"Çelsi"də fantastik islahatlar: 15-ə yaxın futbolçu komandadan ayrıla bilər

"Çelsi" Mauritsio Poçettinonun təyinatından sonra heyətində əsaslı dəyişiklik etməyi planlaşdırır.

Sportline.az xəbər verir ki, yeni baş məşqçinin gəlişindən sonra klub əvvəlki iki transfer pəncərəsindən sonra 30 nəfəri keçən heyətin sayını azaltmaq niyyətindədir. Klub 15-ə yaxın futbolçunun komandanı tərk edəcəyinə ümid edir.

"Çelsi"nin Pyer-Emerik Obameyanq , Hakim Ziyeş, Kristian Pulişiç , Eduar Mendi və Kallum Hudson-Odoini tərk edəcəyi böyük ölçüdə bəllidir. Kalidu Kulibali, Sesar Aspilikueta və Nqolo Kantenin taleyi isə şübhə altındadır.

Mateo Kovaçic, Konor Qallager, Trevo Çalob və Ruben Loftus-Çek ilə müxtəlif klublar maraqlanır. “Mançester Yunayted”, “Liverpul” və “Arsenal”ın axtardığı Meyson Maunt da “Çelsi”ni tərk edə bilər.

Ümumilikdə "Çelsi" bu futbolçulara 259,5 milyon funt-sterlinq (təxminən 300 milyon avro) xərcləyib. Klub onlar üçün təxminən 280 milyon funt-sterlinq (təxminən, 325 milyon avro) almaq istəyir.

Joan Feliş və Denis Zakaria isə icarə müqavilələri bitdiyindən müvafiq olaraq "Atletiko" (Madrid) və "Yuventus"a qayıdıblar.