İki ölkə FİFA-dan kənarlaşdırılır

Martın 31-də Dohada (Qətər) FİFA-nın illik Konqresi keçiriləcək.

Sportline.az xəbər verir ki, iclasın gündəliyinə digər məsələlərlə yanaşı, “üzvlüyün dayandırılması və ya assosiasiyadan çıxarılması” kimi bənd də daxil edilib.

Xarici KİV-lərin yazdığına görə, bu bənd Zimbabve və Keniya futbol federasiyalarına aid edilə bilər. Bu ölkələrin hökumətləri yerli federasiyaların işlərinə qarışdığına görə onlar müvəqqəti olaraq FİFA-nın daimi üzvü kimi fəaliyyət göstərmək hüququndan məhrum ediliblər. Həmin Federasiyaların üzvlüyünün dayandırılması məsələsi nizamnamədə nəzərdə tutulduğu kimi fevral ayında FİFA Şurası tərəfindən operativ şəkildə həll edilib. Bununla bağlı Konqresin iclasında müzakirə aparılacaq.

Rusiya mətbuatı isə narahatdır ki, onların Futbol İttifaqı da FİFA üzvlüyündən xaric edilə bilər. Hazırda Rusiya komandaları FİFA və UEFA yarışlarından kənarlaşdırılıb. Əgər Rusiya FİFA üzvlüyündən də çıxarılarsa, bu halda onlar tam olaraq dünya futbolundan təcrid olunacaq, hüquqi və turnirlər mənasında bütün əlaqələr qırılacaq.