Dzyubanın yerinə canlı yayıma başqası qoşuldu
Rusiyanın "Matç Tv" kanalında “Mövzu var!” verilişinin efirində maraqlı anlaşılmazlıq baş verib.
Sportline.az xəbər verir ki, verilişin aparıcıları "Zenit"i tərk edəcək hücumçunun gələcəyini müzakirə ediblər. Veriliş zamanı aparıcı Artyom Anisimov Dzyubaya zəng etmək qərarına gəlib və telefonda saxladığı nömrəni yığıb. Nömrə isə futbolçunun yox, tamam başqa bir adamın olub.
Həmin dialoqu təqdim edirik:
- Salam, Artyom, bu, Artyom Anisimovdur, "Mövzu var!" verilişindən. Biz indi canlı efirdəyik. Artyom, zəhmət olmasa, gələcəyiniz haqda danışın. Nə gözlənilir? Növbəti mövsüm sizi hansı klubda görə bilərik?
- Gələcəyim parlaq və gözəl olacaq.
- Harada və hansı klubda olacaq?
- Hansı klubda olacaq... Bilmirəm, yəqin ki, qaydasız döyüşlə məşğul olacağam. Yəqin ki, M-1.
Bir müddət sonra aparıcı Anisimov canlı yayımda danışdığı şəxsin “Zenit”in forvardı olmadığını etiraf edib.