"İrəli"nin sədrinə karate federasiyasında vəzifə verilib
Azərbaycan Milli Karate Federasiyasının (AMKF) baş katibi vəzifəsinə yeni təyinat olub.
Sportline.az xəbər verir ki, bu barədə "Report"a AMKF prezidenti Yaşar Bəşirov bildirib. O deyib ki, məsul post "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidova həvalə olunub.
M.Seyidovun gəlişinədək baş katib vəzifəsində çalışmış Mir-Cabbar Seyidov isə bundan sonra məsul katib vəzifəsində çalışacaq. Yeni və əvvəlki baş katiblərin soyadları eyni olsa da, onların qohumluq əlaqələri yoxdur.
Qeyd edək ki, Mirhəsən Seyidov 15 iyul 1989-cu ildə Sumqayıt şəhərində anadan olub. O, 2014-cü il iyunun 27-də "İrəli” İctimai Birliyinin sədri, 2015-ci il mayın 29-da isə İctimai Televiziya və Radio Yayımları Şirkətinin 6 il müddətinə Yayım Şurasının üzvü seçilib.