Fərhad Eyyubov: "Biz ikinci ayağımızı stadionda tapmışıq"
"Biz ikinci ayağımızı stadionda tapmışıq".
Bunu Sportline.az saytına müsahibəsində amputant futbolçumuz, Qarabağ qazisi Fərhad Eyyubov Azərbaycan və Türkiyə amputant komandaları arasında keçirilən qardaşlıq oyunu barədə danışarkən deyib.
Eyyubov bildirib ki, türkiyəli futbolçular Azərbaycana heyran qalıblar: "Türkiyəli qardaşlarımız Bakıya gələndə biz onları yüksək səviyyədə qarşıladıq. Onlara qonaqpərvərliyimizi nümayiş etdirdik. Onları Bakıda gəzdirdik. Azərbaycana heyran qaldılar.
Oyunun təşkili üçün demək olar ki, vəsait sərf etmədik. Sağ olsun Milli Məclisin sədr müavini Adil Əliyev, AFFA, Gənclər və İdman Nazirliyi, ANAMA, müxtəlif şirkətlər bizə hər cür dəstək oldular: həm maddi, həm də mənəvi. ASK Arenada Türkiyə komandası ilə oyuna çıxdıq. Onsuz da nəticənin bir əhəmiyyəti olmayacaqdı. Amma görüş də sülhlə, yəni heç-heçə ilə yekunlaşdı. Hesab 2:2 oldu. Qardaşlıq qazandı.
Oyunda qayda belədir ki, 1 əli olmayanlar qapıçı olurlar, 1 ayağı olmayanlar isə digər mövqelərdə çıxış edirlər. Bizim məqsədimiz qaziləri cəmiyyətə, idmana qazandırmaqdır.
Hətta onu da qeyd edim ki, Milli Məclisin sədr müavini Adil Əliyev sonradan elə Milli Məclisdə bizi və Türkiyə seçməsini qəbul etdi, səmimi görüşdə uğurlar arzuladı. Bundan sonra nazirlik, AFFA, ANAMA rəsmiləri bizə həmişə dəstək olacağını, amputant futbolun inkişafı üçün əllərindən gələni edəcəklərini bildirdilər".