ÇL: Həftənin ən yaxşısı adına namizədlər

UEFA Çempionlar Liqasında 1/2 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Sportline.az xəbər verir ki, bu ada İngiltərənin "Çelsi" klubundan N Qolo Kante ilə Kay Haverts, "Mançester Siti"dən isə Ruben Diasla Riyad Mahrez iddia edir.

Kante evdə İspaniyanın "Real Madrid" komandasını 2:0 hesabı ilə məğlub etdikləri oyunda 88 faiz dəqiq ötürmə ilə oynayıb. Haverts həmin matçda məhsuldar ötürmə ilə yadda qalıb.

Mahrez Fransa PSJ-sini eyni hesabla yendikləri görüşdə hər iki qolun müəllifi olub. Dias isə 92 faiz dəqiq ötürmə verib və iki dəfə rəqib oyunçu ilə mübarizədən qalib ayrılıb.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.