun transferi ilə bağlı dedi ki...

"Qalatasaray"ın Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Toral Bayramovu transfer etmək istədiyi ilə bağlı Türkiyənin Demirören Xəbər Agentliyinin məlumatı Azərbaycan idman mediasının gündəminə “bomba” kimi düşdü, sosial şəbəkələrdə əsas müzakirə mövzularından birinə çevrildi.

Sportline.az xəbər verir ki, Sportinfo TV-nin "Futbol söhbəti" verilişinin aparıcısı Elçin Cəfərov bununla bağlı “Cim-Bom”un baş məşqçisi Okan Burukla əlaqə saxlayıb, transfer xəbərinə münasibət bildirməsini xahiş edib.

“Qalatasaray”lı mütəxəssis tanınmış aparıcı-ekspertlə söhbətində deyib ki, hazırda transfer siyahılarında Azərbaycandan hər hansı bir futbolçu yoxdur.

Bildirib ki, “Qarabağ”ın Avropa arenasında çıxışını böyük maraqla izləyir və komandada diqqət çəkən bir neçə nəfər var:

“Qurban Qurbanov mükəmməl işlər görməkdə davam edir. “Qarabağ”da dediyiniz futbolçuya indiyədək marağımız olmayıb, amma gələcəkdə ola bilər.

Skautlarımız Azərbaycan komandalarının oyunlarını çox diqqətlə izləyir. Amma hazırda belə bir təklifimiz yoxdur”.