Cüdoçumuz dünya çempionatının finalında

Bu gün Mərakeşin Marrakeş şəhərində gənclər arasında cüdo üzrə dünya çempionatı start götürüb.

Sportline.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan millisinin 5 idmançısı mübarizəyə başlayıb.

60 kq çəkidə çıxış edən Rövşən Əliyev ilk görüşdə Xakberdi Cumayevə (Türkmənistan) uduzub. Eyni çəkidə yer alan Əhməd Yusifov isə ardıcıllıqla Cehu Cin (Cənubi Koreya), Oleq Veredıba (Ukrayna) və Salih Yıldızı (Türkiyə) məğlub edərək yarımfinala yüksəlib. O, finala gedən yolda Aybek Uulu Kubanıçbeki (Qırğızıstan) vazari ilə məğlub edib. Yusifov həlledici görüşdə Konstantin Simeonidislə (Rusiya) üz-üzə gələcək.

66 kq çəkidə çıxış edən İbrahim Əliyev Riçard Marin (ABŞ), Andres Pariç (Venesuela) və Mark Latisevi (Moldova) üstələyərək 1/4 finala çıxıb. Burada Villian Limaya (Braziliya) uduzan yığma üzvü təsəlliverici görüşdə İsmayıl Misirov (Rusiya) ilə qarşılaşacaq.

Eyni çəkidə mübarizə aparan Davud Abaslı Arse Avedisyan (Ermənistan) və Reduan Drisə (Əlcəzair) qalib gəlsə də, Takeşi Takeoke (Yaponiya) ilə bacarmayıb.

Qızların yarışından 52 çəkidə yer alan Gültac Məmmədləiyeva isə ilk görüşdə Federika Silveriyə (İtaliya) məğlub olub.

Qeyd edək ki, dünya çempionatına 81 ölkədə 294-ü oğlan, 223-ü qız olmaqla 517 cüdoçu qatılıb. Azərbaycan millisi yarışda 9 oğlan və 2 qız idmançı ilə təmsil olunur.