Ermənistan millisinin baş məşqçisi tarixi məğlubiyyətə görə üzr istəyib

Futbol üzrə Ermənistan millisi yoldaşlıq oyununda böyük hesabla uduzub.

Sportline.az xəbər verir ki, səfərdə Norveç yığması ilə qarşılaşan Xoakin Kaparrosun baş məşqçi olduğu kollektiv qapısından 9 cavabsız top buraxıb.

Ermənilər 17-ci dəqiqədə azlıqda qalıblar. Arman Ohanesyan qırmızı vərəqə alaraq meydandan qovulub. Norveçin heyətində qolları Coşua Kinq (3), Erlinq Holann (2), Aleksandr Sörlot (2), Kristian Torstvedt və Mats Deli vurublar.

Bu, Ermənistan seçməsinin tarixində ən ağır məğlubiyyətdir. Kaparros qarşılaşmadan sonra keçirilən mətbuat konfransında nəticəyə görə üzr istəyib: "Hesab hər şeyi deyir. Rəqib bizdən güclü idi. Məğlubiyyətdə futbolçumuzun meydandan qovulmasının da rolu var idi. Fikrimcə, bu, sərt qərar idi. O andan etibarən komandamız sanki meydanda yox idi. Məsul şəxs kimi azarkeşlərimizdən üzr istəməliyəm".