Hidayət Heydərov "bürünc" qazandı

Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirində Azərbaycan təmsilçisi Hidayət Heydərov medal qazanıb. SportLine.az xəbər verir ki, idmançımız fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. 

73 kq çəki dərəcəsində mübarizə aparan 21 yaşlı idmançı mübarizəyə 1/16 finaldan başlayıb. O, ardıcıllıqla avstriyalı Lukas Reyter, rusiyalı Feliks Qaluayev və iranlı Məhəmməd Məhəmmədiyə qalib gəlib. 

Lakin Heydərov yarımfinalda cənubi koreyalı Çanqrim Ana uduzub. Bununla belə, o, bürünc medal uğrunda montoneqrolu Nikoloy Qusiçi yenərək, fəxri kürsünün üçüncü pilləsinə yüksəlməyi bacarıb. 

Qeyd edək ki, Azərbaycan yığması Qran Priyə 10 cüdoçu ilə yollanıb. İlk yarış günündə mübarizə aparan 5 idmançıdan heç biri medal qazana bilməyib.