Fernandu Santuş hədiyyə gözləyir
"İnanıram ki, sabahkı matçda futbolçularımın qələbəsi mənə ad günü hədiyyəsi olacaq".
Sportline.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Estoniyaya qarşı keçirəcəkləri Millətlər Liqasının oyunundan öncə baş tutan mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssis sabahkı oyunda qələbəyə kökləndilərini bildirib:
“Bu gün mənim doğum günümdür. Ad günümü təbrik edən hər kəsə öz təşəkkürümü bildirirəm. İnanıram ki, sabahkı matçda futbolçularımın qələbəsi mənə ad günü hədiyyəsi olacaq. Uzun illərdir ki, futbolun içərisindəyəm və baş məşqçi kimi fəaliyyət göstərirəm. Mənə işləməyimdə motivasiya verən səbəblər çoxdur. Azərbaycanda futbola marağın böyük olduğunu gördüm və bu səbəbdən burada işləmək mənə xoşdur”.
Qeyd edək ki, Estoniya - Azərbaycan qarşılaşması oktyabrın 11-də, Bakı vaxtı ilə saat 20:00-da “Lilleküla” stadionunda keçiriləcək.