Çexiyalı karateçilər Bakıda
Çexiyanın Libereç şəhərinin karate klubunun bir neçə məşqçisi və idmançısı Bakının "Qaraqaplan” klubunun dəvəti ilə paytaxtımızın qonağı olub.
SportLine.az Azərbaycan Karate Federasiyasına istinadən xəbər verir ki, Libereç şəhər karate klubunun baş məşqçisi Petra Piskaçovanın və onun köməkçisi Hana Dostalovanın rəhbərlik etdiyi heyətdə 12 uşaq, yeniyetmə və gənc idmançı yer alıb. Çexiyalı karateçilər bir həftə ərzində "Qaraqaplan” klubunun və Azərbaycan milli komandasının baş məşqçisi Şahin Xudaverdiyev, eləcə də klubun digər məşqçiləri Cahangir Babayev və Seymur Xudaverdiyev ilə birgə müxtəlif zallarda, həmçinin yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyevin rəhbərliyi ilə seçmə komandanın məşqlərində iştirak edərək təcrübə toplayıblar.
İlk dəfə Azərbaycanda olan çexiyalı idmançılar səfərdən çox məmnun qaldıqlarını, dünyada xüsusi yeri olan Azərbaycan karatesindən, eyni zamanda, Şahin Atamov, Ayxan Mamayev, Asiman Qurbanlı, Tale Yaqubov, Nuranə Əliyeva, İlahə Qasımova, Fidan Teymurova, Mədinə Sadıxova və Ayla Rzazadə kimi dünya və Avropa çempionatlarının qalib və mükafatçılarını yetişdirən "Qaraqaplan” klubunun on illərlə qazandığı təcrübədən yararlanmaq imkanını yüksək qiymətləndiriblər.
Hər il Bakıya səfər etməyi planlaşdırdıqlarını deyən Libereç klubunun baş məşqçi P.Piskaçova "Qarqaplan” klubunun seçmə heyətini Çexiyaya dəvət edib.
Çexiyalı karateçilərlə böyük həvəslə çalışdıqlarını qeyd edən Ş.Xudaverdiyev belə görüşlərin iki ölkənin idmançı gənclərində böyük marağa səbəb olduğunu, onların arasında dostluq əlaqələrinin yaranmasından məmnunluğunu və hər zaman təcrübədə qazanılan uğurları bölüşməyə hazır olduğunu söyləyib.
Qeyd edək ki, Libereç və "Qaraqaplan” klubları arasında dostluq münasibətləri artıq iki ildir yaranıb. Ötən il Şahin Xudaverdiyev və Şahin Atamov çexiyalı karateçilərin dəvəti ilə Libereçdə yerli idmançılara seminar keçiblər.