Hacı Əliyev: "Finalda mənə qarşı hakim qərəzi var idi"

"Çox sevinirəm ki, olimpiadanın gümüş medalını qazandım. Sözsüz, "qızıl"a çox az qalmışdı. Şükürlər olsun ki, medalsız qayıtmadım".

Sportline.az xəbər verir ki, bu fikirləri Tokio-2020 Yay Oyunlarında gümüş medal qazanan Azərbaycan güləşçisi Hacı Əliyev (65 kq) Heydər Əliyev aeroportunda jurnalistlərə açıqlamasında deyib.

3 qat dünya və 3 qat Avropa çempionu ona dəstək verən insanlara minnətdarlığını bildirib: "Allah hamıdan razı olsun. Bu uğurlarımda çox insanın payı var. Hamısına təşəkkür edirəm".

30 yaşlı idmançı yaponiyalı Takuto Otoquroya qarşı final görüşündə hakim qərəzinin olduğunu söyləyib: "Əlbəttə, belə bir şey var idi. Hamı gördü ki, orada mənə qarşı bir az haqsızlıq oldu. Bu barədə yaxın vaxtlarda geniş danışacağıq".

Əliyev 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Oyunlarda iştirakının sual altında olduğunu vurğulayıb: "Bir az istirahət etdikdən sonra tam qərar verəcəyəm. Tokio olimpiadasındakı qələbə münasibətilə xalqımızı təbrik edirəm. Bu, hamımızın zəfəridir".