De Byazi qərarını açıqladı

Seçmə komandamızın baş məşqçisi Canni De Byazi millinin toplanışına görə UEFA Konfrans Liqasının final görüşünə yollana bilməyəcək.

Sportline.az xəbər verir ki, 66 yaşlı mütəxəssis bu barədə "Panorama" nəşrinə müsahibəsində bildirib.

İtaliya baş məşqçi mayın 24-də seçmə komandanın UEFA Millətlər Liqası oyunları üçün hazırlıq prosesinin başlayacağını deyib: "Hətta tarixlərlə bağlı planlaşdırma aparmışdım və Albaniyaya gedəcəyimə iki ay əvvəl əmin idim. Amma hazırlıq prosesimizin gündəliyini görəndə təbii ki, bir az məyus oldum".

De Byazi Tiranadakı 22 500 tamaşaçı tutumuna malik Milli Arenada keçiriləcək qarşılaşmadan ötrü ona bilet üçün zənglərin edildiyini diqqətə çatdırıb: "Hətta məndən 5 bilet istəyən də olub. Ona dedim ki, illərdir Albaniyadan uzaqda olduğum halda mənə belə xahişlə müraciət etməyiniz inanılmazdır. Üstəlik, stadionun tutumu ilə bağlı böyük mübahisə var. Əslində, belə görüşlər üçün bu, həqiqətən də kiçik ola bilər".

Qeyd edək ki, mayın 25-də keçiriləcək UEFA Konfrans Liqasının finalında İtaliyanın "Roma" və Niderlandın "Feyenoord" komandaları münasibətləri aydınlaşdıracaqlar.